Siyasət

Gərginlik artır: Qarabağda yeni savaş başlayacaqmı?

“Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində aparılan prosesə əngəl olmaqla məşğuldur. Ona görə də prosesin irəliləməməsi üçün ortalığa əlavə bəhanələr atır”.
Jamaz.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov son günlər İran və Ermənistan mətbuatının eyni vaxtda Azərbaycanın yeni hərbi əməliyyatlara başlayacağı barədə yayılan iddialara münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Ermənistan sərhəddə və Qarabağda təxribatlara əl atır:
“Azərbaycan son zamanlar ölkə daxilində bir sıra beynəlxalq əhəmiyyətli mühüm tədbirlər keçirib. Azərbaycan Prezidenti bu tədbirlərdə dünya dövlətləri və Ermənistana xəbərdarlıq etdi ki, sülh müqaviləsi qarşısında süni əngəllər yaradılmasın. Yadınızdadırsa, 44 günlük müharibədən bir qədər əvvəl də Azərbaycan Prezidenti dünya dövlətlərini Ermənistana xəbərdarlıq etməyə çağırış etmişdi. Ondan bir qədər sonra müharibə başladı və Azərbaycan torpaqları azad etdi.
İndi də sanki müharibə qabağı vəziyyət yaranıb. Ermənistan bütün vasitələrdən istifadə edərək çalışır ki, sülh danışıqları dalana dirənsin. Bu fonda da sərhəddə və Qarabağda təxribatlara əl atırlar. Bütün bunlar elə təəssürat yaradır ki, Azərbaycan həqiqətən də anti-terror əməliyyatına başlaya bilər. Erməni və İran tərəfi də bu müstəvidə düşünür ki, Azərbaycan yenidən hərbi əməliyyatlara başlaya bilər”.
Ekspert deyir ki, Ermənistan və İran mətbuatı bu kimi məlumatlarla Azərbaycanın guya yenidən müharibəyə başlayacağı və Qarabağ ermənilərini ərazidən çıxaracağı barədə dünyaya yanlış məlumatlar ötürürlər. Əlimusa İbrahimov Azərbaycanın bu tezliklə yenidən hərbi əməliyyata başlayacağını düşünmür.
Qeyd edək ki, erməni “Telegram” kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayıb. Baş nazir Nikol Paşinyan da son çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib. Maraqlıdır ki, eyni anda İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edib. Bu ölkə mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanın böyük qoşun kolonlarının hərəkətini qeydə alıb. Ona əsasən də iddia edirlər ki, rəsmi Bakı Qafqazda regional müharibəyə başlamaq niyyətindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button