Siyasət

Ərdoğanın Qarabağa hər gəlişində İranın sərhəddəki hərbi təlimləri Türk birliyinə təhdiddir – AY Partiya Başqanı  

İranın Azərbaycana münasibətdə tək səmimiyyəti onun qeyri-səmimiliyidir  

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli İranda baş verən olaylar, bu ölkənin hərbi qüvvələrinin Azərbaycanla sərhəddə keçirdiyi təlimlər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışına qatılmaq məqsədilə Azərbaycana növbəti səfəri barədə suallarımızı cavablandırıb.

Rusiya-Ukrayna müharibəsində artıq yeni fazalar müşahidə olunur. Belə ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Həmçinin, Ağ Ev bəyan edib ki, Rusiya Ukraynada davam edən müharibə üçün İrandan yüzlərlə silahlı pilotsuz uçuş aparatı (PUA), o cümlədən zərbə tipli PUA-lar almaq niyyətindədir. Ukrayna Silahlı Qüvvələri isə Rusiya Federasiyasının atdığı İran istehsalı olan “Şahed-136” kamikadze PUA-larının azı 85%-ni vurduğunu açıqlayıb. İran PUA-ları ilə Ukraynadakı dinc əhalininin vurulması beynəlxalq cinayət sayılmalıdırmı və bu fonda İrana hansısa sanksiyalar tətbiq olunmalıdırmı?

– Ukraynada baş verənlər, əlbəttə, bizi çox narahat edir və savaşın ilk günlərindən istər rəsmi səviyyədə, istərsə də cəmiyyət olaraq Ukrayna xalqının haqlı davasında yanındayıq. Lakin heç şübhə doğurmur ki, Ukraynada hazırda sadəcə, qanlı müharibə getmir, eyni zamanda illərdir bir-birinə qarşı olan geosiyasi qütblərin ideoloji və psixoloji davası gedir. Rəsmi Tehran və Moskva İrana aid silahlı pilotsuz uçuş aparatlarının (PUA) Ukraynada istifadə olunduğunu hər vəchlə inkar edir. Eyni israrla da Qərb və Ukrayna hərbi-siyasi dairələri bu PUA-ların varlığını isbat edən çoxsaylı faktları ortaya qoyurlar. İran və Rusiyanın bu gün eyni qütbdə birlikdə dayanması müvəqqətidir, çünki öz aralarında bir çox məsələdə anlaşa bilməyən bu iki ölkənin “dostluğu” uzun sürə bilməz. Xüsusilə qeyd edək ki, ötən il İranın yeni təyin olunan xarici işlər nazirinin Moskvaya səfərində sırf Zəngəzur dəhlizi ilə bağlı açıq təhdidedici narahatlığına rəsmi Moskva əhəmiyyət vermədi və o məsələdə Tehranla eyni mövqeni bölüşmədiyini açıq ortaya qoymuşdu. Əslinə qalsa, qütblərin qlobal miqyasda gedən savaşında İran hələlik öz yerini müəyyənləşdirməyib desək, daha dəqiq olar.

O ki qaldı Ukraynada dinc əhalinin PUA-larla vurulmasına, bu, bütünlüklə Rusiyanın vicdanına və hüquqi baxımdan törətdiyi hərbi cinayətlərin sırasına yazılacaq haldır. Təsadüfi deyil ki, bu günlərdə Rusiya beynəlxalq miqyasda, onu idarə edənlərlə birlikdə terroru dəstəkləyən, terrora rəvac verən ölkə kimi sanksiyalaşdırıldı. Bütün bunlar atılacaq daha sərt addımlar üçün həm də bir beynəlxalq siyasi zəmin və şərait hazırlamaqdır. Beynəlxalq hərbi-siyasi təhqiqatın gedişində sübut olunsa ki, məlum PUA-lar İran istehsalıdır, əlbəttə, müəyyən sanksiyalar qaçılmaz olacaq.
Məsələnin bir mühüm tərəfi də var ki, bunu mütləq vurğulamaq lazımdır. Prosesləri diqqətlə izləyəndə görürük ki, qardaş Türkiyə hazırda öz milli və strateji, eyni zamanda bölgəsəl maraqlarını əldə rəhbər tutaraq, rəsmi Moskva ilə normal münasibət saxlayan ölkə olmasına baxmayaraq, haqsız müharibədə Rusiyaya silah satmadı. Əksinə, bütün siyasi platformalarda Ukrayna ərazilərinin işğalını qınadı, sülhün və barışın yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla yarana biləcəyi mövqeyində israr etdi. Yəni beynəlxalq hüquq var və bu hüquqa hörmət etmək, bu hüququn işləməsini təmin etmək hər bir ölkədən tələb olunur. Gizli-açıq terrorçuluğu illərdir dəstəkləyən bir ölkə kimi İran üçün bu gün də gizli silah satmaq aşa bilməyəcəyi əngəl deyil. Bunu xeyli müddətdir edib, bu gün də edə bilər. Biz indi elə bir çağda yaşayırıq ki, hər hansı informasiyanı uzun bir periodda gizli saxlamaq mümkün deyil, bu mənada İranın inkarçı mövqeyi kimsəni qane edə bilməz.

