Sosial

Müharibə vaxtı ziyan görmüş gəncəlilər: “Hələ də pullarımızı ala bilmirik”

Ötən il oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə atdığı raket Elbir Cəfərovun evinin  20 metrliyinə düşüb. Nəticədə, onun yaşadığı mənzillə yanaşı, şəxsi avtomobilinə də ziyan dəyib.

Müharibə dövründə mülki əhaliyə dəymiş ziyanı müəyyənləşdirən komissiya zərərin   2490 AZN  olduğunu müəyyən edib. Ancaq E. Cəfərov indiyədək 2490 AZN-dan cəmi  650 manatı ala bilib.

Dediyinə görə, bu barədə Gəncə Şəhər Prokurorluğuna, yerli  icra hakimiyyətinə müraciət etsə də, əsaslı cavab ala bilməyib:

“Bu məbləği götürmək istəmirdim. Gəncə Şəhər Prokurorluğundan Mehdi adlı bir şəxs bildirdi ki, dəymiş ziyan tam şəkildə ödənilməyəcək, hökumət bunu sizə yardım kimi edir”.

“Toplum TV” həmin şəxslə əlaqə yaradıb. O, isə açıqlamasında bildirdi ki, təqaüdə çıxıb, sualları cavablandıra bilməyəcək.

Gəncədə eyni situasiya ilə qarşılaşan təkcə Elbirgil deyil:

  • Əliyev Əli – 2900 manatlıq ümumi zərərdən 500 AZN
  • Məmmədov Emin – 3900 manatlıq ümumi zərərdən 1200 AZN
  • Cəfərov Elvin – 2400 manatlıq ümumi zərərdən 650 AZN
  • Şükürov Əli – 3860 AZN manatlıq ümumi zərərdən 720 AZN
  • Zeynalov Cahanbaxış – 1500-1800 manatlıq ümumi zərərdən 500 AZN ala biliblər.

Şikayətçilərə dəyən zərərin miqdarını ümumiləşdirdikdə 17 050 AZN məbləği ortaya çıxır. Ancaq Gəncə sakinləri bunun cəmi  4 220 manatını ala biliblər.

Bəs Gəncə sakinlərinə ayrılan kompensasiya hara getdi?

Bu barədə Gəncə İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, münasibət almaq mümkün olmadı. Qurum sözügedən məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət etməyi tövsiyyə etdi.

İqtisadiyyat Nazirliyindən isə suallara detalları cavab almaq mümkün olmadı. Nazirliyin mətbuat katibi Abbas Əliyev bildirdi ki, prezidentin dəymiş zərərlə bağlı  2020-ci il 6 noyabr tarixli 2292 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları  müvafiq rayonlarda araşdırma aparıb:

“Dəymiş ziyanın məbləği Dövlət Komisissiyasının işçi qruplarının materialları və “Vurulan Zərərin Vahid Məlumat Bazası” elektron portalında yerləşdirilən məlumatlar əsasında  “Qiymətləndirmə Fəaliyyəti Haqqında” Qanuna uyğun olaraq müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilib”.

Vurulan Zərərin Vahid Məlumat Bazasının keçən ilin dekabrın 20-də formalaşdırılacağı elan olunsa da, bu barədə mediada hər hansı məlumata rast gəlmək mümkün deyil.

Rəsmi məlumata görə, müharibə dövründə vətəndaşlara məxsus 253 nəqliyyat vasitəsinə ümumilikdə  410 910 manat ziyan dəyib. Həmin ziyanın dövlət tərəfindən ödənilməsi artıq başa çatıb. Ancaq hansı rayona nə qədər pul ayrılması ilə bağlı rəsmi məlumat ictimaiyyətə açıq deyil.

Hüquqşünas Tural Ağayevin sözlərinə görə,  zərərə xərclənən vəsaitin detallı şəkildə göstərilməməsi “yeyinti” ehtimalını artırır.

Şikayətçilərin hansı hüququ pozulub?

Hüquqşünas Tural Ağayev deyir ki, zərərçəkənlərə ödəniləcək məbləğin hüquqi bazası, öncə prezidentin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamı, daha sonra bu sərəncam əsasında qəbul edilmiş Nazirlə Kabinetinin tamamlayıcı qərarlarıdır.

Tural Ağayev – Sosial Media

Onun sözlərinə görə, əgər dəyərləndirmə bu sərəncam və qərarlara uyğun aparılıbsa, təyin olunan məbləğ tam həcmdə ödənilməli idi. O zaman ödənilməyə bilərdi ki, belə sərəncam və qərarlar olmasın.

Hüquqşünas deyir ki, zərərçəkənlər mülkiyyət hüququnun pozuntusu iddiası ilə öncə yerli müvafiq inzibati orqanlarda, daha sonra yerli məhkəmədə iddia qaldıra bilər. Ölkə daxilində problem hüquqi həll tapmadığı təqdirdə mülkiyyət hüququnun pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edilə bilər.

Qeyd

Yerli mətbuatda müharibə vaxtı zərər çəkmiş əhaliyə göstərilən xidmətin icrasında problemlərin olmasına dair dəfələrlə yazılar dərc olunub. Artıq müharibədən bir ildən artıq keçməsinə baxmayaraq, evləri hələ də tikilməyən, əşyalarına, mülklərinə dəyən ziyan kompensasiya olunmayan ailələr var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button