Siyasət

Putin: “Bütün bunlardan Dağlıq Qarabağ sakinləri faydalanmalıdır”

“Nə Azərbaycan, nə də Ermənistan Qarabağda böhranın inkişaf etməsində maraqlı deyillər”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi canlı mətbuat konfransında deyib.

O deyib ki, Rusiya bu ciddi böhranın nizamlanmasında mühüm rol oynayıb. “Böhranın dərinləşməsində nə Azərbaycan, nə Ermənistan maraqlı deyil. Dağlıq Qarabağda yaşayan əhali isə ümumiyyətlə, bunu arzulamır. Məsələnin vacib məqamlarından biri də odur ki, əgər biz sülh şəraitində və dostcasına yaşayarıqsa, o zaman insanların həyat şəraitini yaxşılaşdırmış olacağıq. Həmçinin təhlükəsizlik mühitinin formalaşdırılması, ailələrin sakit yaşaması, iqtisadi, sosial inkişafın təmin edilməsi bundan asılıdır. Bu hamısından çox Qarabağda yaşayanlar üçün vacibdir və lazımdır. Onlar həmişə həyacanla yaşayıblar. Çünki müharibənin hər zaman başlayacağını düşünüblər. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi yaxşı bilir”.

Putin daha sonra deyib ki, hazırda çox problem var. “Normal infrastrukturun bərpası, Ermənistan və Azərbaycan sərhədində, xüsusən dövlət sərhədinin olduğu yerlərdə müvafiq iş aparmaq üçün sərhədin müəyyənləşdirilməsi ilə bağlı məsələlər var. Əslində, həmin sərhəd heç mövcud olmayıb. Yalnız ittifaq respublikaları arasındakı inzibati sərhəddən ibarət olub”.

Rusiya prezidenti bildirib ki, hazırda onlar bu məsələlərin həllinə çalışırlar. “İndi prosesin əməli mərhələsindəyik. Bunun üçün üçtərəfli bir qrup yaratmışıq (Rusiya, Ermənistan və Azərbaycan) və bölgədə normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik. Bu işdən faydalananlar təbii ki, Dağlıq Qarabağ sakinləri olmalıdır. On illərdir toplanmış bütün çətinliklərə baxmayaraq, belə olacağını düşünmək istərdim”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button