– Sizcə, Qərblə danışıqların rəvan getmədiyi indiki şəraitdə İran daha çox nəyə nail olmağa çalışır?

– Son vaxtlar Qərbin daha cox küncə sıxışdırdığı İran nüvə zənginləşdirməsi prosesini intensivləşdirməklə, sanki ABŞ və Avropaya meydan oxumaqda davam edir. Uzun illərdir, Qərbin sanksiyaları altında əzilən rəsmi Tehranın Rusiya ilə əlaqələri daha sıx tutmaqda məqsədi, bir tərəfdən embarqolardan qorxmadığını göstərməkdirsə, digər tərəfdən alternativlərinin olduğunu nümayiş etdirməkdir. Ən son Rusiya prezidenti Vladimir Putinin İrana səfərindən çıxan nəticə də məhz bunu deməyə əsas verir. Hazırda İrana məxsus silahlı pilotsuz uçuş aparatları Ukrayna səmalarında mülki və hərbi obyektlər üçün əsas təhdid yaradan silaha çevrilib. Bunun qarşılığında heç şübhə yoxdur ki, Moskva İranın nüvə zənginləşdirməsindən ötrü ona lazım olan elementləri təmin edir, baxmayaraq ki, uzaq perspektivdə İranın nüvə bombası əldə etməsi regional təhlükəsizlik nöqteyi-nəzərindən heç Rusiya isteblişmentinin də isti baxmadığı məsələdir. Təbii, burada son vaxtlar rəsmi Moskva ilə münasibətləri daha yeni mərhələyə yönəldən Ankaranın da məsələlərə baxış bucağı önəm kəsb edir. Ümumiyyətlə, 200 ildən sonra Cənubi Qafqaza daxil olan Türkiyənin son vaxtlar yeritdiyi xarici siyasət və əsasən də prezident Rəcəb Tayyip Ərdoğanın timsalında Türk Dövlətləri Təşkilatı çərçivəsində verilən mesajlar, atılan addımlar rəsmi Tehranı narahat etməyə başlayıb. Bölgədə vəziyyətin gərginləşməməsi, çoxdan ehtiyac duyulan davamlı sabitliyin, sülhün, barışın, iqtisadi canlanmanın olmasından ötrü irəli sürülən “6-lıq” formatına qoşulmaq yerinə, İranın az qalsın, bütün dünyanın hiddəti ilə üzləşmiş Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə alət olması, Rusiyaya bu işğalçılıqda kömək etməyə qalxması, əlbəttə, ona qarşı beynəlxalq hüququn imkan verdiyi səviyyədə cəzalar tətbiq olunacağına səbəblər yaradır. Bu gün əgər Rusiya beynəlxalq hüququ pozursa, şəhərləri, qəsəbə və kəndləri, yolları bombalayaraq viran qoyursa, mülki insanlar bu raket atəşləri altında ölürsə, avtomatik olaraq bütün bunlar Cenevrə konvensiyasının müddəalarının pozulmasıdır. Belə bir prosesdə İran tükənməkdə olan Rusiya silah arsenalının tamamlanmasına bu qədər açıq formada səy göstərirsə, deməli, müvafiq beynəlxalq qanunvericiliyin pozulmasında İran da iştirak etmiş sayılır. Bu mənada İrana daha kəskin və konkret sanksiyaların tətbiqi istisna olunmur.

