Siyasət

İlham Əliyev: “Artıq nə münaqişə, nə də Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir.

Sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Bu barədə Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunur.

“Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”, – deyə İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur:

“Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Mina xəritələrinin dəqiqliyi 25 faizdir

Prezident çıxışı zamanı minalara görə, ərazidə quruculuq işlərinin tam sürətlə aparıla bilmədiyini də vurğulayıb:

“Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.

Əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”.

Sülh sazişi, delimitasiya, demarkasiya

İlham Əliyev qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib: “Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Prezidentin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər: “Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button