Siyasət

Bakı və Ankara hərəkətə keçməlidir – Rəşad Bakuvidən Qarabağla bağlı maraqlı təklif

“Qarabağla bağlı acılarımız, yaralarımız çox dərindir. Elə bir ailə yoxdur ki, bu acını öz həyatında bu və ya digər formada hiss eləməsin, yaşamasın. Ancaq bu belə davam edə bilməz. Qan durmalıdır”.

Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) başqanının siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib.

Onun fikrincə, hər iki xalq davamlı münaqişələr, müharibə səksəkələri ilə nə yaşaya, nə ayaqda qala, nə də inkişaf edə bilər: “Bölgəmizə sahib çıxmaq bölgə xalqlarının ən ümdə vəzifəsi olmalıdır, buna kifayət qədər potensialımız var. Davamlı sabitliyə, sülhə, əmin-amanlığa zərbə vuran münaqişə ocaqlarına səbəb yaratmaq siyasətinə son qoymaq lazımdır. Böyük dövlətlərin istəyi də elə budur ki, kiçik dövlətlər daim münaqişə qorxusu altında mövcud olsunlar, onlara biət etsinlər, onların istismar obyektinə çevrilsinlər. Bu reallığı öz coğrafiyamızda elə özümüz dəyişdirməliyik. Ona görə də hər variant üzərində baş sındırmağa dəyər. Elə bu planda Cənubi Qafqaz Evinin ərsəyə gətirilməsi də yeni çağırış kimi çox cazibədardır”.

Rəşad Bakuvi əlavə edib ki, Cənubi Qafqazda uzun illərdir rusların, farsların və fransızların, çox təəssüf ki, cinayət aləti rolunu oynayan erməniləri bu xarici havadarlarının əlindən almaq üçün rəsmi Bakı və Ankara hərəkətə keçməli, ciddi iş rejiminə köklənərək, güc, hərb faktorundan çox, diplomatik münasibətlərin daha yeni formalarına qapı açmalıdırlar: “Hərbi gücümüzü bilənlər bilir, bunu hər dəfə “domokl qılıncı” edib xalqları qorxu və səksəkə altında saxlamaqla, onları daha çox regionumuzdan uzaq ölkələrə doğru itələyirik. Uzaq ölkələrdən isə ölkələrimizə lüzumsuz, gərəksiz təzyiq dalğasına səbəb vermək özümüzdən başqa kimsəyə ziyan vurmayacaq. Bu da yanlışdır. Biz hər kəslə bərabərhüquqlu münasibətlər çərçivəsində dərin əməkdaşlıqların tərəfdarı olmalıyıq ki, dövlətlərimiz qarşılıqlı əlaqələrdən öz inkişaf xəttini tutsun, xalqlarımızın sosial rifah içində ləyaqətli həyatı təmin edilsin! Bölgədə bütün iqtisadi mexanizmlər işə düşsün, nəqliyyat-kommunikasiya xətləri istisnasız olaraq açılsın, Cənubi Qafqaz yeni xarici investisiyalar, maliyə donorları üçün əsas cazibədar ekomeydançaya çevrilsin, bundan qazanan isə Qafqaz xalqları olsun!”

AY Partiya yetkilisi hesab edir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi yenidən gündəmə gətirilməlidir: “Danışıqların sanki yenə səngiməsi müşahidə olunur ki, buna yol vermək olmaz. Türkiyəli qardaşlarımız, siyasi dairələr, hökumət Ermənistanla sərhədlərin açılması məsələsini yenidən masanın əsas müzakirə predmetinə çevirməlidirlər. İnandırmalıdırlar ki, Ermənistanın bir dövlət olaraq xoşbəxt və parlaq gələcəyi, inkişafı məhz iki türk dövləti ilə münasibətlərin normallaşmasından keçir, fərqli çözüm arayışına düşməklə səhv yoldan çəkinsinlər. Bundan ötrü isə hər kəsi məmnun edəcək, fayda təmin edəcək yeni mehriban qonşuluq modelləri, sosial-iqtisadi plan-proqramlar işlənməlidir. Siyasət, diplomatiya duyğusallıqla olmaz, məsələyə bilgi, informasiya ilə, real-politik bazada baxmaq lazımdır. Təbii, əgər gerçəkdən problemlərin çözülməsinə çarə axtarırıqsa. Biz inanırıq ki, yalnız iki qonşu ölkə – Türkiyə və Azərbaycan Ermənistan üçün bütün sahələr üzrə daha cazib əməkdaşlıq modeli və investisiya mühiti yarada, bu ölkəni Rusiya, Fransa və İran təsirindən qopara bilər.

Bizim bu gün ölkə olaraq hədəfimiz, əslində, rəsmi Ankara ilə birlikdə Ermənistan dövləti, cəmiyyəti və xalqı ilə diplomatik və sosial-mədəni, iqtisadi əlaqələri dərinləşdirməyin, genişləndirməyin bir cazib modelini tapmaq olmalıdır. Gürcüstanda hər üç xalqın birlikdə yaşaya bilməsi faktını daha çox qabartmalıyıq, deməli, bu, xarici müdaxilələr olmayacağı halda, mümkündür. Biz erməniləri fransızların, rusların, indi də farsların maşası olmaqdan xilas etməklə Cənubi Qafqaza gerçək barışı, sülhü, birgəyaşayışı gətirə bilərik. Başqa cür regional problemlərimiz bitən deyil və ard-arda yeni faciələr yaşamaq aid hala çevriləcək”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button