Burada İranın Qərbi müəyyən mənada şantaj etməsi və fakt qarşısında qoyması da sezilir. Ola bilsin ki, rəsmi Tehran Ukrayna-Rusiya müharibəsində Moskvaya hərbi dəstək verməklə, Qərbin ona qarşı olan münasibətini konkretləşdirməyə və nüvə danışıqları fonunda sanksiyalarla bağlı daha ciddi yumşaldıcı qərarların alınmasına təhrik etməyə çalışır. Ancaq bu yerdə deyiblər ki, Tehran sanki qaş düzəltdiyi yerdə vurub göz çıxarır. Dünyaya guya onun da qlobal miqyasda nüfuz qazana biləcək hərbi təyinatlı dronlar, PUA-lar yaradıb sata biləcəyi havasını atmağa çalışsa da, Ukraya Silahlı Qüvvələrinin (SQ) bununla bağlı son açıqlaması işin bu tərəfini də fiaskoya uğradıb. Ukrayna SQ məlumat verib ki, Rusiyanın İrandan alıb Ukrayna səmalarında istifadə etdiyi silahlı pilotsuz uçuş aparatlarının 85 faizini hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirib. Bu isə o deməkdir ki, İran PUA-ları keyfiyyət etibarilə dünya standartlarından çox geri qalır. Hər nə qədər atom bombası əldə etmənin yalnız barışı təmin etmək məqsədi güddüyünü idda eləsə də, Qərb Tehranın bu məramına inanmır. Ən son BMT-nin Beynəlxalq Atom Enerjisi Təşkilatının verdiyi məlumata görə, İran hazırda 60 faizə qədər zənginləşdirilmiş 43 kq urana sahibdir. Bu miqdar isə, əgər İran dövləti silah istehsal etmək qərarı versə, nüvə silahı üçün yetərli parçalanabilən material deməkdir. Qərbi ən çox da narahat edən budur. Son vaxtlar İranda xalq ayaqlanması və bu prosesin hələ də davam etməsi fonunda Qərbin İranı daha sərt sanksiyalarla cəzalandırmağa hazırlaşması arasında da bir paralellik aparmaq olar. Bütün səviyyələrdə dünyadan qopmuş, terrorçu dövlət elan edilmiş Rusiya ilə çiyin-çiyinə dayanmaqla mütərəqqi beynəlxalq güc mərkəzləri ilə münasibətlərin korlanmasını, davakar ritorikanı istəyən daha çox rəsmi Tehrandır və bu perspektiv bölgəyə yaxşı heç nə vəd eləmir.

–  Rusiyanın işğalçılıq siyasətində İranın dəstəyini və İranın ermənipərəst mövqeyini nəzərə alsaq, bu iki ölkənin yaxınlaşması gələcəkdə Azərbaycan üçün də hansısa təhlükə yarada bilərmi?

– Azərbaycan coğrafi olaraq, elə əlverişli yerdədir ki, istər-istəməz qonşuları Rusiya və İranın Qərblə münasibətlərdə manevr imkanlarını daraldır və daha çox da pozur. Çünki qlobal miqyasda enerji təhlükəsizliyi siyasətin əsas tərkib hissəsidir və neft-qaz ölkəsi olaraq Azərbaycan bu siyasətdə özünəməxsus əhəmiyyətilə son dövrlər qlobal güc mərkəzlərinin maraq dairəsindədir. Xüsusilə Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Qərb bazarlarına çıxarılmasından ötrü Azərbaycanın hərbi-siyasi müttəfiqi Türkiyə ilə birlikdə reallaşdırdığı BTC, TAP, TANAP layihələri respublikamızı qonşuluğundakı imperialist ölkələrin hədəfinə gətirir. Neft-qazla zəngin olan həm İran, həm də Rusiya anlamalıdır ki, artıq tarix 200 il əvvəlki tarix deyil və Azərbaycan müstəqil ölkə kimi, öz xarici siyasətini, beynəlxalq münasibətlərini özü müəyyənləşdirir. Xüsusilə 2020-ci ildə tarixi zəfərlə bitən Vətən Müharibəsində torpaqlarının 30 il davam edən işğalına son qoyan Azərbaycanla münasibətdə hər iki ölkə ehtiyatlı olmalı və köhnəlmiş siyasi stereotiplərdən uzaq durmalıdırlar. Bir vacib məsələni də xüsusi vurğulayaq ki, ümumiyyətlə, hansısa dövlətlərin, lap deyək ki, qonşuluğumuzdakı Rusiya və İran isteblişmentinin illah ki, bizi, Azərbaycanı sevmələrinin, bizimlə dost olmalarının qayğısını çəkmək kimi bir narahatlığımız olmamalıdır. Siyasəti maraqlar formalaşdırır və məsələyə bu konteksdən yanaşmalıyıq. Kimsə bizi düşmən hesab edəcəksə, artıqlaması ilə cavabını alacaq və bu müqaviməti təşkil etməyə Azərbaycan dövlətinin kifayət qədər rıçaqları var.

