Sosial

“Bələdiyyə sədri icarəmdə olan torpağı ələ keçirmək istəyir” – Qalmaqal

“Biləsuvar rayonunun Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırov icarəyə götürdüyüm torpaq sahəsini qanunsuz yolla əlimdən almağa çalışır”. 

Bu barədə Jamaz-a Biləsuvar rayonunda fermer təsərrüfatı ilə məşğul olan Yaşar Əliyev bildirib.

Onun sözlərinə görə, bələdiyyədən 99 illiyə 9 hektar torpaq sahəsi icarəyə götürüb: “2018-ci ildə dedilər ki, bəs torpaq sahəsi sənəddə göstərildiyindən artıqdır. Ona görə də həmin hissə geri verilməlidir. Lakin ölçəndən sonra məlum oldu ki, artıq torpaq sahəsi yoxdur”.

Yaşar Əliyev bildirib ki, buna baxmayaraq, bələdiyyə sədri ondan xəbərsiz torpağın bir hissəsini Yusifəli adlı şəxsə satıb: “Mən bundan 2019-cu ildə xəbər tutdum. Yeri gəlmişkən, Yusifəli adlı həmin şəxs Ağalıkənd kəndinin sakini deyil. Bu bir yana, bələdiyyənin balansında olan torpaq hərrac vasitəsilə satıla bilər. Amma bunlar hərrac-filan keçirməyiblər. Köhnə tarixlə alqı-satqı müqaviləsi imzalayıblar. Mən bunda reyestr xidmətindən qeydiyyatdan keçmək istəyərkən xəbər tutmuşam”.

Fermer deyib ki, satılan ərazi 2 hektar 80 sot olub. Yaşar Əliyev bununla bağlı bələdiyyə sədrinə iradını bildirdikdən sonra alqı-satqı müqaviləsi ləğv edilib: “Elə özləri iclas keçirib, o adamın da yerinə imza atıb, alqı-satqını ləğv elədilər”.

Lakin bununla da problem bitməyib. Bələdiyyə sədri Yaşar Əliyevə bildirib ki, həmin torpaq sahəsinə görə Yusifəli adlı şəxsdən 3300 manat pul alınıb və həmin məbləğ geri qaytarılmalıdır: “Mənə dedilər ki, bu məbləği versən. torpaq sənin olacaq. Onsuz da həmin ərazini icarəyə götürdüyüm və icarə haqqını da vaxtında ödədiyim üçün bu pulu verməyə razı olmadım. Bundan sonra torpağı Rəhman Əliyev adlı şəxsə satıblar”.

Yaşar Əliyev növbəti dəfə Ülfət Bağırovla bu barədə danışdıqda bələdiyyə sədri onu hədələyib: “Mənə dedi ki, ümumiyyətlə, icarəndə olan bütün torpaq sahəsini əlindən alarıq. Bələdiyyə sədrinin qanunsuzluğu ilə bağlı müvafiq qurumlara şikayət etməyə başlayanda məni məhkəməyə verdilər. İddia qaldırdılar ki, guya torpağın icarə haqqını ödəmirəm. Halbuki mən Əmlak Komitəsinə gedəndə icarə haqqını ödəməyim barədə arayış veriblər. Məhkəmədə iddia etdilər ki, guya arayış saxtadır. Hakim bildirdi ki, ekspertiza keçirilsin. Onların nəzərinə çatdırdı ki, sənəd saxta olacağı təqdirdə, prokuroluğa müraciət etməli olacaq. Bundan sonra dedilər ki, bəs arayş saxta deyil. Bütün faktların xeyrimə olmasına baxmayaraq, məhkəmə onların xeyrinə qərar çıxardı”.

Yaşar Əliyev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Proses hələ baş tutmayıb: “Apellyasiya şikayəti verməklə kifayətlənməyəcəyəm. Bələdiyyə sədrinin qanunsuzğulu ilə bağlı müvafiq qurumlara şikayətlərimi davam etdirəcəm. Eyni zamanda onun korrupsiya əməlləri barədə faktları da müvafiq qurumlara təqdim edəcəm. Onu da qeyd edim ki, bələdiyyə sədri və onun yaxın ətrafı geri çəkilmədiyimi görüb mənə müxtəlif yollarla təzyiq etməyə çalışırlar”.

Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırov isə Yaşar Əliyevin ittihamlarının əsassız olduğunu bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button