Sosial

“Çox ciddi sosial gərginlik yaranacaq” – Şərh

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.

İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin.

Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: “Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilib. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub”.

Sənəddə COVID-19 pandemiyasının yaratdığı sarsıntıların geridə qoyulduğunu bildirilib: Dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir”.

Dövlət başçısının sərəncamını Meydan TV-yə şərh edən iqtisadçı Qubad İbadoğlu sənədin bu ilə aidiyyatının olmadığını vurğulayıb: “Sərəncamdakı tapşırıq növbəti ilin büdcəsində nəzərə alınmasını ehtiva edir. Amma bu aydan qiymətləri bahalaşdırmadan sosial müavinətlər, pensiyalar və əməkhaqları artırılmalıydı. Həm də məcburi köçkünlərə verilən vahid aylıq müavinət də artmalıydı, bunun içərisində çörək pulu və kommunal xərclər də var. Təsəvvür edin ki, kommunal xərclərin o qədər artımı gələn il artacaq vəsaitin hamısını bu istiqamətə yönəldəcək. Digər tərəfdən, vahid aylıq və sosial müavinət sonuncu dəfə 2019-cu ilin aprelində 50 faiz qaldırılıb. Əməkhaqqılar həmin ilin noyabrında artırılıb, indi minimum əməkhaqqı da artırılmalıdır. Bütün bunlar baş verməsə, çox ciddi sosial gərginlik yaranacaq. Heç kəs istisna etmir ki, sosial etirazlar da yaşana bilər. Xüsusən də payız və qış mövsümünü nəzərə alsaq, Tarif Şurasının qərarı əhalinin dolanışığını ciddi şəkildə təsirləndirəcək”.

Qubad İbadoğlu-Sosial Media

Qubad İbadoğlu kommunal qiymətlərin artımının gözlənilən sayıb: “Çünki dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinə təqdim olunub. Ona görə də şirkətlərin yenidən strukturlaşması üçün qiymətlərin bahalaşdırılması, kommersiyalaşması və idarəçiyə cəlb olunması qarşıya qoyulmuşdu. Qazın və benzinin qiymətlərinin bahalaşdırılması isə SOCAR-ın xarici borc öhdəliklərinin yerinə yetirlməsi ilə bağlıdır. 2021 və 2022-ci il də daxil olmaqla SOCAR-ın xarici banklar qarşısında borc öhdəlikləri əhəmiyyətli dərəcədə artıb”.

O, qazın qiymətinin artırılmasının beynəlxalq bazarla əlaqələndirilməsini əsassız sayıb: “Biz qazın çox hissəsini pulsuz alırıq, əldə edilən və əhaliyə satılan qazın əsas hissəsi Azəri-Günəşli-Çıraqlı yatağında səmt qazı hesabına təmin olunur. Təsəvvür edin ki, 185 milyard kubmetr səmt qazı pulsuz verilir, bu, orta hesabla 18 ilə qədər Azərbaycanın daxili tələbatını ödəməyə yetərlidir. Yəni 18 il əhaliyə pulsuz qaz verə bilərik. Deməli, SOCAR pulsuz aldığı qazı əhaliyə pulla satır. Bütün b

unlarla yanaşı, “Azəriqaz” İstehsalat Birliyi məlumat verir ki, onlar ziyanla işləyir. Bahalaşan qaz da indiki halda aztəminatlı təbəqənin istifadə etdiyi qazdır, illik 1200 kubmetrə qədər olan qazdır. Buna əsasən 1 otaqlı mənzildə yaşayan pensiyaçılar, aztəminatlı təbəqənin üzvləri bu qədər qaz sərfinə malikdirlər. Bugünkü qərar onların dolanışığınl pisləşdirəcək”.

Natiq Cəfərli də kommunal qiymətlər haqda rəsmi açıqlamanın məntiqsizliklə dolu olduğunu deyib: “Əslində, dünya bazarlarına istinad edən Tarif Şurası qeyd etməliydi ki, Azərbaycan idxalçı yox, ixracatçı ölkədir. Dnüya bazarlarında enerji daşıyıcılarının qiymətinin dəyişməsi ixracatçı ölkələrə təsir etmir. Çünki Azərbaycan qaz, elektrik enerjisi ixrac edir, idxal etmir ki, dünya bazarlarından asılı vəziyyətə düşsün. Bundan əlavə, qaz qiymətlərinin artırılması ümumiyyətlə, doğru deyil. Çünki ABƏŞ uzun illərdir səmt qazını Azərbaycana pulsuz verir və təqribən 2.5, 3 milyard kubmetr ölkənin payına düşür ki, bu da daxili istehlakda əhaliyə düşən payın az qala 60-70 faizini təşkil edir. Əslində, bu, qiymət artımının qarşısını alan amilə çevrilməliyrdi. Yəni Tarif Şurası qərarını dünya bazarıyla əlaqəndirməsiylə absurda yol verib”.

Natiq Cəfərli-Sosial Media

Natiq Cəfərli deyir ki, Azərbaycan qanunvericiliyinə əsasən, əvvəllər rəsmi inflyasiyaya görə maaşlar və pensiyalar ilin əvvəlində indeksasiya olurdu: “2016-cı ildən məlum devalvasiya qərarlarından irəli gələrək rəsmi inflyasiya rəqəmləri çox yüksək olduğundan hökumət məlum qərarından imtina etdi və maaşları, pensiyaları artırmağa məcbur oldu. Yəni mexanizmi dəyişdilər, orta aylıq əməkhaqqının illik artım tempinə görə indeksasiyaya başladılar. Bu da Azərbaycan reallığında ildə 3-4 faiz civarında olurdu. İndi isə hökumət həmin qanuna əsaslanıb indeksasiyanı ildə bir dəfə aparmağa üstünlük verir, bu da nəticə etibarılə insanların dolanışığına ciddi mənfi təsir edir. Düzdür, dövlət başçısının təqaüdlərin və pensiyaların il ərzində artırılmasına səlahiyyətləri var, bir neçə dəfə minimum əmək haqqını artırıb da. Amma indi Nazirlər Kabinetinə tapşırmağı onu göstərir ki, ilin sonunda indeksasiya aparılacaq. Ola bilər ki, bu dəfə rəsmi inflyasiya rəqəmlərini götürsünlər, çünki rəsmi inflyasiya ölkədə 5.1 faizdir, təqribən 5 faiz artıma gedə bilərlər. Ancaq bu addım da insanların itkilərinə, gözləntilərinə cavab vermir, kommunal xərclər artdıqca, insanların ərzağa, dərmana, keyfiyyətli həyata çıxışı azalır. Çünki daha çox kommunal xidmətlərin ödənişini etməyə məcbur olurlar. Bu baxımdan insanların əmək haqları və təqaüdləri ilə bağlı yeni mexanizmlərin yaradılmasına ehtiyac var. Bizdə o mexanizmlərin yaradılması üçün institutlaşma yoxdur. Türkiyədə minimum əmək haqqının və təqaüd minimumunu hökumətlə həmkarlar birgə həll edir. Bizdə həmkarlar institutu ölü doğulan orqandır, parlamentdə isə cəmiyyət yetərli gücə və səsə malik deyil. Ona görə yeni mexanizmlər yaradılmalıdır ki, aylıq inflyasiya rəqəmləri ilə indeksasiya getsin. İnsanlar da görsün ki, bu ay aldıqlarından gələn ay 3-5 faiz çox alırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button