Siyasət

Prezidentin Ukrayna səfəri Azərbaycana nə qazandırır?

“Ukrayna və Azərbaycan arasında ticarət sahəsinin inkişafı üçün məhsulların müqayisəli üstünlük prinsipi əsasında daha üstün şərtlərlə bir-birinə ötürülməsi istiqamətində saziş imzalana bilər”.

Bunu iqtisadçı ekspert Rəşad Həsənov Prezident İlham Əliyevin Ukrayna səfərinin iki ölkə arasındakı iqtisadi münasibətlərə təsirini “Toplum TV”-yə şərh edərkən deyib.

Ukrayna və Azərbaycan prezidentləri arasında görüş yanvarın 14-də Kiyevdə baş tutub.

İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında həmkarına təşəkkür edib: “Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksək səviyyəli siyasi dialoq aparılır”.

Prezident deyib ki, görüş zamanı iki ölkə arasındakı gələcək inkişaf perspektivləri müzakirə edilib və vacib qərarlar qəbul edilib: “Bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”.

Prezidentin Ukrayna səfəri daha çox iqtisadi mövzularla gündəmdə qalıb

İlham Əliyev mətbuata açıqlaması zamanı deyib ki, SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir: “Şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir”.

İlham Əliyev və Volodimir Zelenski

Prezidentin sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin.

İqtisadçı ekspert Rəşad Həsənov iki ölkə arasındakı iqtisadi münasibətləri şərh edərkən deyir ki, Ukrayna Azərbaycan üçün ənənəvi bazar hesab olunur: “Ukrayna keçmiş SSRİ-nin bir parçası olub. Orada kifayət qədər azərbaycanlı məskunlaşıb. Müstəqillik dövründə bu, Azərbaycanda istehsal olunan məhsulların Ukrayna bazarlarına çıxarılması üçün müəyyən bir körpü rolunu oynayıb. Həmçinin eyni zamanda Azərbaycan məhsullarının Ukrayna bazarlarında satış imkanları nisbətən daha məqsədəuyğun və asan olub. Ukrayna özü orta keyfiyyətli məhsul istehsalçıdır. Azərbaycan alıcısının bugünkü alıcılıq qabiliyyəti bu standartlara cavab verən məhsulların istehlakına nisbətən daha uyğundur. Bizdə daha yüksək keyfiyyətli məhsulları istehlak etmək imkanları məhdud olduğu üçün bu məhsulları alırıq”.

Yanvarın 14-də “Toplumun Nəbzi”-proqramının qonağı olan iqtisadçı ekspert Rövşən Ağayev də Ukraynanın çox böyük bazar olduğunu deyir. Amma onun sözlərinə görə, Azərbaycan bu bazara qeyri-neft ticarəti ilə gedib çıxa bilməyib.

Rövşən Ağayev – Sosial Media

“Bu görüşdə müzakirə olunan mövzulardan biri də torpaq götürüb taxıl əkmək mövzusudur. Ukrayna nəhəng torpaq resursları olan ölkədir. Bu sahədə Ukrayna ilə əməkdaşlıq aparıla bilər”, – deyə o qeyd edib.

“Hökumət oturub bunu ətraflı düşünməlidir”

Rəşad Həsənov deyir ki, iki ölkə arasında investisiya sahəsində də çox ciddi problemlər var.

“Ukrayna Azərbaycana 20-30 milyon dollar dəyərində investisiya edib, Azərbaycan isə Ukraynaya 2,5 milyard dəyərində. Bu çox təəssüf doğuran haldır. O baxımdan ki, bu, həm də bir ölçü meyarı kimi istifadə oluna bilər. Yəni, bu, Azərbaycanda investisiya mühitini arzu olunan səviyyədə olmadığını göstərir. Əhalisi bizdən təxminən 6 dəfə çox olan, iqtisadiyyatı bizimlə müqayisədə xeyli böyük olan bir ölkədən cəmi 20-30 milyon investisiya cəlb etmişik”, – deyə o vurğulayıb.

