GündəmManşet

İranlı politoloqdan iddia: “Tehran Bakı ilə ona görə şirin danışır ki, şiə soyqırımı istəmir”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan özünün Tvitter hesabında Azərbaycan XİN başçısı Ceyhun Bayramovla apardığı telefon danışıqları ilə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, iranlı nazir qeyd edib ki, danışıqlar uğurlu alınıb.

O deyib ki, İran və Azərbaycan çox ortaq nöqtələri olan iki qonşu müsəlman ölkəsidir. “Həmkarım Ceyhun Bayramovla əhatəli əlaqəlıərin və münasibətlərin inkişaf etdirilməsi üçün yol xəritəsi haqqında səmimi və yaradıcı bir görüş keçirdik. İki hökumət və iki xalq arasındakı əlaqələr qarşılıqlı anlaşma və hörmətə əsasən inkişaf etdiriləcək”.

Bu əsnada, İran mediası nazirin dediklərindən fərqli olaraq, Azərbaycan haqqında tənqidlərini dayandırmır. O həqiqətdir ki, İran mediası hakimiyyətin nəzarəti altındadır və onların özbaşına Azərbaycan məsələsinə bu şəkildə yanaşması göstərişin əlamətidir.

İranda tanınan politoloqlardan olan Emad Abşenas daha bir məqalə ilə çıxış edib. Məqaləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-İran münasibətləri ilə bağlı sözlərinə qarşı hazırlanıb. Politoloq hesab edir ki, Səfəvi imperiyası İran dövləti olub və həmin zaman əldə edilmiş bütün torpaqlar da İranın olub. Bu yanaşma ilə Aşenas bir qədər də irəli gedərək, Türkiyənin Suriya sərhədlərinə qədər böyük bir ərazisinin İrana məxsus olduğunu, 1514-cü il Çaldıran döyüşündən sonra əldən çıxdığını yazıb.

İranlı siaysətşünas Azərbaycanla bağlı məsələyə də toxunub. Bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanın faktiki əraziləri 1813 və 1828-ci illər Gülüstan və Türkmənçay müqaviləsi nətiəcəsində İranın əlindən çıxıb. Bu azmış kimi, Abşenas bir qədər də irəli gedərək, “Azərbaycan xalqı bütünlüklə iranlı etnik qruplardır” iddiasını edib. “Orada bir çox insanların beynində aparılan bütün tarixi təbliğata və beyin yuyulmasına baxmayaraq, daxildə hələ də hər kəs öz kökləri ilə, yəni İranla maraqlanır”.

Politoloq bu sözlərindən sonra qeyd edib ki, İranın Azərbaycanla mövcud firki ayrılıqlarının diplomatik kanallarla həll etməyə çalışması, heç də Ərdoğan və bəzilərinin dediyi kimi, İrandakı Azərbaycan türklərindən qorxması ilə bağlı deyil. “Bu yanaşma məhz İrandakı Azərbaycan türkllərinə olan 100 faizlik əminlikdən irəli gəlir. Ən vacib səbəb isə iranlıların həmvətənlik nümayiş etdirməsi və şiə soyqırımı istəməməsidir. Bu gün istər Ərdoğan, istərsə də Əliyev öz sözlərini demirlər. Bu sözləri onlara dedizdirirlər. Elə ona görə də, İrana dərs olsun ki, milli maraqlarını hisslərə bir də qurban verməsin”.

Abşenas yazısının sonunda qeyd edib ki, “düşmənin dostu” anlayışını qəbul etmək və bunu icra etmək lazımdır. “Bugünkü dünya siyasətində əbədi dost və ya əbədi düşmən anlayışı yoxdur. Hər kəs həm dostdur, həm də düşməndir. Əgər dostluq düşmənçilik yolunda inkişaf etsə, dərhal qarşısı alınmalıdır. Ona görə də, İran israillilərin Azərbaycanda kök salmasını gözləməməlidir. Yoxsa, sonra “bəs, indi nə edək” demək məcburiyyətində qalacaq”.

P.S. Emad Abşenasın Azərbaycan torpaqlarına iddia etməsi, Azərbaycanın “müstəqil” yanaşma sərgiləmədiyini, habelə Azərbaycan əhalisinin hamısının “iran etnik qrupu” olduğunu deməsini hardasa “başa” düşürük. Hərçənd ki, bu qətiyyən qəbul edilən deyil. Və iranlı politoloqun siyasi bisavadlığından xəbər verir. Bizə maraqlı olan odur ki, iranlı politoloq hansı “şiə soyqırımı”ndan bəhs edir?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button