Siyasət

Səfirliyə hücumda diqqətçəkən detal – “Bu, terrorçuların rəmzidir”

Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücum birmənalı olaraq terror aktıdır. Bu hadisəyə başqa don geyindirmək mümkün deyil.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyənin təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti İmbat Muğlu bildirib. O, fikirlərini belə əsaslandırıb:

“Bu hücuma ayrı don geyindirmək olmaz. Hücumda istifadə edilən “Kalaşnikov” tipli silah terrorçuların geniş istifadə etdiyi markadır. Bu, həmin silahın keyfiyyətinin yüksək olmasından irəli gəlmir. PKK və digər terror qruplaşmaları da bu silahdan istifadə edirlər. “Kalaşnikov” sadəcə olaraq terrorçuların rəmzinə çevrilib”.

Ekspert bu gün Azərbaycan səfirliyində baş vermiş hadisəni ASALA terror təşkilatının hücumlarına bənzədib:

“İllər öncə ASALA terror təşkilatı Türkiyə səfirliklərinə hücum edib, silahdaşlarımızı və səfirlərimizi qətlə yetirib. Azərbaycan səfirliyində baş verən hadisə də buna bənzəyir. ASALA terror təşkilatı artıq ortadan qaldırılsa da, PKK və ona bənzər terror təşkilatları fəaliyyətləri davam edir”.

Türkiyəli ekspertin fikrincə, İran rejimi Azərbaycanın güclənməsini qəbullana bilmir:

“İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. İran hakimiyyəti bu insanları təhdid olaraq görür. Məncə, həyata keçirilən terror aktının hansı qruplaşma tərəfindən törədilib-törədilməməsinin fərqi yoxdur. Hətta bu terror aktının törədilməsində İran rejiminin də əli ola bilər. Əlbəttə, bundan sonra durum necə olacaq, onu zaman göstərəcək. Ancaq Azərbaycan Prezidenti, eləcə də Türkiyə Prezidenti və Türkiyə xarici işlər naziri bu istiqamətdə öz fəaliyyətini ən təsirli şəkildə davam etdirəcək. Allahdan şəhidimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button