Sosial

İnfeksionist: “Toylar qadağan edilməlidir”

İyulun 13-dən ölkədə koronavirusun “Delta” və “Alpha”ştammları aşkarlanıb. Bundan başqa, Azərbaycanda koronavirusa yoluxanların sayının yenidən artdığı bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, “Delta” ştamın yayılması qarşıdan gələn aylarda pandemiya sahəsində hökm sürən gərginliyi daha da artıracaq. Həmçinin yeni və daha rəqabətli virus ortaya çıxmasa, “Delta”nın yayılması digər ştamlar üstələyəcək.
Azərbaycanda isə mayın 31-dən karantin qaydaları yumşaldılıb: açıq havada maska məcburiyyəti aradan qaldırılıb, Bakı metrosu, məscid və digər ibadət yerləri, iri ticarət mərkəzləri və “mall”lar fəaliyyətini bərpa edib, toy, nişan, ad günləri keçirilməsinə icazə verilib.

Belə olan halda, ölkədə yenidən karantin rejiminin sərtləşdirilməsinə ehtiyac varmı?

İnfeksionist Mərdan Əliyev “Toplum TV”-yə deyib ki, sərt karantinə ehtiyac yoxdur, amma toylar qadağan olunmalı, maskadan istifadəyə nəzarət artmalıdır: “Vaksin olunan və virusa yoluxub sağalanların sayı çoxalır. Hətta qeyri-rəsmi xəstələnib sağalanların sayı daha xeylidir. Amma hazırkı vəziyyət qənaətbəxş deyil, çünki qapalı yerlərdə maska məcburi olsa da, istifadə olunmur, polislər buna tam müdaxilə etmir. Qapalı məkanda maska istifadə etməmək və toylar virusa yoluxanların sayını çoxaldacaq”.

İnfeksionistin sözlərinə görə, əhalinin 60 faizi peyvəndlənərsə, sərt karantinə ehtiyac qalmaz, sadəcə yüngül profilaktika qaydalarına əməl etmək kifayət edər.

“Azərbaycandakı peyvəndlərin hamısı “Delta” və “Alfa” ştammına qarşı effektivdir. Çünki bunlar başqa bir şey deyil, elə koronavirusdurlar. Peyvəndləndikdə qeyri-aktiv koronavirus insan bədəninə yeridilir və immun sistemi onunla tanış olur. Şəxs növbəti dəfə virusa yoluxarsa, daha yüngül keçirir və xəstəxana şəraiti tələb olunmur. Həmçinin virusdan sağalanlar da yeni ştammlara yoluxsalar, xəstəliyi yüngül keçirəcəklər”, – deyə infeksionist bildirib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı “Turan” İnformasiya Agentliyinə bildirib ki, məhdudlaşdırıcı tədbirlərin olub-olmaması əhalidən asılıdır.

Onun dediyinə görə, əhali qaydalara riayət etməsə, sərtləşmə tədbiq oluna bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da eyni fikirdədir. O deyir ki, karantin vəziyyətinin sərtəşdirilməsi birbaşa epidomoloji vəziyyətə bağlı olacaq.

O həmçinin vurğulayır ki, “Delta” ştammı viruslar arasında ən yoluxucu və prodromal dövrü (ilkin əlamətlərin əmələ gəldiyi dövr) ən qısa olanıdır: ““Lambda” ştammı müəyyən qədər zəifdir. Bu da ümid yaradır ki, virus mutasiyaya uğrayaraq zəifləməyə doğru gedəcək. Amma “Delta” ştammının Hindistanda yaratdığı vəziyyət bizi narahat etməyə bilməz. Vaksinlənən şəxslərin də koronavirusa yoluxması təcrübəsini biz Rusiyada gördük. Amma ən azından vaksinlənmə xəstəliyin daha yüngül keçməsinə və ölüm hallarının azalmasına səbəb olacaq”.

Professorun dediyinə görə, yeni ştammlar Azərbaycandakı peyvəndlər içərisində “Pfizer” və “Astrazeneca”-ya qarşı həssaslıq göstərir, “CoronaVac” və “Sputnik” haqqında isə birmənalı söz demək çətinidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button