Sosial

Lerikli evini təbii fəlakətin yararsız hala saldığını deyir, rəsmilərsə əksini

Lerikin Züvüç kənd sakini Tural Həsənli iddia edir ki, sürüşmə zamanı evində çatlar yaranıb və yaşamaq təhlükəlidir. Problemləri ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib.

“Evimiz dərə deyilən əraziyə yaxın yerləşir. İllər öncə sürüşmə zamanı kəndimizdəki evlər yararsız hala düşdü. Bizim evdən başqa zərər görmüş bütün evlər təmir edildi, Fövqəladə Hallar Nazirliyi yeni evlər tikdi. O vaxt anam müraciət etmədiyi üçün bizim evimizə baxış keçirilmədi”.

Tural Həsənlinin söylədiyinə görə, 2017-ci ildən FHN-ə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək evlərinin təmir edilməsini istəyir. 2019-cu ildə ETSN-nin əməkdaşları evə baxış keçiriblər. Şikayətçinin sözlərinə görə, bu dəfə də illərdir aldığı cavab verilib: “Eviniz təbii fəlakət nəticəsində yararsız hala düşməyib”.

O, Lerik Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etdiyini bildirir. T.Həsənlinin dediyinə görə, 2019-cu ildı icra başçısının birinci müavini Cəlil Baxşıyev onlara söz verib ki, evə baxış keçiriləcək və yardım göstəriləcək. Ancaq üzərindən 3 il keçməsinə baxmayaraq, heç bir köməklik göstərilməyib.

“10 gün əvvəl anam Əzəbəyim Əliyeva Lerik İH başçısının müavin Habil Məlikovun qəbulunda olub. O da Züvüç kənd icra nümayəndəsinə zəng edib ki, evə baxılsın. Züvüç kənd nümayəndəsi Qabil Hüseynov evimizə baxış keçirib dedi ki, ev doğrudan da yararsız haldadır və bununla bağlı Lerik İH-nə müraciət edəcək. Ancaq hələ də bir xəbər yoxdur”.

Lerik İH başçısının müavini Habil Məlikov Toplum TV-yə həmin evdə təbii fəlakət nəticəsində yaranmış heç bi fəsadın olmadığını deyir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi o evə baxış keçirib. Bizə məktub yazıblar ki, həmin ərazidə təbii fəlakətin təzahürlərinə rast gəlinmir. Ev köhnədi, özünə ev tiksin. İcra Hakimiyyəti ev tikən qurum deyil. Hətta təbii fəlakət nəticəsində belə baş verən qüsurlar müvafiq orqanlar tərəfindən araşdırılır, FHN tərəfindən təmir edilir. Biz sadəcə İH olaraq vətəndaşla həmin qurumlar arasında vasitəçiyik”, – icra başçısının müavini söyləyib.

Tural Həsənli evin təhlükəli vəziyyətdə olması ilə bağlı prezidentə belə bir neçə dəfə müraciət etsə də, müraciətlərinin cavabsız qaldığını bildirir.

Şikayətçi deyir ki, daha hara müraciət edəcəyini bilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button