Siyasət

Rusiya XİN Bakı və İrəvana çağırış etdi

Rusiya İrəvanla Bakı arasında münasibətlərdə yaranan neqativ tendensiyalardan, eləcə də bölgədə gərginliyin artması ilə müşayiət olunan kəskin ritorikanın və ittiham mübadiləsinin güclənməsindən narahatdır.

Jamaz.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Ermənistan və Azərbaycan tərəflərini xoş niyyət nümayiş etdirməyə və birgə kompromislər axtarmağa çağırırıq. Biz buna hər cür kömək edəcəyik”, – o deyib.
Zaxarova qeyd edib ki, erməni tərəfi Azərbaycan tərəfi ilə 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırlan görəşə gəlsəydi, orada problemli mövzular, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə oluna bilərdi.

“İstənilən halda Rusiya tərəfinin təklifi qüvvədə qalır, o, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”, – Zaxarova fikrini yekunlaşdırıb.

Zaxarova Ermənistanın  KTMT təlimləri keçirməkdən imtina etməsinə də münasibət bildirib.

O xatırladıb ki, Ermənistan ötən il də KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Onun fikrincə, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən qurmağa məcbur edir.

“Biz güman edirik ki, nəticədə bu il KTMT sülhməramlılarının effektiv təliminin təşkili, onların əlaqələndirilməsi və bacarıqlarının artırılması üçün optimal həll yolları tapılacaq”, – Zaxarova bildirib.

Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button