Siyasət

Ceyhun Bayramov: “Qarabağda qanunsuz silahlı dəstələr qalmayacaq, Ermənistan buna ciddi yanaşmalıdır”

Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqladı

“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”. JAMAZ.İNFO “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”, – XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.

Nazir deyib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir. “Müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan normallaşma prosesinə xələl gətirmək düzgün yanaşma deyil. Bu, heç kimin, xüsusilə Ermənistanın marağında deyil. Ermənistanın, nəhayət, bunu anlayacağına ümid edirik. Bu məsələlər zaman-zaman müzakirə olunur. Elə məqamlar var ki, onlar ictimailəşdirilmir. Amma Azərbaycanın mövqeyi Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan razılaşmaların tam icrasından ibarətdir. Biz həm də işğala son qoyulduqdan sonra sülh müqaviləsinə başlamağı təklif etmişdik. Bunu açıq şəkildə bəyan etməklə öz mövqeyimizi ortaya qoymuşduq. Azərbaycanın çağırışı bir il müddətində cavabsız qaldı. 2022-ci ilin əvvəlindən Azərbaycan gələcək sülh sazişi ilə bağlı təməl prinsiplərini ortaya qoydu. Sonra isə bunları Ermənistana təklif etdik. Həmin sənəddə göstərilən bütün maddələr beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə uyğundur”.

C.Bayramov vurğulayıb ki, rəsmi İrəvan bu təklifləri ritorik olaraq qəbul etdiyini bildirib: “Lakin praktik olaraq ləngimələr, sülh müqaviləsi üzrə işçi qrupun yaradılmasından yayınmalar var. Biz bütün öhdəliklərimizə hörmətlə yanaşırıq, qarşı tərəfdən də bunu gözləyirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button