Siyasət

Konresdə Azərbaycan dinləmələri: Donfird “Qarabağ xalqı”ndan danışır

Dünən ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Cənubi Qafqaz üzrə dinləmələr keçirilib. JAMAZ.İNFO “Amerikanın səsi”nə istinadən xəbər verir ki, həmin diləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Kern Donfrid çıxış edib və konqresmenlərin suallarını cavablandırıb. Əsas müzakirə mövzusu isə Azərbaycan və Ermənistan olub.

O bildirib ki, bu gün onun Vaşinqtona gələn yüksək rütbəli Azərbaycan rəsmisi ilə bu məsələni birbaşa müzakirə etmək imkanı olacaq. “Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpası üçün lazımolan addımları atacağıq”.

Konqresmen Cim Kosta isə bildirib ki, o, Bakının sülhə can atdığını düşünmür. “Azərbaycan yalnız Ukraynadakı müharibə şəraitindən istifadə edir. Bu kontekstdə 907 saylı qətnamənin ləğv edilməsi və Azərbaycana hərbi yardımın göstərilməsi yanlışdır. İki tərəf danışıqlar aparanda Azərbaycan Ermənistanla Qarabağ arasında humanitar əhəmiyyət kəsb edən yolu bağlayır. Həmçinin Qaraağa gedən qaz kəmərini bağlayır, qışın ortasında 120 min insan istiliksiz qalır. Bunun vicdanlı yanaşmanın təzahürü olduğunu düşünmürəm”.

ABŞ dövlət katibinin müavini xatırladıb ki, Dövlət Departamenti bu münasibətlə Azərbaycan hökumətini dəhliz vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb, çünki onun bloklanması ciddi humanitar nəticələrə və sülh prosesinin pozulmasına gətirib çıxara bilər. Donfridin sözlərinə görə, danışıqlar prosesinin əsas problemlərindən biri tərəflər arasında etimadın olmamasıdır. “Administrasiya tərəflərin bir-birini və qarşılıqlı narahatlıqlarını anlaması üçün dialoqu təşviq etməyə çalışır. Daha konkret desək, xarici işlər nazirləri sülh müqaviləsi üzərində işləyirlər. Onların bu ilin sonuna kimi ortaq məxrəcə çatacağına ümid edilirdi, lakin həmin müddətdə buna nail olmağın mümkün olub-olmayacağı bəlli deyil”.

Onun sözlərinə görə, bu gün Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə vermək üçün unikal imkan var. “Ona görə də Vaşinqton ikitərəfli, üçtərəfli və çoxtərəfli formatda danışıqlar prosesində fəal iştirak edir, Avropa İttifaqı və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir və Qarabağ xalqının hüquqları və təhlükəsizliyi bu müzakirələrin əsas komponentləri olmalıdır. Biz bu fürsət pəncərəsinin bağlana biləcəyinin çox fərqindəyik. Düşünürəm ki, bugünkü vəziyyətin spesifikliyi qismən Rusiyanın regionun dinamikasını dəyişən Ukraynaya qarşı müharibəsi ilə bağlıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button