Sosial

Azərbaycan bu ərazilərdən idxala məhdudiyyət qoydu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

JAMAZ.İNFO Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İsveç Krallığının Esterqotlandiya əyalətində Nyukasl, Macarıstanın Baç-Kişkun inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığının Esterqotlandiya əyalətindən və Macarıstanın Baç-Kişkun inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.(trend)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button