Siyasət

ABŞ konqresmenindən səfirə məktub: “Azərbaycanı təbrikinizi izah edin”

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının üzvü Bred Şerman, ABŞ-ın Azərbaycandakı səfiri Lee Lizenbergerə məktub göndərib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Amerikada yayımlanan erməni “Hay Dat” saytı məlumat yayıb.

Konqresmen məktubda səfirdən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə təbrik etməsinə görə, izahat tələb edib. Şerman məktubunda yazır ki, 44 günlük müharibəni Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə ediblər. Onun sözlərinə görə, bu müharibədə 5000 erməni əsgəri ölüb və 100 mindən çox erməni ərazini tərkj edib. “Azərbaycan İqtisadiyyat Nazirliyinin 27 yanvar tarixində yayımladığı hesabata görə, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabarovla görüşdə Azərbaycanı “ərazi bütövlüyünü bərpa etmək” münasibətilə təbrik etdiniz və ABŞ-ın yenidənqurma işində iştirak etməyə hazır olduğunu bildirdiniz”.

Konqresmen məktubunda amerikalı diplomata ABŞ-ın ATƏT-in Minsk Qrupunun fəal üzvü olduğunu və Artsaxın təhlükəsizliyini təmin edəcək və müharibənin yenidən başlamasının qarşısını alan Qarabağ münaqişəsinin həllində maraqlı olması lazım olduğunu xatırladıb. “ABŞ dövlət katibi Antony Blinken Dağlıq Qarabağdakı son hərbi əməliyyatlarla əlaqədar, Vaşinqtonun yeni rəhbərliyinin Azərbaycana təhlükəsizlik yardımlarını nəzərdən keçirəcəyini və lazım gələrsə dayandıracağını vurğulayıb. Bunu yüksək qiymətləndirirəm. Eyni zamanda, ABŞ Dövlət katibi qeyd etdi ki, lazımi şərtlər daxilində Ermənistanın və bölgənin təhlükəsizlik ehtiyaclarını qarşılayacaq zəruri olan miqdarda kömək müəyyən etmək üçün Konqres və Müdafiə Nazirliyi ilə birlikdə çalışmağa hazırdırlar. Belə olan təqdirdə, Azərbaycan İqtisadiyyat Naziri ilə görüşdəki açıqlamalarınız son dərəcə həyəcan vericidir və dövlət katibi Blinkenin bu günə qədər verdiyi açıqlamalara uyğun gəlmir. Bu, Azərbaycanın təcavüzü nəticəsində başlayan son müharibənin uğuru ilə əlaqədar Bakının təriflənməsi ABŞ siyasətidir? Azərbaycana investisiyaları təşviq etməklə, Qarabağı kənarlaşdırmaq ABŞ siyasətinin vəzifəsidir?”

P.S. Qeyd edək ki, ABŞ-dakı erməni diasporu Bayden hökumətinə təsir edərək, Qarabağdakı məğlubiyyətlərinə görə, bəyanat vermələri üçün ciddi cəhdlə çalışır. Şerman və onun kimi konqresmenlər isə bu işlər üçün vasitədir və onlardan da istifadə olunur. Bu açıqlamadan görünən odur ki, Şerman Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini elə ermənilər qədər həzm edə bilmir. Əks təqdirdə, onun ABŞ-ın Azərbaycandakı səfirinə belə mənasız və qərəzli məktub ünvanlamazdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button