Siyasət

“Turan layihəsini reallaşdırmaq üçün rusladan bizə miras qalan avtoritarizmə son qoyulmalıdır” – Rəşad Bakuvi

Rusiya-Ukrayna müharibəsi fonunda qlobal qarşıdurmanın doğurduğu yeni reallıqlardan biri də türkdilli dövlətlərin birliyi, böyük Turan layihəsidir.

Bu layihə Çinin ekspansiyasını təhlükə hesab edən Qərb üçün də cəlbedici görünür. Rusiya Prezidenti Vladimir Putinin imperialist siyasi kursuna qədər Qərb Çinlə rəqabətdə Moskvanı əsas partnyor kimi görürdüsə, Ukraynaya təcavüz hər iki qütb arasında körpülərin tamamilə yanmasına səbəb oldu. Bu vəziyyətdə Qərb Rusiyaya alternativ kimi Turan layihəsini nəzərdən keçirə bilər.

Mövzu ilə bağlı Jamaz.info-ya Azərbaycan Yüksəliş Partiyası başqanının siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi hesab edir ki, Turan layihəsinin gerçəkləşməsi realdır. Lakin müəyyən problemlər var ki, aradan qaldırılmalıdır:

-Türk dövlətlərinin birliyi çox mühüm, eyni zamanda tarixi hadisədir. Bu, sürətlə dəyişən və sürprizlərlə dolu olan geosiyasi və geoiqtisadi reallıqlar fonunda xalqlarımızın sifarişidir. Hər kəs baş verənlərdən son dərəcə məmnundur. Ancaq “əmma”lar da yox deyil.

-Hansı “əmma”lardan söhbət gedir?

-Bu ölkələrdə demokratiya, azad, açıq cəmiyyət, hüququn aliliyi, çoxpartiyalı plüralist sistem, siyasi təqiblərin və siyasi məhbusların olmadığı çoxhakimiyyətli effektiv mürəkkəb idarəetmə mexanizmləri, ədalətli institutlaşma, azad media, dünyanın belə həsəd aparacağı sosial rifah, zənginlik olmasa, proseslər içi çürük qoz təsiri bağışlayacaq. Üstü bəzək, altı təzək olacaq.

Ölkəmiz və qardaş dövlətlər adına yaxşı, faydalı, strateji əhəmiyyət daşıyan hadisələri təqdir edirik, lakin iç məsələlərdə həllini gözləyən kifayət qədər xeyli problem var. Bu problemlər ədalətli yanaşma və çevik həll istəyir. Mütərəqqi ideyalar və işlər sözdə yox, əməldə həyata keçirilməlidir –

-Yəni, düşünürsünüz ki, bu problemlər aradan qaldırılmayacağı təqdirdə Turan layihəsinin reallaşması mümkün olmayacaq?

-Turan, başqa adla Türk Dövlətləri Təşkilatı gerçək mənada bölgənin sahibi olmaq, dünyada güc mərkəzinə çevrilmək istəyirsə, bütün mənalarda, həyatın zəruri bütün sahələri üzrə cəzbediciliyini təmin etməlidir, bundan ötrü isə hərə öz ölkəsində cəmiyyətə yönəlik, daha çox rusladan bizə miras qalan, diktaturalara, avtoritarizmə, zorakı idarəetməyə son qoymalıdırlar! Əks halda, heç bir iş, yaxşı görüntüsü olan heç bir proses doğru və səmimi anlaşılmayacaq, zərəri və ziyanı xeyirindən, faydasından daha çox olacaq, şəxsi maraq və çıxarlar kimi başa düşüləcək.

Zakir

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button