Sosial

Dövlət rusca təhsilə niyə pul xərcləyir?

Son illər Azərbaycanda orta məktəblərdə rus dilinin tədrisinə geniş yer verilir. Rus dili bir çox idarələrdə əsas ünsiyyət vasitəsidir. Lakin qanuna görə dövlət məktəblərində tədris ana dilində aparılmalıdır. Buna baxmayaraq, Azərbaycanda son zamanlar tədrisin rus dilində aparıldığı çoxsaylı yeni məktəblər də açılıb.
Ölkəmizdə rus dilinin orta mətkəblər səviyyəsində belə geniş şəkildə tədrisinə nə dərəcədə ehtiyac var?
Jamaz.info xəbər verir ki, “Ayna-Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, onun məsələyə yanaşması hər şeyin müəyyən həddə olması kontekstindədir:
“Digər dillərin, o cümlədən rus dilinin də öyrənilməsinin tərəfdarıyam. Amma hər şeyin həddi var. İlk növbədə dövlət dili olaraq ana dili tədris olunmalıdır. Ondan sonra istəyir ingilis, fransız, istəyir lap rus dili olsun, onları da öyrənmək lazımdır. Lakin ölkəmizdə bu istiqamətdə hədd aşılıb. Hətta bir sıra məqamlarda ailədə uşaq rus dilini bilsə də, ana dilini bilmir. Belə hallar artır. Dəhşətlisi də elı budur”.
Jurnalist Arif Əliyevin fikrincə, ideoloji baxımdan belə vəziyyət təhlükəli haldır. Amma bununla yanaşı, həmsöhbətimiz Azərbaycan dilində təhsilin ciddi perspektivinin olmadığı qənaətindədir:
“İdeoloji nöqteyi-nəzərdən ölkəmizdə rus dilinin tədrisinə bu dərəcədə geniş yer verilməsi özlüyündə gələcəyimiz üçün təhlükəlidir. Amma məsələnin kökünə baxsaq görərik ki, bu ideoloji yanaşma ilə həll olunası məsələ deyil. Azərbaycan dilində tədrisin səviyyəsi çox aşağıdır. Yuxarı siniflərdə ümumiyyətlə tədris yoxdur. Dərsliklərdə problemlər var. Azərbaycan dilində təhsilin böyük perspektivi yoxdur. Dilimizin statusunu qaldırmaq, gənclərin ana dilinə meylini gücləndirmək istəyiriksə, mütləq təhsilə ciddi diqqət yetirməliyik. Əlavə olaraq təbliğat formaları də işləməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button