Sosial

“Kirayəçilər də binaların idarə olunmasında iştirak edəcək” – Açıqlama

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə biləcəklər.

Qərarı şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında deyib ki, edilən dəyişikliyə əsasən, artıq binanın idarə edilməsində yığılan və xərclənən pullara kirayəçinin də nəzarət etmək hüququ var.
Məlumdur ki, yeni tikilən binalarda əksər mənzillər kirayəyə verilib. Kirayə müqaviləsi bağlayan kirayəçi aylıq kommunal ödənişləri və s. verirsə, artıq həmin şəxsin binada yaşamaq, binanı idarə etmək hüququ formalaşır. Başqa sözlə, kirayədə qalan şəxs aylıq kommunal ödənişləri həyata keçirirsə, binanın idarə olunmasında iştirak edə bilər. Ancaq bu, məcburi deyil, könüllüdür. Bunun üçün isə öncə bütün binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır:
“Qaydalara əsasən, sakinlər binanın idarəedilməsinə dair İqtisadiyyat Nazirliyindən təsdiq aldıqdan sonra həmin sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Daha sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Burada yığılan pullara, xərclərə sakinlər özləri nəzarət edirlər. Yeni qaydalara görə, tikinti şirkəti binanı inşa etdikdən sonra idarəetməni həmin binanın sakinlərinə verməlidir. Binanın idarə edilməsinin sakinlərə verilməsi mənzil-tikinti kooperativlərinin (MTK) vəzifə borcudur, eyni zamanda sakinlər də buna səy göstərməlidirlər”.
Elnur Fərzəliyevin dediyinə görə, binanın idarəedilməsi kənardan göründüyü qədər asan məsələ olmadığından əksər hallarda sakinlər bundan boyun qaçırır. Çünki yığılan və xərclənən vəsaitə nəzarət çətinlik yaradır. Ona görə də əksər bina sakinlər özləri razı olurlar ki, binanı MTK-lar idarə etsin:
“Fikrimcə, bu istiqamətdə yeni bir qurum yaranmalı və bütün idarəetmə ona verilməlidir. Hətta yaxşı olar ki, binanın idarəedilməsi bələdiyyələrə verilsin. İnkişaf etmiş bir çox ölkələrdə əksər idarəetmə sahələri bələdiyyələrdədir. Bələdiyyələrin Azərbaycanda da rolu çox böyük ola bilər”.
Ekspert qeyd edib ki, kommunal ödənişin verilməməsinə görə MTK-nın vətəndaşın işığını, qazını, suyunu kəsmək və lifti dayandırmaq səlahiyyəti yoxdur. Bu qanuna ziddir. Lakin kommunal ödənişin verilməməsinə görə MTK vətəndaşı məhkəməyə verə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button