Siyasət

Elmar Məmmədyarov: Sülh sazişi olmasa da olar…

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşlərin keçirilməsi müsbət haldır. Hər görüş, hər atılan addım diplomatiyada çox önəmlidir. Görüşlər keçirilirsə, mövqelər müəyyənləşir. Tərəflər bir-birilərini başa düşsə, lap yaxşı olar.

Jamaz.info xəbər verir ki, bunu Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşü barədə danışarkən deyib.

“Ortada geosiyasət məsələsi var. Vaşinqtonda görüş oldu. Növbəti görüş Moskvada olacaq. Bu da heç kimə sirr deyil ki, Moskva ilə Vaşinqton arasında rəqabət var. Vaşinqtondan sonra görüşün Moskvada keçirilməsi məhz bundan irəli gəlir”, – deyə danışıqlar prosesini dəyərləndirən eks-nazirin sözlərinə görə, sülh daha çox Ermənistana lazımdır:

“Ermənistanla Azərbaycan arasında sülh sazişi barəsində danışılsa da, məncə, Ermənistan sülh sazişinə hazır deyil. Sülh sazişi Ermənistana daha vacibdir. Onlar başa düşməlidir ki, sülh sazişi olmadan çətinlik çəkəcəklər. İnkişaf dondurulacaq. Azərbaycan üçün sülh sazişi olsa, yaxşıdır. Olmasa da, onsuz Azərbaycan inkişaf edib. Bizim üçün sülh sazişi olsa da olar, olmasa da. Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında danışıqlar birbaşa aparılsa, daha yaxşı nəticə verər. Bu barədə cənab Prezident də fikir bildirib. Mən də bunun tərəfdarıyam. İki ölkə arasında birbaşa danışıqların getməsi daha böyük imkanlar yaradacaq. Üçüncü tərəflərin öz maraqları var. Bu amil danışıqların getməsinə mane ola bilər. Cənab Prezident vurğulayıb ki, Azərbaycan birbaşa danışıqlara hazırdır. Məncə, ən uyğun variant məhz budur”.

Moskva görüşündən gözləntilərə gəlincə, E.Məmmədyarov tərəflərin Rusiyada razılığa gələcəyinə ümid etmədiyini söyləyib:

“Moskva görüşündə razılığa gəlmək üçün zaman yetişməyib. İnanmıram ki, hansısa irəliləyiş olsun. Olsa lap yaxşıdır. Azərbaycan istənilən vaxt sülh sazişini imzalamağa hazırdır, amma Ermənistan hazır deyil”.

Qeyd edək ki, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button