Siyasət

Türkiyəli deputatlardan Kəlbəcərdəki erməni təxribatına etiraz

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribata Türkiyədən reaksiya gecikməyib. Qardaş ölkənin deputatları sərhəddə bir hərbçimizin şəhid olması, digərinin ağır yaralanması ilə nəticələnən hərbi təxribatı pisləyərək, Ermənistanı destruktiv mövqedən çəkinməyə çağırıblar.

Jamaz.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Yunus Kılıç Modern.az-abildirib ki, ermənilərin təxribata əl atması onların sülhə qarşı olmasından xəbər verir.

“44 günlük Vətən müharibəsindən sonra ermənilərin sülh tərəfdarı olacağını gözlədiyimiz halda, əksinə onlar bölgədə gərginliyin davamlı olmasını istəyirlər. Bu, əslində, bizim gözləmədiyimiz bir şeydir. Biz Ermənistanda yaşayanların, kasıb xalqın bunun tərəfdarı olmadığını düşünürük. Lakin daxili siyasətdə qisasçılıq meyilləri var. Halbuki, Ermənistan görüş masasına gedərkən daha konsturiktiv və sülhpərvər olmalıdır. Əgər belə olsa, bu, onların lehinə olacaq. Hesab etmirəm ki, bunu başa düşürlər. Ermənistan müharibədə uduzub, ölkədə aclıq və kasıblıq hökm sürür. Bütün bunları nəzərə alıb, bölgədə hüzur istəməli olduqları halda, təxribatçı və aqressiv mövqe nümayiş etdirirlər. Azərbaycanın sülh tərəfdarı olduğu, Türkiyənin də bunu dəstəklədiyi halda Ermənistanın silahlı təxribatlar törətməsi qəbuledilməzdir və biz bunu pisləyirik. Ermənistan çirkin əməllərdən əl çəkib, sülhə doğru getməlidir”, – türkiyəli deputat vurğulayıb.

Yunus Kılıç qeyd edib ki, Ermənistanın təxribatları törətməsi Türkiyə ilə sərhədlərin açılması prosesinə zərbədir. 

 “Türkiyə-Ermənistan sərhədi Ermənistanın Azərbaycanla problemlərini həll edib, Azərbaycanın haqlı tələblərini yerinə yetirəcəksə, açılacaq. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə, müxtəlif platformada vurğulayıb. Bizim bir ölkə ilə sərhədləri açmaq niyyətimiz ola bilər. Ancaq Ermənistan Azərbaycana verdiyi sözü tutmasa, sərhəd açıla bilməz. Ermənistan ortaq məxrəcə gəlməli, 30 illik işğaldan sonra azad edilən əraziləri Azərbaycanın torpağı olaraq tanımalıdır. Əks halda Ermənistanla sərhədlər açılmayacaq”.

TBMM-nin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən deputatı Atilla Sertel isə vurğulayıb ki, Ermənistan ordusunun silahlı hücumları cavabsız qalmayacaq:

“Qarabağ Azərbaycanın ərazisidir. Orada ermənilər Xocalı soyqırımı kimi unudulmaz faciəyə imza atıblar. Gənc, uşaq demədən yüzlərlə insanı öldürüblər. O ərazilər illər sonra Azərbaycanın mücadiləsi nəticəsində geri alındı. Əlbəttə, Azərbaycanın qələbəsini həzm edə bilməyən irqçi erməni lobbiləri var. Buna baxmayaraq, hesab edirəm ki, o torpaqların Azərbaycanın ərazisi olduğunu bütün dünya qəbul edəcək, hər  şey öz həllini tapacaq”.

“Azərbaycana başsağlığı diləyirəm. Dünyanın heç bir ölkəsində savaşın olmasını istəmirəm. Müharibə haqlı səbəblər yaranarsa, ola bilər. Haqsız yerə təxribat törətmək, günahsız insanları öldürmək cinayətdir və mütləq cavabı olmalıdır. Azərbaycan və Ermənistan arasında problemlər sülh yolu ilə həll olunmalıdır. Bunun üçün Ermənistan tərəfi təxribatlardan əl çəkməlidir. İndi əsas məsələ problemlərin sülh yolu ilə həll edilməsidir. Azərbaycanın sülhpərvər yanaşması, öz torpaqlarının qorunması istiqamətində təmkin nümayiş etdirməsi dünyaya nümunədir. Azərbaycan bundan sonra da düşmənin təxribatlarına uymamalı, səbrlə diplomatik görüşləri davam etdirib, sülhə nail olmalıdır”, – deyə CHP təmsilçisi bildirib.

Qeyd edək ki, Ermənistan ordusu yenidən təxribatlara əl atıb. Ötən gün axşam saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button