Sosial

“Bizi ən çox yoran tələbə qızlardı” – Bayram yarmarkasından reportaj

Yeni il ərəfəsində bir çox metrostansiyalarının yaxınlığında bayram yarmarkaları gözə dəyir. Burda daha çox bayrama aid oyuncaqlar, aksesuarlar satılır.

Şahlar Yusubov hər il bu yarmarkalardan birində  alver edir.

“Əsgərlikdən gələndən sonra alverlə məşğulam. İldə bir neçə dəfə belə yarmarkalar olur. Məsələn, bir ay Yeni İl bayramında, bir ay  Novruzda, bir müddət məktəb ərəfəsində yarmarkada işləmək  mümkündür. Qalan aylarda ya hardasa satıcı işləyirəm, ya da taksi sürürəm”, – o danışır.

Toplum TV

Ş.Yusubov bu il “28 may” metrostansiyası yaxınlığında təşkil olunan yarmarkadakı çadırlardan birində müştəri yolu gözləyir.

Onun sözlərinə görə, yarmarkada işləmək üçün özü müraciət edib: “Vaxtı özümüz bilirik. Vaxtı gələndə Ticarət və Xidmət Departamentinə müraciət edirəm. Onlar da hansısa metronun yaxınlığında bir çadır verirlər. Mən də öz yerlilərimi yığıram, birlikdə işləyirik”.

Şahlar Yusubov az qala hər gün “Sədərək” ticarət mərkəzindən mal alıb gətirdiyini söyləyir. Amma tez-tez  “əvvəlki alver yoxdur” deyə şikayətlənir.

“Düzü keçən il iş olmadı. Amma iki il əvvəl günə 2  min manat alver olurdu. Bu il isə 1000-1200 manat arası iş olur. Bayramdan sonra qalan malların bir çoxunda il yazıldığından gələn ilə yararsız olur. Həmin o mallar satılmayanda atılır”.

“Yuxuda belə “bu neçəyədir?” sözlərini eşidirəm”

Satıcı Şahlar Yusubov belə deyir. Amma o, bəzi müştəriləri kimi qiymətlərin baha olmadığını düşünür: “Qiymətlərin bahalığı bizdən asılı deyil. Mən malları “Sədərək”dən topdansatışdan alıram. Gətirib burda tək satanda təxminən eyni qiymət olur. Ona görə də düşünürəm ki, qiymətlər normaldır”.

Toplum TV

O, bəzi alıcıların onları yorduğunu da deyir, xüsusən də qızlardan narazılıq edir. “Bizi ən çox yoran tələbə qızlardı” deyir.

“Universitetdən dərs çıxışında bir qrup tələbə qız yığışıb gəlirlər. Çadıra girib başlayırlar qiymət soruşmağa, sonra bir-bir götürüb şəkil çəkdirirlər. Əllərinə götürdükləri malları da yerinə qoymurlar. Heç nə də almayıb gedirlər. Bu hər gün dəfələrlə təkrarlanır. Bir dəfə qızlardan birinə dedim ki, guya şəkil çəkdirmək 50 qəpikdi. Pul ödəməsin deyə “Bütün şəkilləri sildim” deyib çıxıb getdi”.

Vətəndaşlar nə deyir?

Yarmarkaya gələn müştərilərdən qiymətdən razı olan da var, narazı qalan da.

Nigar Heydərova qiymətlərin baha olduğunu deyir: “Əlimyandıda olmasan burdan nəsə almağa dəyməz. Burdakı malları “Sədərək”də çox ucuz almaq olar. Mən hər il nə alınmalıdırsa, siyahısını tuturam, sonra da bir dəfə gedib “Sədərək”dən alıram”.

Toplum TV

Müştəri Leyla Həsənli isə əksinə yarmarkaların onun işini rahatlaşdırdığını söyləyir: “Mənim bazara getməyə vaxtım olmur. Ona görə də işdən çıxanda elə burdan nə lazım olsa alıram. Düzdü qiymətlə bir az bahadır. Ancaq bəzən özləri endirim edirlər”.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxtın 12 rayonunda 20-yə yaxın yerdə  bayram çadırları qurulub.

Yarmarkalara Bakı Şəhər Ticarət və Xidmət Departamenti nəzarət edir. Qurumdan bildirilib ki, yarmarkadakı qiymətlərlə digər satış şöbələrindəki qiymətlər arasında 10 faizə qədər fərqin olması təmin edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button