Sosial

Yeni parkinq sistemi: Şərtlər qorxulu deyil… – Azı 10 il gecikmişik

Azərbaycanda bu gündən etibarən yeni parkinq qaydaları qüvvəyə minib. Ölkəmizdə ilk dəfədir ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Yeni qaydalara əsasən, nağd ödənişlər qanunsuz hesab olunur.

Müşahidələr göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi bəzi sürücülərin ürəyincə deyil. Buna səbəb kimi bir çox insanların hələ də onlayn ödəniş sistemindən istifadə etməməsi göstərilir. Bəs bu cür sürücüləri hansı problemlər gözləyir?

Jamaz.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı müəyyən vaxtdan sonra sürücülərin nağdsız ödənişə öyrəşəcəyini bildirib:

“İstənilən halda nəinki Azərbaycanda, dünyanın hər yerində tətbiq olunan yeniliklər cəmiyyət tərəfindən qəbul olunmur. İnsanlar uyğunlaşa bilmirlər. İlkin vərdişlər formalaşana qədər müəyyən vaxt keçir. Hətta münaqişələr, mübahisələr yaranır. Biz bu təcrübəni nəqliyyat sahəsində ilk dəfə kart sisteminə keçid zamanı gördük. İnsanlar həmin vaxt avtobusa ön qapıdan daxil olub, arxadan düşməyi qəbullana bilmirdilər. Dava-dalaş olurdu. İndi isə bu, mədəniyyətsizlik kimi qəbul olunur. Ona görə də, zaman keçdikdən sonra parkinqlə bağlı yeni ödəniş sisteminə alışacaqlar. Doğrudur, bəzi məsuliyyətsiz, müasir dünya ilə barışmayan, öz dünyası olan insanlar var. Bu gün ödəniş kartı olmayan insanlar da var. Halbuki kartla işləyən avtobuslarda kondisioner işləyir. Həmin avtobuslarda qışda isti, yayda sərin olur. Elə sərnişin var ki, karta nifrət edir, ya nədəndirsə, onu qəbul etmir.  Dayanacaqda durur, eyni istiqamətdə gedən kartla işləyən 5-6 avtobusu buraxır. Nəhayət, köhnə avtobusa minir ki, təki ödənişi qəpiklə etsin. İndi parkinqlə bağlı da belə davranan insanlar olacaq. Gedib 500 metr arxada saxlayacaqlar ki, təki burada elektron ödəniş sistemindən istifadə etməsin. Amma nə vaxt dindirsən, deyəcək ki, “başım çıxmır”. Ancaq heç vaxt cəhd etməyəcək ki, onlayn ödənişdən istifadəni öyrənsin”.

Ekspert yeni sistemin çox sadə olduğunu vurğulayıb:

“Azparkinq mobil tətbiqi istifadəyə verilib. Tətbiq kifayət qədər sadə funksiyalardan ibarətdir. İstifadəsi rahatdır. İnsanlar zamanla bunun səmərəsini, funksionallığını görəcəklər. Bu gün harasa gedəndə, evdən baxa bilirsiniz ki, həmin ərazidə parkinq yeri var, yoxsa yoxdur, qiymətlər necədir. Küçələrin adına qədər göstərilir. Təkcə, bron etmək mümkün deyil. Çünki bizim cəmiyyətdə bron məsələsi bir az qəlizdir. Bir də görəcəksiniz ki, hansısa dələduz səhər tezdən durub, bütün parkinqləri bron edib axşam baha qiymətə insanlara satacaq. Ona görə buna imkan yoxdur. Sadəcə məsafəni göstərir. Ola bilər ki, gələcəkdə qaydalarda müəyyən dəyişikliklər ortaya çıxsın. İş prosesində qüsurlar ola bilər. Ancaq bu gün üçün istifadəyə verilən imkanlar kifayət qədər normaldır. İrəli sürülən şərtlər qorxulu deyil, çox rahatdır”.

