Sosial

Bakıda suyun verilməsində qənaət qrafikinə keçildi

Fevral ayından etibarən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik ediləcək.

Jamaz.info xəbər verir ki, bunu “Xəzər TV”yə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O, xatırladıb ki, “Azərsu” ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılamsına dair xüsusi iclas keçirilib. İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin:

“Biz bu qrafiki yay aylarında tətbiq edirdik. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bildiyimiz kimi, Bakətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq. Deyək ki, gecə saatlarında suyun azaldılması, gündüz vaxtı qrafikdə dəyişiklik etməklə tənzimləmə həyata keçiriləcək. Əsas məqsəd də odur ki, yay aylarında su qıtlığı yaşanmasın”.

Əhalini sudan səmərəli istifadəyə çağıran A.Cəbrayıllı, həmçinin, insanları sudan qeyri-qanuni yollarla, uçotsuz istifadədən də çəkinməyə səsləyib: “İsrafçılığa yol verilməməlidir. Eyni zamanda, qanunsuz su xətlərinin çəkilməsinə son qoyulmalıdır. İnsanlar var, boş torpağı sulayır ki, sərinlik əmələ gəlsin. Sudan qeyri-qanuni, uçotsuz istifadə var. İstehlakçı var ki, bizdə uçotu yoxdur, amma sudan istifadə edir. Aşkar etmişik ki, sudan qeyri-qanuni istifadə edirmiş. Yaxud abonent var ki, sayğacdankənar su xətti çəkib. Hətta kanalizasiya xəttinin içindən su xətti çəkənlər olub. Biz belə halları aşkarlayırıq. Belə etmək olmaz”.

 

“Azərsu” sözçüsü əlavə edib ki, hazırda təxmini 1 milyon 750 min abonentin 250 mininin sayğacı yoxdur. Onun sözlərinə görə, sayğac olmayan ərazilərdə də böyük israfçılıq var: “İnsanların sudan istifadəyə münasibəti dəyişməlidir. İnsanlar israfçılqıdan, sudan qeyri-qanuni yollarla istifadədən çəkinməlidir. Azərbaycanın su ehtiyatlarının 2 faizi “Azərsu” tərəfindən içməli su kimi insanlara verilir. İl ərzində bu rəqəm təxmini 600 milyon kubmetr su edir. Biz burada 5 faizlik qənaət eləsək, bu, ildə 30 milyon kubmetr suya qənaət deməkdir. 30 milyon kubmetr su isə Bakı və Abşeron yarımadasının bir aylıq su istehlakıdır. Yeri gəlmişkən, Taxtakörpü su anbarında ötən ilin bu vaxtında təxminən 180 milyon kubmetr su ehtiyatı var idi. İndi 50 milyon kubmetr civarındadır. Ona görə də bir daha istehlakçılara səslənərək deyirik ki, artıq təbiət özü işini görüb, biz də vəziyyətdən çıxmalıyıq!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button