Rəşad Həsənov da münbit torpaqlardan istifadə məsələsində geniş imkanların mövcud olduğunu qeyd edir.

Rəşad Həsənov – Açıq mənbələrdən götürülüb

“Ukraynanın böyük və kənd təsərrüfatı üçün yararlı torpaq sahələri var. Azərbaycan dünya təcrübəsindən istifadə etməklə icarə əsasında bu torpaqlardan istifadə edə bilər.  Ərzaq təhlükəsizliyinin gücləndirilməsi aspektindən, xüsusilə də taxıl təminatı aspektindən bu məqam diqqət mərkəzində saxlanılmalıdır”, – R.Həsənov deyib və əlavə olaraq qeyd edib ki, bu təcrübədən Çin, ABŞ  və Malaziya uzun müddətdir ki, istifadə edir.

Azərbaycan Prezidentinin Ukrayna səfərinin siyasi aspektləri

Topçubaşov Mərkəzinin analitiki Məhəmməd Məmmədov deyir ki, Prezident İlham Əliyevin Ukraynaya səfərinin regionda artan Rusiya-Qərb gərginlikləri fonunda baş verməsi Azərbaycanın müstəqil xarici siyasət yürütmək niyyətində qərarlı olduğunun göstəricisidir.

Tədqiqatçı xatırladır ki, İlham Əliyev Ukraynaya rəsmi Kiyevin dəvəti əsasında yollanıb: “Prezident Zelenski Dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Prezident Əliyevlə görüşdə onu Ukraynanın müstəqilliyinin 30-cu il dönümündə Kiyevə səfər etməyə dəvət etmişdi. Sadəcə olaraq, səfərin Rusiya ilə Ukrayna arasında başlana biləcək müharibə ehtimallarının artdığı bir zamanda baş tutması ona xüsusi bir məna qatır. Azərbaycan xüsusilə də Rusiyanın Krımı işğal etməsi və Donbasda yeni münaqişə ocağı yaratmasından sonra mütəmadi olaraq Ukraynanın ərazi bütövlüyünü qarşılıqlı olaraq dəstəkləyib və son səfərdəki bəyannamə də məhz bu proqnozlaşdırılabilən siyasətin tərkib hissəsi kimi başa düşülməlidir”.

Prezidentlərin mətbuata çıxış zamanın hər ikisinin yaxşı bildiyi rus dilində deyil, milli dövlət dillərində danışması məsələsinə toxunarkən Məhəmməd Məmmədov deyir ki, burada məsələnin diplomatik, simvolik tərəfi çox önəmlidir: “Ukraynada hal-hazırda rus dili həssas məsələdir və xüsusilə Ukrayna və Rusiya arasında son baş verən hadisələr kontekstində tərəflərin bu barədə fərqli addım atması qəribə olardı”.

Məhəmməd Məmmədov – Açıq mənbələrdən götürülüb

Siyasi analitikin sözlərinə görə, Rusiyanın qonşuluğunda Azərbaycan kimi müstəqil xarici siyasət yürüdən ölkənin olması Qərbdə də xoş təəssürat oyadır. Bununla belə, o qeyd edir ki, Prezidentin Kiyev səfəri Moskvada qıcıq doğura bilər.

“Amma Rusiyada başa düşürlər ki, Azərbaycanın Ukraynaya dəstəyi açıq aşkar anti-Rusiya xarakteri almayacaq. Bu məsələdə Azərbaycanın mövqeyi Rusiyaya məlumdur və bu səfərdə də Rusiyanın gözləmədiyi hər hansı hadisə baş verməyib”, – deyə o bildirib.

Xatırlatma

Kiyevdə Ukrayna və Azərbaycan prezidentlərinin danışıqlarının yekunlarına görə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyannamə imzalanıb.

Sənəd tərəflərin strateji tərəfdaşlığı dərinləşdirməyə, xüsusən qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələr həyata keçirməyə hazır olduğunu təsdiq edir. Bu layihələr arasında Qara Dəniz – Xəzər regionunda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin edilməsi üzrə layihələr də var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button