Sosial

“Onkologiya Mərkəzi adamları soymaqla məşğuldur”

Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır, bunu Dövlət Statistika Komitəsinin rəqəmləri də təsdiqləyir. 2018-ci ildə tibb müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 48 min 685, 2019-cu ildə 52 min 718 idisə, 2020-ci ildə bu rəqəm 54 min 403-ə yüksəlib.

Rəsmi məlumata görə, 40 yaşdan sonra xərçəng xəstəliyinin yaranması riski 10 dəfədən çox artır. Həmçinin qadınlarda 60 yaşadək, kişilərdə isə 60 yaşdan sonra xərçəng yaranır.

Ölkədə onkoloji xəstələrin müalicəsini əsasən Milli Onkologiya Mərkəzi həyata keçirir. Lakin bir sıra hallarda xəstələr müalicə üçün Türkiyə, İran və s. kimi qonşu ölkələrə üz tutur.

Gülzadə Xəlilova danışır ki, 2012-ci ildə Milli Onkologiya Mərkəzinə müraciət edib, bu vaxt ona yumurtalıqların xərçəngi diaqnozu qoyulub.

O, bu müddət ərzində 6 kimyaterapiya, 45 şüa qəbul etdiyini, ancaq müalicənin onun xəstəliyinə yaxşı təsir etmədiyini, əksinə vəziyyətini daha da pisləşdirdiyini deyir.

“Şüa qəbul etdikdən sonra bütün mədə, bağırsaq sistemim sıradan çıxdı, indi kisə ilə gəzirəm. Evdən çölə çıxa, hərəkət edə bilmirəm”.

Azərbaycandakı həkimlərdən əlini üzən qadın bu dəfə Türkiyəyə üz tutub. Ora gedəndən sonra öyrənib ki, sən demə, illərdir, yalnış müalicə alırmış, heç vaxt yumurtalıqlarında bədxassəli şiş olmayıb.

Bu günə qədər həm Azərbaycanda, həm də Türkiyədə əməliyyat olunduğunu söyləyən G.Xəlilova deyir ki, girdiyi bütün əməliyyatlar faydasız olub. Qadın ömrünün sonuna qədər kisə ilə gəzməyə məhkumdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2020-ci ildə 11 min 595 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. Onlardan 1960 nəfəri süd vəzi, 1301 nəfəri mədə, 1225 nəfəri isə traxeya, bronx, ağciyər xərçəngindən əziyyət çəkir.

Baş onkoloq Azad Kərimli onkoloji xəstəliyin artmasını əhalinin sayının çoxalması ilə əlaqələndirir. 

Azad Kərimli 

Onkoloq həmçinin qeyd edir ki, bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır, 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə gəlincə, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub.

22 yaşlı Aytac Əliyeva deyir ki, bir il əvvəl sinəsində şişkinlik hiss edərək 1 saylı Respublika Xəstəxanasına yoxlanış üçün müraciət edib: “20 manat verib rentgen müayinəsindən keçdikdən sonra Sevinc adlı həkim sağ və sol döşümdə 2 xoşxassəli şiş olduğunu dedi. Amma məni arxayın saldı ki, narahat olmayım, evlənəndə keçib gedəcək”.

Aytacın sözlərinə görə, 3-4 ay sonra döşündə ağrılar hiss etdiyindən bu dəfə tanış məsləhəti ilə Tibb Universitetinin Onkologiya şöbəsinə müraciət edib. “Həkim yoxlayanda məlum oldu ki, sən demə, sinəmdə 2 deyil, 5 şiş varmış. Bunu deyən həkim elə uzandığım masadaca məni əməliyyata hazırlamağa başladı və söylədi ki, şiş çox böyük və interaktivdir. Əgər 3 sm-dən böyük ölçüdədirsə, deməli, biopsiya (xəstəliyə dəqiq diaqnoz qoymaq üçün hüceyrədən analiz götürülməsi – red) olunmadan əməliyyat edilməliyəm”.

Yerli həkimlərdən tutarlı cavab ala bilməyən Aytac Türkiyədəki onkoloqlara müraciət edib, dediyinə görə, biopsiyadan sonra əməliyyata ehtiyac olmadığını öyrənib: “Öyrəndim ki, bədənim şiş yaratmağa meyillidir. Əgər azərbaycanlı həkimlərin dediyi kimi əməliyyat olunsaydım, təkrar şiş yaranacaqdı. Bu məntiqlə, mən 3-4 ildən bir əməliyyata girməli olacaqdım. Onu da öyrəndim ki, əməliyyat tək çarə deyil, xoşxassəli şişləri yandırmaq yoluyla, əməliyyatsız da müalicə etmək olurmuş”.

