Siyasət

BMT Məhkəməsi Laçın yolu ilə bağlı hansı qərarı verəcək? – Açıqlama

Ermənistan Azərbaycana Laçın yolunun açılması ilə bağlı təzyiq göstərməsi üçün BMT məhkəməsinə müraciət edib.
Müraciətdə bildirilir ki, guya Azərbaycan Qarabağdakı 120 min etnik ermənini xarici dünya ilə əlaqəsini təmin edən yeganə yolu bağlayıb və yaxın vaxtlarda bu blokadanın götürüləcəyinə dair heç bir işarə yoxdur.
Maraqlıdır, BMT məhkəməsində Azərbaycan əleyhinə hansısa qərar qəbul oluna bilərmi?
Siyasi ekspert Samir Hümbətov mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, BMT məhkəməsi bu məsələdə Azərbaycana təzyiq eləmək imkanına malik deyil:
“Çünki Laçın yolu Azərbaycanın suveren ərazisində yerləşir. Bu məsələdə Azərbaycanın mövqeyi haqlıdır və onu axıra qədər müdafiə edəcək. Digər tərəfdən, Azərbaycan orda humanitar yüklərin daşınmasına hər cür şərait yaradıb. Əlimizdə kifayət qədər sübütlar və 19 günün çəkilişləri də var”.
S. Hümbətov azərbaycanlı aktivistlərin 19 gündür davam edən aksiyası zamanı Şuşa-Xankəndi yolunun azərbaycanlılar deyil, rus hərbçiləri tərəfindən bağlandığını vurğulayıb:
“Bu müddət ərzində dəfələrlə Rusiyaya məxsus sülhməramlı qüvvələrin maşınları, Qızıl Xaç Cəmiyyətinə məxsus maşınlar, eyni zamanda Qarabağda yaşayan ermənilərə məxsus təcili tibbi yardım maşınları o yolan istifadə ediblər. Azərbaycannın tələbi sadəcə, həmin yolla qanunsuz yüklərin daşınmasının, təbii sərvətlərin istismarının dayandırılması, ekologiyaya vurulan ziyanın qarşısının alınmasıdır. Bu, əslində hər bir dövlətin etməli olduğu işdir. Bu, BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın hüququdur. Əgər Azərbaycan haqsız olsaydı, 19 gün ərzində beynalxalq ictimaiyyət Azərbaycana sanksiya tətbiq edərdi. Dünyanın aparıcı qüvvələri də yaxşı bilirlər ki, Azərbaycan bu məsələdə haqlıdır. Buna görə də çox səs çıxara bilmirlər. Yalnız erməni lobbisinin güclü olduğu dövlətlər bəzən nəsə deyirlər. Ancaq həmin dövlətdə olan satılmış siyasətçilərin bu məsələdə nəsə demələrinin mənası yoxdur. Çünki Azərbaycan onların qarşısına faktlarla, sübutlarla çıxır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button