Sosial

Avtobus gecikmələrinin əsl səbəbi açıqlandı – Tıxac bəhanə imiş

“İctimai nəqliyyatda vəziyyət heç ürəkaçan deyil. Bununla bağlı cəmiyyətdə böyük narazılıq hökm sürür. Xüsusən də, son illər ərzində marşruta buraxılan avtobusların sayının bilərəkdən azaldılması, həmçinin dayanacaqlarda olan ödəmə terminallarının yığışdırılması kimi hallar vətəndaşlara neqativ ab-hava bəxş edir. Məsələn, yaşlı nəsil nümayəndələri şəxsi “BakıKART” ödəmə vasitəsindəki balansı artırmaq üçün bir neçə kilometr yol qət etməli, metro stansiyalarına üz tutmalı olur. Bu isə metronun da işini iflic edir”.

Jamaz.info xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert şəhərdaxili sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobusların gecikməsinin tıxacla əlaqələndirilməsinə də münasibət bildirib:

“Tıxac bu məsələdə sadəcə bir bəhanədir. Nümunə üçün 2 nömrəli avtobusu götürək. Həmin marşrutun uzunluğu təqribən 40 kilometrdir. Əlbəttə ki, bu marşruta ən azı 20 avtobus buraxılmalıdır. Amma biz faktiki olaraq görürük ki, həmin marşruta 10 avtobus buraxılır. Belə olduqda isə təbii ki, vətəndaş uzun müddət dayanacaqda gözləməli olur, işə gecikir və s. problemlərlə üzləşir”.

E.Cəfərov ictimai nəqliyyatda elektrik mühərriklə işləyən avtobuslardan istifadə olunacağına inandığını, hətta bu praktikanın artıq Naxçıvan Muxtar Respublikasında tətbiq olunduğunu və özünü doğrultduğunu söyləyib. O qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin AYNA-ya(Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) qoşulmasının ölkəmizin nəqliyyat sektorunda uğurlu bir irəliləyişə səbəb olacağı gözlənilir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button