Siyasət

Paşinyan: “İrəvan yeni sülh təkliflərini Bakıya göndərib”

“Vəziyyətdə yeganə dəyişiklik odur ki, “Qırmızı Xaç” və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri vasitəsilə Laçın dəhlizi ilə müalicəyə ehtiyacı olan vətəndaşların və digər vətəndaşların müəyyən hərəkətinə başlanılıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri bu gün keçirdiyi hökumətin iclasında deyib.

O iddia edib ki, Laçın dəhlizinin birtərəfli qaydada açılması, yəni girişin qarşısının alınması əvəzinə, Qarabağdan çıxışa icazə verilməsi guya, hansısa planlarının hazırlanması ilə bağlıdır.

Paşinyan daha sonra çıxışında deyib ki, Ermənistanda çoxlu sayda Qarabağ sakinləri var ki, onlar Qarabağa qayıda bilmirlər. “Onlardan 5 minə yaxını ötən ilin dekabrından Laçın dəhlizinin bağlanması, daha 30 min nəfəri isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 7-ci bəndinin yerinə yetirilməməsi nəticəsində buradadır”.

Ermənistanın baş naziri iddia edir ki, guya, 7-ci bəndin icra edilməməsi Azərbaycanın planlarından xəbər verir. “Bu müddəanın yerinə yetirilməməsi və digər faktlar davamlı olaraq sübut edir ki, Azərbaycanın əsas məqsədi Qarabağ ermənilərinə qarşı etnik təmizləmə aparmaq yolu ilə erməniləri Qarabağdan çıxarmaqdır”.

Baş nazir daha sonra bildirib: “Bakı davamlı olaraq müxtəlif vasitələrlə Xankəndi ilə dialoqu torpeda edir. Məsuliyyəti Qarabağın üzərinə qoymağa çalışır. Ermənistanın mövqeyi dəyişməz olaraq qalır: Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu vasitəsilə həll edilməlidir”.

Baş nazir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yeni təkliflərinin Azərbaycan tərəfinə göndərildiyini də bildirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button