Sosial

“MTN işi”: “Çaqqallar vadisi” adında serial çəkəcəm”

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib, indi Dövlət Təhlükəsizlik Xidməti adlanır) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və digərilərinin apellyasiya şikayəti üzrə məhkəməsi davam edir.

Keçmiş rəislə müttəhimlər kürsüsünü 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov da bölüşür.

Mövlam Şıxəliyev İstintaq Təcridxanasından məhkəməyə 6 vəsatət yolladığını bildirib, məhkəmə katibi vəsatətlərin məhkəməyə daxil olmadığını deyib.

Digər  müttəhim Sahib Ələkbərovsa vəsatətlə çıxış edib. O, xəstəliklərini sadalayıb, təcridxana şəraitində müalicə ala bilmədiyini deyib.

S.Ələkbərov eyni zamanda barəsindəki hökmün ehtimallara əsaslandığını vurğulayıb, barəsindəki həbs qətimkan tədbirinin həbslə əlaqəli olmayan qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Onun başqa bir vəsatəti isə apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılması haqqında olub.

“Mənə ittiham verilib, guya hər hansı bir istintaq aparmadan adamı çağırıb cinayət məsuliyyətinə cəlb etmişəm. Mən də deyirəm ki, istintaq aparmışam, cinayət işinin materiallarında həmin iş var. Həmin cinayət işi bura gəlmədən, obyektiv araşdırılmadan, məhkəmə hökmü ilə tanış olmadan işə baxıla bilməz. Həmin adamın barəsində MTN-in Hərbi Tibb İdarəsi həkimlərinin arayışı var. İki həftə ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisində müalicə alıb. Arayışlar var ki, ağır xəstəlikdən əziyyət çəkir, təcridxana şəraitində saxlana bilməz. Ekspert rəy verir ki, epileptik tutmaları olur. Bu günə qədər də ekspert rəyi qüvvədədir. Həmin şəxsin başında şiş vardı və bayılmalarına səbəb olurdu”,- Sahib Ələkbərov bildirib.

“Eldar Mahmudovu ümumiyyətlə, tanımıram”

Digər məhbuslar Vüsal Ələkbərovla Yasin Məmmədov da barələrindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər.

Yasin Məmmədov daha sonra deyib: “Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona nifrət edirəm. Onun mənə hörməti olmayıb, mənim ona vəzifəsinə görə hörmətim olub. Təhsin Ağayev alçaq idarə rəisi olub, baş idarənin rəis müavini olub. O, mənə qarşı düşmənçilik edib, mübarizə aparıb. Mən də bunlarla mübarizə aparmışam, dövlətin mənafeyinə xidmət etmişəm. Bu gün bu adamla məni necə birləşdirib birgə pul alıb-verilməsində ittiham etmək olar? Həyatımı məhv edib. Rütbə almağa qoymayıb, ev almağa qoymayıb. İki düşmən bir-birinə pul alıb-verər? Eldar Mahmudovu ümumiyyətlə, tanımıram”.

Mövlam Şıxəliyev: “Mən bununla necə iş görüb, rüşvət almışam?” 

Bundan sonra zərərçəkən Hüseyn Səfərov deyib:

– Adam deyir ki, Mövlam Şıxəliyevlə düşmən mövqeyindəyik. Bu gün ikisini bir yerə salmısız.  Onlar bir-birini vurub öldürə bilərlər. Xahiş edirəm ki, Yasin Məmmədovu qəfəsdən çıxarıb zalda oturdasınız. Qoy gəlib otursun yanımızda.

Mövlam Şıxəliyev: – Mən bununla necə iş görüb, rüşvət almışam?  16 min səhifə, 54 tom cinayət işidir, prokuror bircə səhifəsini də oxumamış deyir ki, ittihamlar mötəbər sübutlarla təsdiqini tapıb.

Hakim: – Neçə tom?

Mövlam Şıxəliyev: – 54 tom.

Hakim: – Bu cinayət işi?..

Mövlam Şıxəliyev: – Bəli… Bircə səhifəsini də oxumayıb prokuror. Amma biz nöqtəsinə, vergülünə qədər oxumuşuq.

Zərərçəkəndən etiraz: “Bizə qarşı cinayət törədiblər, həbsdə qalmalıdırlar”

Həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatətlər müzakirə olunarkən zərərçəkmiş Hüseyn Səfərov buna qarşı çıxırb: “Adamları qanunsuz həbs ediblər, hədə-qorxu ilə tələb etdikləri pulu alandan sonra saxta həkim arayışları alıb azad ediblər. Şəxsən məni 67 gün saxlayiblar. Ailəmdən pulu alandan sonra buraxıblar. İndi bunların barəsindəki həbs-qətimkan tədbirini dəyişmək olar, sizcə? Heç müzakirəsi də düzgün deyil. Bunların yeri həbsxanadır. Mənim qanunsuz həbsimdən sonra həyat yoldaşım yataq xəstəliyinə düşüb. Nə toya, nə yasa gedə bilir”.

Zərərçəkmiş Əfsəl Həsənəliyev isə işi istintaqa qaytarmağı təklif edib: “Təkcə mənim epizodumu təkrar araşdırsınlar, görün bunların belini yerə vururam, yoxsa yox. Bizə qarşı cinayət törədiblər, həbsdə qalmalıdırlar”.

Dövlət ittihamçısı da vəsatətlərin təmin edilməməsini istəyib.

Zərərçəkmiş Zaur Əliyev vəsatətlərə münasibət bildirərkən Mövlam Şıxəliyevin ünvanına quldur deməsi sonuncunu dilə gətirib: “Quldur özünsən”.

Vəkillər zalı tərk edib

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmə zalını tərk edib. O, digər vəkili Arzu Cavadovdan da məhkəmə zalından çıxmasını istəyib. Hakim hər iki vəkildən məhkəmə zalına qayıtmalarını tələb edib.

Zaur Əliyev vəsatətlərini səsləndirmək istəyəndə Mövlam Şıxəliyev səs-küy salaraq imkan verməyib. Hakim zərərçəkmişdən yazılı vəsatəti götürərək özü elan edib: “Zərərçəkmiş vəsatət verir ki, keçmiş baş prokuror Zakir Qaralov, baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov, keçmiş hakim Əfqan Hacıyev, DTX işçiləri Mamay Qulubəyov,  Rafiq Abdullayev, vətəndaş Arif Allahverdiyev, keçmiş MTN-in İstintaq Baş İdarəsində rəis müavini işləmiş Təhsin Ağayev məhkəməyə dəvət olunaraq dindirilsinlər”.

Digər zərərçəkmişlər də bu vəsatəti dəstəkləyiblər.

Zərərçəkmiş Hüseyn Səfərov vəsatətlə bağlı belə deyib: “Möhtərəm hakim, “Qurdlar vadisi”nə baxmısız? Bax, bunlar da Azərbaycanda “çaqqallar vadisi” qurublar, sahibkarların qanını içiblər. Qoy bu işlər bitsin, “Çaqqallar vadisi” adında serial çəkəcəm”.

Mövlam Şıxəliyev Zakir Qaralovun,  Rüstəm Usubovun, vəsatətdə adı çəkilən digərlərinin dindirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxıb.

Hakim təqdim olunmuş vəsatətlərin heç birini təmin etməyib. O, Mövlam Şıxəliyevə çıxış üçün söz verib, o, çıxışa hazır olmadığını deyib. Digər mütəhimlərsə Şıxəliyevdən sonra danışacaqlarını bildiriblər. Növbəti məhkəmə iclası yanvarın 9-na təyin edilib.

Tarixçə

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb.

Onun tabeliyində işləmiş polkovniklər, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs ediliblər.

Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin – həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində, “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.

Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apellyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd  ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button