Yeni İqtisadiyat Nazirliyi necə fəaliyyət göstərəcək?

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzaladı.

Məlum olduğu kimi, fərmanla, iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.

Bu yenilikdən sonra nələr baş verəcək? Artıq cəmiyyətdə bu sual ətrafında düşünməyə başlayıblar.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az -a yenidən formalaşan İqtisadiyyat Nazirliyinin gələcək fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb:

"Ötən gün Prezident haqsız rəqabətlə bağlı olduqca sərt çıxış etdi. Haqsız rəqabəti "böyük yara” adlandırdı. Məmurların öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxardığını və bəzi hallarda hətta şərlədiyini qeyd edib. Sahibkarların məcbur olub ya bizneslərini satdıqlarını, ya da, sadəcə, biznesdən çıxıb getdiklərini vurğulayıb. Düşünürəm ki, çox ciddi, sərt mesajlardır. Yəqin ki, cavabdehlər üçün təsirsiz ötüşməyəcək.

Dünən həm də Prezident fərmanı ilə haqsız rəqabətə, inhisarçılara qarşı "vuruşmalı” olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mikayıl Cabbarovun rəhbərlik edəcəyi yeni nazirliyin tərkibinə daxil edib.

Bundan sonra bu qurum Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti olaraq fəaliyyət göstərəcək.

Ötən ilin aprelində Prezident istehlak bazarına nəzarət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratmışdı. Lakin ötən müddət göstərdi ki, bu qurum işləyə bilmədi. Onun heç əsasnaməsi və strukturu da təsdiqlənmədi və köhnə statusla fəaliyyət göstərdi. Ona görə də Prezident ötən gün imzaladığı fərmanla bu qurumu köhnə statusuna qaytardı və yeni təyin olunan nazirə bu sahədə ciddi addımların atılması üçün tapşırıq verdi.

Bir sıra dövlət qurumlarında, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir neçə - kommersiya, tənzimləmə və idarəetmə fuknksiyaları cəmləşib. Güman ki, digər sektrolarda da bu tip hallar var.

Yeni nazir Mikayıl Cababrov dövlət qurumlarının bu funksiyalarını ayıra biləcəkmi? Əlbəttə çox çətin görünür. Amma ortada Prezidentin siyasi iradəsi və qəti tapşırığı var. Buna əsasən ümid edirəm ki yaxın zamanlarda bu sahədə, rəqabətli mühitin formalaşmasında, məmur-deputat biznesinə son qoyulmasında ciddi irəliləyişlər olacaq”.

Osman Gündüz bir neçə aydan sonra telekommunikasiya sektorunda Müstəqil Tənzimləyici Qurumun yaradılması ilə bağlı Strateji Yol Xəritəsinin tələblərinin yerinə yetiriləcəyinə də ümüd etdiyini qeyd edib: "Ümid edirəm 3 çağırış parlamentin 13 il ərzində qəbul edə bilmədiyi (daha doğrusu biznesmen deputatların və məmurların rədd etdiyi) Rəqabət Məcəlləsi də yeni formalaşan İqtisadiyyat nazirliyinin səyi ilə qəbul ediləcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, yeni struktur üçün mühüm addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır:

"Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır. 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızınyeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər