Sosial
“Mehdiyevin kürəkəni məni başqa adamlarla üz-üzə qoymağa çalışır” – 18 milyonluq qalmaqalla bağlı açıqlama
“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mülkiyyətimdə olan torpaq sahəsini satışa çıxarmaqla məni başqa adamlarla üz-üzə qoymağa çalışır”.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya hüquqşünas Əliabbas Rüstəmli bildirib. Hüquqşünasın sözlərinə görə, Ramiz Mehdiyev həmin torpaq sahəsini 18 milyon manata satışa çıxarıb.
“Mən bir neçə gün əvvəl bu barədə “Facebook” hesabımda yazmışdım. Daha doğrusu, Ramiz Mehdiyevə olan müraciətimi paylaşmışdım. Həmin müraciət bir sıra media orqanı tərəfindən də tirajlanıb. Sağ olsun jurnalistlər problemlə biganə qalmayıblar. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bu torpaq sahəsini qanunsuz yollarla ələ keçirib. Ramiz Mehdiyevə müraciətimdə bu barədə geniş yazmışam. Kürəkəni görür ki, qanun mənim tərəfimdədir. Onun bütün cəhdlərinə baxmayaraq, torpaq sahəsi məhkəmə qərarı ilə mənim adıma keçib. Həmin qərar bu günə kimi qanuni qüvvəsindədir.
Bu baxımdan Ramiz Mehdiyevin kürəkəni tələsik torpaq sahəsini satışa çıxarıb. O düşünür ki, torpağı başqa adam satmaqla yaxasını kənara çəkə biləcək”, -deyə Əliabbas Rüstəmli bildirib.
Hüquqşünas deyir ki, Ramiz Mehdiyev yüksək vəzifə tutduğu dönəmlərdə kürəkəni onun nüfuzundan istifadə edib:
“İndi Ramiz Mehdiyev vəzifədə deyil. Kürəkəni də yaxşı başa düşür ki, artıq onun dövranı bitib. Ona görə də torpağı satıb kənara çəkilmək, bizi də başqa şəxslərlə üz-üzə qoymağa çalışır. Lakin bu məqsədinə nail ola bilməyəcək. Mən qanuni yollarla mübarizəmi davam etdirəcəm”.