Zakir Fərəcovun adı daha bir qalmaqala qarışıb-8 MİLYON MANAT ÖDƏNİLMƏYİB

Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı daha bir qalmaqala qarışıb. JAMAZ.İNFO Azel.tv-yə istinadən xəbər verir ki, bu dəfəki qalmaqal yerli iş adamlarından biri ilə icra başçısı arasında yaşanır və külli miqdarda pul üstündə başlayıb.  

İcra başçısı pulu ödəməkdən imtina edir

Həmin məlumatda deyilir ki, Zakir Fərəcov Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işlərini görən şirkət və işçilərin pullarını kəsərək, onların haqlarını ödəməkdən boyun qaçırır. Həmin işləri görən iş adamlarından biri də bu qəbildən olan işləri reallaşdırdıqdan sonra pullarını tələb etsə də, cavabında "yox" sözü eşidib. Nəticədə yüzdən çox fəhlənin, onlarla mal və material satan dükan sahiblərinin, habelə bu işlərin görülməsində əməyi keçən şəxslərin pullarını ödəmək mümkünsüzə çevrilib. Elə bu səbəbdən də bir qrup iş adamı və pullarını ala bilməyən insanlar Sumqayıtın icra başçısının qəbuluna düşməyə çalışır və ondan haqlarını tələb etmək fikrindədir. İddia edilir ki, Fərəcov məsələdən xəbər tutaraq, qəbulu dayandırıb.

“Mənə pul vermirlər”

Azel.tv-nin yaydığı məlumata görə, Zakir Fərəcov vəziyyətdən çıxmaq üçün maraqlı bir vasitəyə əl atıb. "Zakir Fərəcov pulları geri qaytarmamaq üçün bu dəfə günahı Prezident Admnistrasiyasının üzərinə atmağa çalışır. Belə ki, icra başçısı "Yuxarılar mənə pul vermir, bu qədər abadlıq işlərini mənə pulsuz etdirirlər. Bu boyda yükü mənim çiynimə qoyublar. Bəs, mən nə etməliyəm?” deyə vəziyyətdən çıxmağa çalşır".

624 işçi çarəsiz qalıb

Məlumatda deyilir ki, Sumqayıtda abadlıq işlərini həyata keçirən iş adamlarından biri isə Zakir Fərəcovun qəzəbinə tuş gəlib. İddiaya görə, həmin iş adamı gördüyü işin pulunu istəyib və sözügedən məbləği verməmək üçün icra başçısı onu həbs etdirib. Ortada isə bir neçə milyon manatdan söhbət gedir. "Pulun ödənilməməsi səbəbindən 624 işçi zəhmət haqlarını ala bilməyiblər. Onlar da məcburiyyət qarşısında qalaraq, Prezident Admnistrasiyasının qarşısına toplaşaraq, rəsmi şəxslərlə görüşüb, problemlərinin həllinə yardımçı olmalarını istəmək fikrindədirlər".

Şirkətlə Fərəcov arasında nə baş verir?


Məsələ ilə bağlı borclu şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, həqiqətən də Sumqayıtın icra başçısı Zakir Fərəcovla aralarında borc məsələsi var. Və bu borc heç də kiçik rəqəmlərlər ifadə olunmur.

Onların bildirdiyinə görə, hal hazırda icra başçısının onlara verəcəyi pulun məbləği 8 milyon manata yaxındır. Belə ki, Sumqayıtın girişinin və bulvarının tikintisi üçün bağlanılan müqavilənin dəyəri 12.6 milyon manat təşkil edir. Bir il müddətinə bitməsi nəzərdə tutulan layihənin tikintisi isə 6 aya tamamlanıb və 2016-cı ilin sentyabrında təhvil verilib. Həmin müddətə qədər iş adamlarına və prosesdə iştirak edən şirkətlərə isə cəmi 4.8 milyon manat pul ödənilib. Yerdə qalan 8 milyon manata yaxın pulun ödənilməsi isə bu günə qədər reallaşmayıb.

Şirkət rəhbərlərinin dediyinə görə, bununla bağlı dəfələrlə Zakir Fərəcovla görüşmək istəsələr də, istəkləri baş tutmayıb. Və icra başçısı onlara çatacaq pulu ödəməmək üçün müxtəlif vasitələrə əl atıb.

İş adamları bildirir ki, 3 ildən çoxdur pullarını ala bilmirlər və onların da görülən işlərlər əlaqədar 624 nəfərə yaxın işçiyə borcları yaranıb. Həmin işçilər də haqlı olaraq pullarını tələb edirlər. Lakin şirkətlər həmin pulu sahiblərinə ödəyə bilmirlər.

Onların sözlərinə görə, əlacları hər yerdən kəsildiyindən dövlət başçısına müraciət etmək qərarına gəliblər. “Cənab Prezidentə müraciət edərək, ondan kömək istəyirik. Yüzlərlə insanın haqqını yeyən icra başçısına qarşı tədbir görməsini xahiş edirik. Ümid edirik ki, zəhmətimizin haqqı olan həmin pulun alınaraq bizə verilməsinə Cənab Prezident yardımçı olacaq”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər