Sosial

Qubad İbadoğlu: “Aİ-95 benzininin bahalaşması istehlakçıların xərclərini artıracaq”

Xəbər verildiyi kimi, Azərbaycanda Aİ-95 (“Premium”) və Aİ-98 (“Super”) markalı avtomobil benzinlərinin qiyməti hər litr üçün 15 qəpik bahalaşıb. Belə ki, Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qaldırılıb.

Bununla bağlı fikirlərini açıqlayan Azərbaycan Demokratiya və Rifah Hərəkatının lideri Qubad İbadoğlu bildirib ki, pandemiya dövrünə neftin dünya bazar qiyməti hazırkı qiymətindən 2 dəfədən də çox  aşağı olsa da, ucuzlaşma adekvat olmadı. “Lakin dünya bazarında qiymətlərin bahalaşması hazırkı qiymət artımını labüd edirdi. Yanvar ayında Ai-92  markalı benzinin və dizel yanacağının qiymət artımı gözləntiləri artırmışdı”.

Onun sözlərinə görə, Azərbaycan bu markalı benzinləri 2014-cü ilin aprelin 1-dən idxal edir. “Hazırda Ai-95 markalı benzini Rusiyadan, Ai-95 markalı benzini isə Rumınıyadan idxal olunur. SOCAR Ai-95 markalı benzinin istehsalına ən yaxşı halda 2023-cü ildə başlaya biləcək. Ondan sonra bu markada benzinin qiymətini də Tarif Şurası müəyyən edəcək”.

İbadoğlu bildirir ki, Aİ-95 (“Premium”) Ai-92 markalı benzindən,  Aİ-98 (“Super”) markalı Aİ-95 (“Premium”)-la müqayisədə az istifadə olunsa da, bu ildən həm Premium, həm də Super markalı avtomobil benzinlərinə tələbat artmışdır. Çünki, xüsusilə də Ai-95-lə Ai-92 arasında qiymət fərqi az idi. Böyük ehtimalla bahalaşma Ai-92 benzinə tələbatı az da olsa artıracaq. Bundan da SOCAR qazanacaq, istehlakçılar və ekologiya daha çox itirəcək. Çünki, zəif oktanlı yanacağın daha çox istifadəsi atmosferə atılan tullantıların həcmini çoxaldacaq və ətraf mühitə daha çox zərər vuracaq”.

Hərəkat lideri bu qiymət artımının sərnişin və yük daşımalarında gediş haqlarına əhəmiyyətli təsir etməsə də, istehlakçıların xərclərini yüksəldəcəyini düşünür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button