Siyasət

FETÖ-nün Bakıdakı “Yaşıl tumurcuqları” – Daha böyük əməliyyat keçiriləcək

2016-cı ilin 15 iyulunda Türkiyədə FETÖ tərəfindən dövlət çevrilişinə qarşı ugursuz cəhddən sonra bu təşkilata qarşı əməliyyatlar genişləndi. Özü də bu əməliyyatlar yalnız Türkiyədə aparılmadı.
Təşkilatın bir sıra xarici ölkələrdə, o cümlədən Azərbaycandakı dayaqlarına ciddi zərbələr vuruldu. Qısa vaxt ərzində ölkəmizdə müxtəlif hakimiyyət qollarına sızmış FETÖ üzvləri ifşa olundu və neytrallaşdırıldılar.
Bununla da Azərbacyanda FETÖ təhlükəsinin tamamilə aradan qalxdığını düşünmək olardı. Lakin bu yaxınlarda hüquq-mühafizə orqanlarının FETÖ şəbəkəsinə qarşı apardığı əməliyyat bunun heç də belə olmadığını üzə çıxardı.
Belə ki, əməliyyat zamanı FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanıldılar.
Həbslərdən sonra yayılan xəbərlərdən aydın oldu ki, Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyev FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddət təşkilatın təbliğatını aparıb və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atıblar.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim, yataqxana mərkəzləri və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən məlumatlar, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahların ələ keçirilməsi də məsələnin kifayət qədər ciddi olduğundan xəbər verirdi.
Başlanmış cinayət işi əsasında aparılan istintaq hərəkətlərindən sonra iyulun 23-də Azərbaycan Demokratik Rifah Partiyasının sədri Qubad İbadoğlu da saxlanldı. Onun həbs olunan FETÖ üzvlərindən birinin verdiyi ifadə əsasında saxlanıldığı barədə rəsmi məlumat yayıldı. Həmin məlumatda qeyd olunurdu ki, Azərbaycan DİN Türkiyə DİN-dən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib:
“Saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb”.
Bir gün sonra isə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçildi. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldü.
Beləliklə, aydın oldu ki, Azərbaycandakı FETÖ şəbəkəsi son illər ölkədə əsas siyasi diqqətin Vətən müharibəsi və ondan sonra aparılan sülh danışıqları, Qarabağdakı quruculuq işləri və s. məsələlərə yönəldiyindən istifadə edərək, yenidən dirçəlmək istiqamətində ciddi fəaliyyət göstərməyə başlayıblar. Bu isə onu deməyə əsas verir ki, son bir neçə ildə FETÖ yenidən Azərbaycanda əhatə dairəsini genişləndirməyə müvəffəq olub, həbs olunanlar isə təşkilatın əsas fiqurlarının yalnız bir hissəsidir. Rəhbrəlikdə təmsil olunan bir sıra şəxslərlə yanaşı, FETO-nun Azərbaycandakı sıravi üzvləri də hələ azadlıqdadırlar və yəqin ki, fəaliyyətlərini gizli şəkildə davam etdirirlər.
Sözügedən əməliyyatlardan sonra KİV-də yayılan bəzi xəbərlər də bunu təsdiq edir. Belə ki, təhsil sektoru ilə yanaşı siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilartları, eləcə də media sektorunda da hələ də bəzi FETÖ-çülərin fəaliyyətdə olduqları bildirilir. Elə hüquq-mühafizə orqanları da istintaq tədbirlərinin davam etdirildiyini açıqlayıblar və yaxın gələcəkdə şəbəkənin digər liderləri və üzvlərinin saxlanılması ilə bağlı əməliyyatların aparılacağı da istisna deyil.
Onu da nəzərə almaq lazımdır ki, FETÖ kimi təşkilatlar fəaliyyətlərini xüsusi xidmət orqanlarının, kəşfiyyat qurumlarının prinsipi ilə qurur və bir dəfə bu təşkilatda təmsil olunan, xüsusilə də rəhbərlikdə yer alan şəxslərin buradan qopması çətin, hətta mümkünsüz olur. Bu baxımdan vaxtilə “KQB” sistemində populyar olan deyimin (“KQB-nin keçmiş əməkdaşları olmur”) FETÖ üçün də keçərli olduğunu söyləmək olar.
Azərbaycanda isə keçmiş FETÖ-çülər kifayət qədərdir. Hətta onların arasında parlamentdə, dövlət qurumlarında təmsil olunanlar da var idi. Bu baxımdan xüsusilə də sabiq deputat Ceyhun Osmanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov və digərlərinin adlarını çəkmək olar.
Yeri gəlmişkən, aktiv siyasətə “İrəli” adlı gənclər təşkilatının rəhbəri kimi qədəm qoyan, daha sonra deputat seçilən Ceyhun Osmanlı növbəti dəfə parlamentə məhz adının FETÖ ilə hallanmasına görə seçilə bilmədi. Bundan sonra isə o, siyasətdən tamamilə uzaqlaşdı. Ən azı belə bir görüntü yaratdı. Bir müddət “Odlar Yurdu” Universitetində prorektor vəzifəsində çalışan Osmanlı 3-4 il əvvəl oradan da məhz “nurçu” şəbəkə ilə bağlantısı səbəbindən xaric olundu.
2019-cu illərin axırlarında isə C.Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) yaratdığını bəyan etdi və hazırda bu qurumun rəhbəridir. Özü də ilk baxışdan hərəkatın ekoloji yönümlü olacağı diqqəti cəlb etsə də, Osmanlı yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlərin də rəhbərlik etdiyi qurumun fəaliyyətində prioritet sahələr olacağını bildirmişdi. Başqa sözlə, Osmanı bu qurumun həm də siyasi təşkilat olacağını bəyan etmişdi. Onun hərəkatı yaratdıqdan bir müddət sonra, daha dəqiqi, 2020-ci ilin fevralında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilməsi də Azərbaycan Yaşıllar Hərəkatının siyasi məzmunlu təşkilat olduğu barədə mülahizələ haqq qazandırdı.
Başqa bir nüansa diqqət yetirək. Elan olunduğu vaxtdan ötən son 3 il ərzində Ceyhun Osmanlının Yaşıllar Hərəkatı hər hansı ekoloji təşəbbüslə çıxış edimbi, yaşıllıqların, təbiətin mühafizəsi ilə bağlı hansısa aksiyalar keçiribmi?
Bu qurumun gənclərə, insan hüquq və azadlıqlarına hədəfləndiyini bəyan etməsi, ancaq heç bu istiqamətdə də heç bir fəaliyyəti ilə diqqəti çəkməməsi düşündürcüdür.
Maraqlıdır, bəs onda bir vaxtlar adı Fətullah Gülənlə sıx işbirliyində hallanan bu şəxsin belə bir hərəkatı elan etməsinin, siyasi cəhətdən aktivləşməsinin kökündə hansı maraqlar dura bilər?
Bakupost.az -ın əldə etdiyi məlumata görə, yaxın zamanlarda FETÖ ilə bağlı daha geniş əməliyyat keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button