E.Muradlı qeyd edib ki, indiyə qədər Bakı şəhərində ay ərzində təxminən 1 milyon manata yaxın pul vəsaiti kimlərinsə cibinə axırdı:

“Qara əllər burada işləyirdi. Həmin qüvvələr puldan məhrum olurlar. Bunu asanlıqla qəbul etməyəcəklər.  insanları ayağa qaldırmağa çalışacaqlar. Qazilərlə, əlillərlə dövlət qurumlarını üz-üzə qoyacaqlar. Onlardan hər şey gözləmək olar. Biz buna hazır olmalıyıq. Amma niyə bu pullar dövlətin büdcəsinə yox, kimlərinsə ciblərinə getməlidir? Bu məsələlər artıq tənzimləndi. Mən demirəm ki, yeni parkinqlərin hamısını qiymət tətbiq etməklə ödənişli edək. Xeyr, ödənişsiz imkanlar da yaradılmalıdır və yaradılır. Mövcud dəyişiklikdən sonra bir nişan qoyub, ödənişli parkinq yaratdım deməklə də nəsə, olmur. Yeni parkinq yerlərinin yaradılmasına ehtiyac var.  Ərazidə işləyən insanları da mütləq nəzərə almaq lazımdır. Yol hərəkəti haqqında qanunun 53-cü maddəsində  ərazidə yaşayan insanlara ödənişsiz parkinq imkanlarının yaradılması nəzərdə tutulur. Ancaq ərazidə işləyən insanların məsələsi açıq qalır. Mən təklif edirəm ki, ödənişsiz olmasa da, parkinqlərə yaxın olan yerlərdə işçilərə imkanlar yaradılsın. Onlara aylıq paket şəklində güzəştli kart verilməlidir. Vətəndaş 8-10 saat işləyirsə, kartdan istifadə edərək limitsiz şəkildə ondan istifadə etsin”.

Nəqliyyat eksperti Ərşad Hüseynov yeni parkinq sisteminin Azərbaycanda ilk olduğunu, insanların buna alışması üçün zamana ehtiyac olduğunu söyləyib:

“Şəhərdə parklanma yerləri var. Həmin parklanma yerləri çox qapalıdır. Özəl biznes qurumlarının, eləcə də dövlətin qoyduğu ödənişli parklanma yerləri mövcuddur. Lakin nağdsız ödəniş insanlara yox, aparata edilir. Bu üsul, yəni xüsusi mobil tətbiq üzərindən ödəniş tamamilə yeni haldır. Tədricən sürücülər buna alışacaqlar. Avtomobil idarə edə bilən, maşın sürə biləcək qədər texnolji bilikləri olan insanın proqramdan istifadədə problemi olmayacaq. Sadəcə öyrənmək lazımdır. Bu da bir az vaxt alacaq. Doğrudur, yeni parkinq qaydası bu gündən tətbiq olunur. Ancaq proses tədricən baş tutacaq. Əvvəl şəhərin 5-6 hissəsində başlayacaq. Daha sonra genişlənəcək. Sürücülər də bunu tədricən öyrənəcəklər. İstənilən yenilik tədricən tətbiq olunur. Parkinq yerlərində bələdçilər, nəqliyyat könüllüləri də olacaq. Bunun PR-ı aparılmalıdır. Belə işlər görülsə, sistemə keçid daha sürətli olacaq. Hər halda bunu yaxın gələcəkdə görəcəyik. Köhnə üsulun aradan qaldırılmasına çoxdan ehtiyac var idi. Biz hələ 10 il gecikmişik”.

Ə.Hüseynov yeni sistemin üstünlüklərinə də toxunub: “Yeni üsul ödənişli parklanma yerlərini bəlli edəcək.  Ödəniş nağdsızdır, kiminsə cibinə getmir. Dövlət büdcəsinə bağlı qurumlara gedir. İnsanlar biləcəklər hara ödəniş edirlər. Bir sözlə, ödəniş dəqiq olacaq. Kimsə yaxşı oğlandır, ona hörmət edək söhbəti olmayacaq.  Dəqiq, aydın, şəffaf ödəniş… Bax, mədəni parklanma xidməti belə olmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button