Siyasət

Rusiya Azərbaycanda konsulluq açmağa tələsir: Səbəb nədir?

“Azərbaycanda Rusiyanın baş konsulluğunun yaradılması bu ölkənin Xankəndidə də konsulluq yaratmaq cəhdinə gətirməyəcəksə, həmin təklifdə qeyri-adi və ölkəmiz üçün təhlükəli heç nə yoxdur”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiyada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bu ölkənin Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycanda Rusiyanın baş konsulluğunun açılması təklifini səsləndirməsinə münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, Kremlin bu addımı İrəvana təzyiq metodu kimi nəzərdə tutula bilər:
“Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhəri daxil olmaqla, bir neçə şəhərində konsulluq xidməti fəaliyyət göstərir. Konsulluq  münasibətlərinin olması dövlətlərarası münasibətlərin inkişafının göstəricisi kimi qiymətləndirilir. Qardaş Türkiyənin Naxçıvan və Gəncədə, İranın isə Naxçıvanda konsulluğu fəaliyyət göstərir.
Rusiyanın sonrakı mərhələdə Xankəndidə də anoloji addımın atılması istiqamətində alt niyyətləri olmayacaqsa, konsulluğun açılması təklifi Bakı ilə Moskva arasında münasibətlərin inkişafında Rusiyanın maraqlı olduğunu göstərir. Eyni zamanda, Kremlin bu addımı İrəvana təzyiq metodu kimi nəzərdə tutula bilər. Paşinyan son zamanlar Qərbə doğru istiqamət  götürüb. Belə vəziyyətdə bu kimi fəaliyyətlərlə Moskva göstərmək istəyir ki, onun Cənubi Qafqazda əməkdaşlıq edəcəyi alternativ ölkə var”.
Qeyd edək ki, Moskvada səfərdə olarkən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirərək Moskvanın Azərbaycanda baş konsulluğunun açılması təklifini irəli sürüb.  Məlumatlara görə, Rusiya baş konsulluğu Gəncə şəhərində açmaq istəyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button