Türkiyəli onkoloq cərrah Hamdi Koçər Azərbaycanda olarkən Milli Onkologiya Mərkəzini tənqid etmişdi. O, xəstəxana həkimlərini müalicəsi mümkün olan xəstələri pula görə əməliyyat etməkdə suçlamışdı. Bundan sonra onkoloqla Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzi arasında qalmaqal yaşanmış, H. Koçər Azərbaycandan qovulmuşdu.

Hamdi Koçer

Müsahibələrinin birində o, azərbaycanlı həkimləri müalicə işini düzgün aparmamaqda təqsirləndirir. Həkimin dediyinə görə, Azərbaycanda onkoloqlar xəstəni sağaltmağı deyil, daha çox dərman satmağı vacib bilir.

H. Koçər iddia edir ki, ölkədə patoloji mütəxəssislər olmadığından  xəstələrə yalandan xərçəng diaqnozu qoyulur və dəqiqləşdirmə aparmadan əməliyat edilir.

Həkim ölkədəki onkoloji sistemin qorxu və təhdid üzərində qurulduğunu söyləyir: “Həkimlər qorxudur ki, filan dərmanı almasan xərçəng olacaqsan. Cavan-cavan qızları kista deyib əməliyyat edirlər. Xəstəni aldadırlar ki, kistanı çıxarmasaq xərçəngə çevriləcək. Aybaşı ağrısı olan qadına xərçəng diaqnozu qoyub uşaqlığını çıxarırlar. Neçə azyaşlı qız gördüm ki, süd vəzisi inkişaf etmədən fibroadenomları götürüblər. Azərbaycanda onkologiyanın durumu çox ağırdır. Amma yardım etmək istəyənlərə də imkan vermirlər, ölkədən qovurlar”.

Əvvəllər Milli Onkologiya Mərkəzində işləyən Ümman Abbasaova isə fərqli düşünür, o, Mərkəzin fəaliyyətini yetərli hesab edir: “Onkologiya Mərkəzində olan aparatlar Rusiyada, İranda belə yoxdur. Müşahidələrim əsasında deyə bilərəm ki, bir sıra hallarda türk mütəxəsisləri də Azərbaycana təcrübə keçmək üçün gəlirlər”.

Həkim xəstələrin xaricdə müalicəyə üz tutmasına isə belə münasibət bildirir: “İnsandır da xəstələnir, fikirləşir ki, İrana, Türkiyəyə getsə sağalacaq”.

Ü. Abbasova yerli həkimlərin dəqiq diaqnoz qoyulmadan əməliyyat etmələri iddiasını qəbul etmir. Onun qənaətincə, onkoloji sktruktur ölkədə kifayət qədər yaxşı inkişaf edib. Mütəxəssis əməliyyatların artmasını həkimlərin xəstəliyi ilkin mərhələdə aşkarlaya bilməsi ilə izah edir.

“Şişin 4 mərhələsi var. Əgər xəstəyə cərrahi əməliyyat təklif olunursa, bu o deməkdir ki, xəstə ilkin mərhələdə müraciət edib. Yalnız ilkin mərhələdə əməliyyat mümkündür. Gecikmiş vəziyyətdə xəstəni ümumiyyətlə əməliyyat etmək olmaz, bu halda o qanaxmadan ölə də bilər”.

Amma Ümman Abbasovanın da problem saydığı məsələlər var.  Onun sözlərinə görə,  bu sahədə əsas problem əməliyyatları ümumi cərrahların etməsidir: “Onkoloji xəstələrin əməliyyatı tamamilə başqa metodlarla aparılır. Ümumi cərrahlar xəstələri bədbəxt edirlər, sonra da deyirlər ki, vəziyyət niyə belədir?”

“Toplum TV” bununla bağlı Səhiyyə Nazirliyindən münasibət öyrənə bilməyib. Amma nazirlik rəsmiləri onkoloji sahənin inkişaf etdiyini söyləyirlər.

Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevsə bildirib ki, ölkədə onkoloji xidmətin fəaliyyəti yüksək səviyyəyədədir. Direktor hesab edir ki, bu inkişaf  tibb işçilərinin gərgin əməyi və dövlətin daimi qayğısı sayəsində mümkün olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button