Siyasət

Vasif Talıbovun keçmiş müşaviri: “İstefa verməklə düzgün etdim”

“Vasif Talıbovun gedişi bütün hallarda labüd idi. İndi onun gedişindən sonra muxtariyyatımızın əhalisini, coğrafiyasını və vaxtilə orada işlədiyim üçün indiyə qədərki idarəçiliyini az-çox tanıyan şəxs kimi Naxşıvanda bundan sonra nə ola biləcəyi üzərində düşünürəm…”.

Jamaz.info xəbər verir ki, bu fikirləri Naxçıvan MR Ali Məclisi sədrinin keçmiş müşaviri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O, muxtariyyatın taleyinin yenə oradakı köhnə komanda üzvlərindən kiminsə əlində qalacağından narahatdır:
“Muxtariyyatın taleyi yenə oradakı köhnə komanda üzvlərindən kiminsə əlindəmi olacaq?

Naxçıvanı lazımınca tanımayan kiminsə ümidinəmi qalacaq?

30 il talançı bir dəstənin üzündən inamı qırılmış yüz minləri ovundurmaq, könüllərini almaq üçün nələr ediləcək?

1997-ci ildə Ali Məclisdən niyə istefa verdiyimi və onun əsl səbəbləri üzərində bir daha düşündüm, qənaətə gəldim ki, 25 il əvvəl bu addıma məcbur edilsəm də, düzgün etdim…”.

A.Quliyev bildirib ki, şəxsi planda böyük məşəqqətlər yaşasa da, 27 illik rejimin yüz minlərlə naxçıvanlıya etdiyi nəhayətsiz pisliklərin məsuliyyətindən həqiqətən uzaq olmaq lazım idi…
Aydın Quliyev Naxçıvanın məşhur Cəhri kəndində anadan olub. Azərbaycan Dövlət Universitetin Tarix fakültəsini bitirib. 1998-ci ildədək Naxçıvan Dövlət Plan Komitəsində, Naxçıvan Dövlət Universitetində, sonra Naxçıvan Ali Məclisində sədrin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri vəzifələrində çalışıb.

2001-ci ildən “Hürriyyət” qəzetində baş redaktor işləyib, 2003-cü ildən isə “Bakı-Xəbər” qəzetini yaradaraq ona rəhbərlik edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.Aydın Quliyev 1992-ci ilədək Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü olub. 1992-ci ildə partiya sıralarından xaric edilib.

1992–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olub, sonra isə Demokratik Azərbaycan Partiyasını təsis edib.

1998-ci ildə Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşib və Aydın Quliyev yenidən ADP-çi olub.

2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra ADP daxilində münaqişə yaranıb. Aydın Quliyev və Sərdar Cəlaloğlu bu münaqişədə əsas iştirakçılar olub. 2005-ci ilin dekabrında ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilib.(Modern.az )

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button