Siyasət

İNANMAQ İSTƏYİRİK Kİ..

İnanmaq istəyirik ki, Ordumuzun dağ-meşə massivində 25.03.2023 tarixində həyata keçirdiyi uğurlu hərbi əməliyyatı hərbi-strateji baxımdan əlverişli mövqelərə çıxmaqla, sırf Qarabağımızın rus-erməni hərbi birləşmələrindən təmizlənməsinə, siyasi olaraq isə, Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanması prosesinə xələl gətirən təxribatların qarşısının alınmasına xidmət edir. İnanmaq istəyirik ki, Ordumuzun bu son uğurlu hərəkətlənməsi dövlət olaraq sırf müstəqil qərarların nəticəsidir və hər hansısa geosiyasi oyun elementləri mövzu-bəhis deyil. İnanmaq istəyirik ki, bu baş verənlər, qətiyyən, Kremlin siyasi dəsti-xəttindən guya çıxdığı iddiaları fonunda Ermənistanın indiki siyasi hakimiyyətini, konkret baş nazir Nikol Paşinyanı “cəzalandırmaq” üçün həyata keçirilən “təmbehləmə əməliyyatı”nın bir parçası deyil, tamamilə legitim suveren haqlarımızın təmin olunmasından ibarətdir.

İnanmaq istəyirik ki, Ordumuzun sahədə atdığı hər bir qətiyyətli addım Azərbaycana ərazi iddalarını hələ də davam etdirən, sülh bağlamağı ləngitmək üçün hər cür təxribata hazır olduğunu nümayiş etdirən Ermənistan dövlətini yerində oturtmağa və Azərbaycanın irəli sürdüyü şərtlərdə sülh müqaviləsi bağlamağa məcbur edəcək.

Bununla belə, başqalarının “əlinə oynayan” “Ermənistan siyasi hakimiyyətinin cəzalandırılması” prosesində Azərbaycanın rol alması nə dövlətimizə, nə də onun hərbi-siyasi müttəfiqlərilə birlikdə bölgədə yaratdığı yeni əlverişli geosiyasi reallıqlara uyğundur, ona görə bu kimi yersiz və lüzumsuz reveranslardan nə qədər uzaq olsaq, bir o qədər xeyrimizədir. Rusiyanın indiki isteblişmentinin, az qalsın dünyadan təcrid olunduğu və Rusiya prezidentinin cinayətkar elan edildiyi bir vaxtda bizim yeganə qayğımız hüquqi və siyasi olaraq nəzarət edə bilmədiyimiz suveren ərazilərimizə geri qayıtmağa nail olmaqdır. Bundan ötrü səmimi sülh və barış təşəbbüslərini dəstəkləməklə yanaşı, bu baş tutmadığı halda, hərbi planda sərt məcburetmə haqqımızı da saxlamaqda fayda var. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi, hər zaman olduğu kimi, bizim milli və strateji olaraq qırmızı xəttimizdir.

Fakt budur ki, son vaxtlar hələlik nəzarət edə bilmədiyimiz suveren ərazilərimizə guya sülhyaratma missiyası adı altında müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyannaməsi çərçivəsində öz missiyalarına, həmçinin üzərlərinə düşən öhdəliklərə əməl etmək əvəzinə, erməni separatizmini himayə altına almasını sübut edən olayların çoxalması, istər-istəməz Azərbaycan cəmiyyətini də hiddətləndirməkdədir. Azərbaycan iqtidarını, beynəlxalq hüququ tanımayan, Ukrayna işğalı fonunda mehriban qonşuluq siyasətindən imtina edən Rusiyanın istər siyasi hakimiyyətini, istər xarici siyasət idarəsini, istərsə də hərbi komandanlığını təmsil edənlərin hər vəchlə Azərbaycan dövlətçiliyini ələ salan, Azərbaycan cəmiyyətini qıcıqlandıran dəyişkən, saymazyana mövqeyini və hərəkətlərini, bəyanat və açıqlamalarını aydın şəkildə görməyə, doğru oxumağa, eləcə də Azərbaycan Respublikasının gələcək mövcudluğu baxımından geosiyasi və geostrateji mövqeyini məhz buna görə düzgün müəyyənləşdirməyə çağırırıq.

10 noyabr 2020-ci il Bəyannaməsinin bizim üçün fövqəladə mühüm olan 4, 7 və 9-cu bəndlərinin icra olunmasına hələ 3 il öncə zəmanət verən Rusiyanın, bugünədək bu bəndlər icra edilmədiyi halda, Azərbaycanı bəyannamə üzrə razılaşmaları pozmaqda həyasızca günahlandırması, hardan baxsaq, siyasi riyakarlıqdır, tərbiyəsizlik və əndazələri aşmaqdır. Bəyan edirik ki, Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və asayişi qorumaqdan ötrü müstəsna hüquqları var, həyata keçirdiyi əməliyyatlar isə tam legitimdir, Konstitusiyaya uyğundur.

Üzdəniraq qonşularımızın təhdidləri fonunda Cənubi Qafqazda və bölgədə geosiyasi və geostrateji planda gəldiyimiz son nöqtə ciddi təhlil olunmaqla, hərbi-siyasi müttəfiqimiz qardaş Türkiyə Cümhuriyyəti ilə bağladığımız və Milli Məclisdə ratifikasiya etdiyimiz məşhur “Şuşa Bəyannaməsi”nin işə salınmasına, hər hansı formada Türkiyənin ölkəmizdə hərbi mövcudluğunun artıq təmin olunmağa başlanmasını ləngitməməyə çağırırıq. Anlamalıyıq ki, qlobal siyasətin qarmaqarışıq olduğu indiki kritik şəraitdə, bu, ölkəmizin hər mənada olum-qalım məsələsidir.

İnanmaq istəyirik ki, xüsusi təyinatlılarımızın yeni yüksəklikləri azad etməsi, strateji əhəmiyyəti olan torpaq yolları nəzarətə götürməsilə nəticələnən hərbi əməliyyatı, tezliklə, çoxdan gözlənilən Laçında sərhəd və gömrük rejiminin təşkili, Qarabağda ucdantutma bütün qanunsuz silahlı dəstələrin tərksilah olunması, o cümlədən yurisdiksiyamızın istisnasız olaraq bütün Qarabağ İqtisadi Rayonunda bərpa edilməsi ilə nəticələnəcək. İnanmaq istəyirik ki, regional planda geosiyasi və geostrateji şərtlərin, həmçinin beynəlxalq siyasi şəraitin hansı formada inkişaf etməsindən asılı olmayaraq, bu vacib məsələ növbəti illərə saxlanmayacaq, qanunsuz erməni hərbi birləşmələri, bölgəyə yayılmış terror qruplaşmaları, o cümlədən rus sülhməramsızlarının Azərbaycandan rədd edilməsi üçün əlverişli hərbi-siyasi zəmin formalaşacaq, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləcək.

Azərbaycan Yüksəliş Partiyasının siyasi məsələlər üzrə başqan müavini

Rəşad Bakuvi

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button