Sosial

“Kapital Bank” “Akkord”u məhkəməyə verdi – Borcunu ödəmir

Gəlirlərinə görə Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” ASC ölkənin aparıcı şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord General Construction” MMC-yə, həmçinin fiziki şəxs Məmmədov Bağır Famil oğluna qarşı məhkəmə iddiası qaldırıb. 
Xəbəri “Yeniavaz.com” yayıb.
Bildirilir ki, iddia dünən – 25.07.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.
Nizamnamə kapitalı 245,8 milyon manat olan “Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur. Barəsində məhkəmə iddiası qaldırılan “Akkord General Construction” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə – 164 min 122 manat 14 qəpik vergi borcu var.
Nizamnamə kapitalı 10 min manat olan “Akkord General Construction” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Hazırda şirkətə Məmmədov Səlim Alışan oğlu rəhbərlik edir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 83 milyon 259 min 750 manat olan şirkətə Ayhan Keskinkılıç rəhbərlik edir.
Uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralaova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button