Sosial

Şəhid ailəsi: Bizə heç bir imtiyaz verilmədi 

Sumqayıt şəhər sakini Minarə Seyidova şəhid ailəsi olduğunu və illərdir ki, diqqətdən kənarda qaldığını deyir.  Onun sözlərinə görə, onlara şəhid ailələrinə verilən imtiyazların heç biri verilməyib.

 “Yoldaşım Ruslan Seyidov 1993-cü ildə Beyləqan uğrunda gedən döyüşlərdə şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Yoldaşım şəhid olduqdan sonra 2 azyaşlı övladımla evin bütün yükü mənim çiyinlərimdə qaldı. Tibb bacısı işləyərək onları min bir əziyyətlə böyüdüb, təhsil vermişəm. Ancaq bu gün övladlarıma, şəhid balalarına bu ölkədə bir iş tapılmır. Məşğulluq İdarəsinin isə ali təhsilli övladlarıma təklif etdiyi iş ancaq fəhləlikdir. Oğlum ailəsini dolandıra bilmək üçün Rusiyaya işləməyə gedib. 29 ildir ki, şəhid ailəsi olaraq bizə laqeyd və etinasız münasibət göstərilir. 29 il ərzində mən birdəfəlik 11 min manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən başqa, qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm”, – deyə o qeyd edib.

Şikayətçi iddia edir ki, sosial vəziyyətinin ağırlığı, mənzil şəraitinin pis olması barədə aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticəsiz qalıb: “Bu illər ərzində vəziyyətimizlə bağlı Sumqayıtın 4 icra başçısına, bələdiyyəyə, Ombudsmana, deputata və digər vəzifəli şəxslərə müraciət etsəm də, bir cavab ala bilməmişəm. 1993-cü ildən bu günə qədər 1-2 tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə, demək olar ki, heç bir rəsmi qurumdan mənim qapımı döyən, vəziyyətimizlə maraqlanan olmayıb”.
M. Seyidovanın sözlərinə görə, fərdi yaşayış evi tikmək üçün ona nə torpaq sahəsi verilib, nə də “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna müvafiq olaraq mənzillə təmin olunub.
Bələdiyyədən sonuncu müraciətimə isə cavab olaraq bildirilib ki, fərdi ev tikmək üçün hazırda torpaq sahəsi yoxdur.
Sumqayıt İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Zaur Süleymanlı “Toplum TV”-yə deyib ki, şəhid ailəsinə lazımı köməklik göstərilib: “Seyidova Minarə mənzillə bağlı Sumqayıt İcra Hakimiyyətinə müraciət edib. Şikayətçiyə bildirilib ki, gedib tələb edilən sənədləri yığıb evlər idarəsinə versin. Bu barədə ona köməklik edilib. İşlə bağlı məsələyə gəlincə isə bununla bağlı bizə müraciət etməyib. İşlə bağlı təminatı Məşğulluq İdarəsi həyata keçirir. Ola bilməz ki, şəhid ailəsinə düşən hər hansısa bir imtiyazı İcra Hakimiyyəti öhdəsinə götürməsin”.


“Oğlumu gözləyirəm ki, gəlsin, çünki hazırda Rusiyadadır. O gəlməlidir ki, nəvələrimin sənədlərini hazırlasın və Rusiyada olan digər nəvəmin də sənədlərini tərcümə etdirsin. Amma iki nəvəmin sənədləri burada olsa da, təsdiqləmirlər”, – deyə Seyidova bildirib.
İddialara Sumqayıt bələdiyyəsindən münasibət almaq mümkün olmayıb.
Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu şəhid xanımı Minarə Seyidovanın bəzi tələblərinin imtiyazlara daxil olmadığını bildirib: “Şəhid ailələrinin hamısına ev verilmir. Qanunda yazılıb ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər evlə təmin oluna bilər, əgər şəhidlik statusu alıbsa. Bunun üçün də rayon və şəhər icra hakimiyyətlərində müvafiq komissiyalar var. Sənədlər bu komissiyaya təqdim edildikdən sonra ailə güzəştli mənzil növbəsinə götürülür. Torpaqla bağlı hansısa bir qanun sərəncam isə yoxdur. Qanunda hərbçi qulluqçu veteranlara əgər ev verilməyibsə, yaşadığı rayon üzrə qeydiyyata alıb torpaqla təmin etməlidirlər. Ancaq təəssüf ki, bunu etmirlər”.

O bildirib ki, şəhid övladlarının işə götürülməsi ilə bağlı qanundan hər hansı bir imtiyaz yoxdur: ““Dövlət qulluğu haqqında” Qanun var. Biz Qarabağ Qazilər Birliyi olaraq vahid dövlət orqanlarına təkliflər göndərmişik. Bu təkliflərdən biri budur ki, şəhid övladları, qazi, veteran övladlarından birini dövlət qulluğuna imtahan vermədən işə götürsünlər. Bunun hələ ki müzakirəsi gedir. Şəhid övladı özünəməşğulluğa müraciət etsin”.
Şəhid ailələrinə müxtəlif maddi və ərzaq yardımına gəlincə isə R. Kərimoğlu bu qanunda olmasa da, müxtəlif iş adamlarının təşəbbüsü ilə icra hakimiyyətləri tərəfindən həyata keçirildiyini deyib: “Bunun üçün müraciət etmək lazımdır. Çünki dövlət idarə etməsində hələ elə mədəniyyət formalaşmayıb ki, şəhid və qazi ailələrini qeydə alıb, onlara tez-tez baş çəksinlər, əlaqə saxlasınlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button