Siyasət

Qarabağ etirafı, yoxsa… – Paşinyan bunu çoxdan deməliydi

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında Qarabağla bağlı etiraflar edib. O, Qarabağın Azərbaycana məxsus olduğunu və dünya ölkələrinin də bu mövqedən çıxış etdiyini erməni ictimaiyyətinin diqqətinə çatdırıb.

“Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”,- deyə Paşinyan çıxışında söyləyib. Onun fikirləri Ermənistanda müxtəlif cür yozulub. Müxalif düşərgə baş nazirin açıqlamasını Ermənistanın məğlubiyyəti kimi dəyərləndirib, iqtidar komandası isə artıq hər kəsin Qarabağ reallığını qəbul etməli olduğunu bəyan edib.

Əslində Paşinyanın Qarabağ etirafı nədən xəbər verir?

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Paşinyan jurnalistlərlə görüşündə xeyli etiraflar edib və bunların sırasında Qarabağ məsələsinin də olması diqqətçəkəndir:

“Yeri gəlmişkən, Paşinyan 30 il ərzində BMT-nin 4 qətnaməsinə kağız parçası kimi baxdıqlarını da etiraf edib. Daha sonra Qarabağın bütün dünya tərəfindən Azərbaycan torpağı kimi tanındığını dilə gətirib. Ancaq bu etiraflar müqabilində insanların şüurlarında köklü dəyişikliklər baş vermir. Bu da onların beyinlərinin 30 il ərzində zərərli fikirlərlə doldurulduğunu göstərir. Buna görə də, reallıqlara adekvat reaksiya verə bilmirlər. Ermənistan siyasi rəhbərliyi çoxdan deməliydi ki, Qarabağ Azərbaycan torpağıdır, bizim burada heç bir hüququmuz yoxdur və bu məsələdən əl çəkməliyik. Bunu açıq desələr, vəziyyət fərqli olardı”.

Politoloqun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi etiraflarla yanaşı, absurd fikirlər də səsləndirir:

“Hansısa məsələ ilə bağlı faktı etiraf etdikdən sonra başqa fikirlər səsləndirirlər. Məsələn, deyirlər ki, Qarabağdakı erməniləri yalnız buraxmamalıyıq, onlara dəstək olmalıyıq. Bir halda ki, Ermənistan siyasi rəhbərliyi, şəxsən Paşinyan Qarabağın dünya ictimaiyyəti tərəfindən Azərbaycan torpağı kimi tanındığını etiraf edir, belə olan halda Ermənistanın nə işi var ki, Qarabağdakı erməniləri dəstəkləsin? Bunu hansı ixtiyarla edə bilər? Bu, Ermənistanın reallıqlarını göstərir. Bunun da səbəbkarı beynəlxalq ictimaiyyətdir. Fransanın, Amerikanın, Rusiyanın timsalında digər dünya dövlətləri bu illər ərzində Ermənistana “madam ki, bura sənin ərazin deyil, sənin orada heç bir hüququn yoxdur” demirdilər. Bu da bizim indiki dünyamızın bəlalarından biridir”.

İ.Vəlizadə vurğulayıb ki, Paşinyan belə çıxışlarla ictimai rəyi dəyişdirmək istəyir:

“Paşinyan bu etirafları açıq şəkildə edir. Çünki ictimai rəyi dəyişmək istəyir. Daha sonra hərəkətlərinə bəraət qazandırmaq istəyir. Paşinyan yaxşı bilir ki, bütün hallarda sülh müqaviləsi imzalansa, yenə də etiraf etməlidirlər ki, Qarabağ Azərbaycan ərazisidir. Buna görə də, öz hərəkətlərinə əsas gətirmək istəyir. Həm də Paşinyan cəmiyyətə bunları izah edə bilmir. Digər ölkələr də Ermənistan cəmiyyətinə məsələni düzgün şəkildə çatdırmırlar.

Məsələn, Fransa prezidenti Emmanuel Makron deyir ki, “Azərbaycan “Dağlıq Qarabağ”ın bir hissəsini işğal edib”. Nensi Pelosi gəlib, Ermənistanda ağlayır. Deyir ki, Azərbaycan guya düz etmir. Bu da erməni cəmiyyətində dualizmin yaranmasına səbəb olur. Yəni bir yandan etirafları edirlər, digər yandan isə “Qarabağda haqqımız var” deyirlər. Dünya siyasətindəki ikili standartlar davam etdikcə, vəziyyət dəyişən deyil. Yalnız Azərbaycanın atdığı addımlar, sülh müqaviləsinin imzalanması mövcud vəziyyəti dəyişə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button