Azərbaycan rəsmiləri dəfələrlə müxtəlif geosiyasi və geoiqtisadi platformalarda qonşuları ilə bərabərhüquqlu mehriban münasibətlərin, tərəfdaşlıqların qurulmasında maraqlı olduğunu ifadə edib və indi də bu xətt davam etdirilir. Təhlükələr olacaqsa da, bunu aşmaq üçün istər diplomatik, istərsə də hərbi-siyasi planda imkanlarımız hər zaman var. Qardaş Türkiyənin bu sürəcdə Azərbaycan üçün əhəmiyyəti xüsusi vurğulanmalıdır. Türkiyənin regionda artan nüfuzu bu təhlükələrin təsirini minimallaşdıran başlıca faktordur. Türk dövlətlərinin birlikdəliyi, böyük bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatının bu planda əlaqələrinin daha çoxşaxəli və çoxvektorlu olması, həmçinin gələcəyə yönəlik istər iqtisadi, istər hərbi-siyasi müttəfiqlik səviyyəsinə qədər inkişaf etdiriləcək birgə əməkdaşlığa dair fəaliyyət Cənubi Qafqaz və Xəzər hövzəsinin açar ölkəsi olan Azərbaycan üçün bütün təhlükələrin təsir gücünü azaldır.

– Azərbaycanın İranla sərhəd rayonlarının iqtisadi inkişafı istiqamətində mühüm layihələr həyata keçirməsi rəsmi Tehranı nə üçün narahat edir?

– Tehranın narahatlığının tarixi-siyasi, eyni zamanda bölgə insanlarının milli kimlik faktorundan qaynaqlanan əsasları var. İranın teokratik fars-molla rejimi heç vaxt qonşuluğunda Azərbaycan adında bir müstəqil dövlətin mövcudluğunu həzm edə bilməyib. Əhalisinin yarısı Azərbaycan türkü olan bir ölkədən danışırıq. Bu mənada İran bizi özünün dövlət kimi varlığına təhlükə sayır. Zəngəzur dəhlizinin açılması perspektivi və sərhədyanı bölgələrin Azərbaycanın sərhəd qoşunlarının nəzarətinə keçdikdən sonra iqtisadi cəhətdən inkişafı, əhalinin tədricən bu ərazilərə yerləşdirilməsi, sərhədyanı bölgələrə həyatın qayıtması İranın son 30 ildə həmin bölgələrdən narkotik ticarəti, qanunsuz silah alveri kimi zərərli işlərinin qarşısını almağa hədəflənib. Zəngəzur dəhlizi açılarsa, bu, Avropadan və Türkiyədən gəlib Mərkəzi Asiya ölkələrinə gedən və əksinə marşrutla hərəkət edən yüz minlərlə yük maşınından qazanılan gəlirlərdən məhrum olması deməkdir İranın. Zəngəzur dəhlizi açılarsa, İranın körfəzdə yerləşən Şah Abbasın adını daşıyan məşhur Abbas Limanının (Bəndər Abbas) işsiz qalması deməkdir. Bir məsələni də əlavə edim, siz ilk sualınızda İrana sanksiyalardan bəhs etmişdiniz. İran illərdir ağır sanksiyaların tətbiq olunduğu ölkədir. Bu mənada İran iqtisadiyyatının qeyri-qanuni silah və narkotik alverindən bəhrələnməsi də adi hala çevrilib. İndi bu imkanlar da məhdudlaşdıqca Tehran daha çox qıcıqlanır. Ümumiyyətlə, Azərbaycan hökuməti 30 il işğal altında qalmış İranla sərhədyanı ərazilərimizlə bağlı iqtisadi siyasətində kifayət qədər həssas və diqqətli olmalıdır. Qətiyyən bu bölgələrdə yaşayan və gələcəkdə işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürüləcək əhalinin fars-molla rejiminin zərərli təsir dairəsinə düşməsinə yol vermək olmaz.

Azərbaycana daim müxtəlif formalarda problemlər yaratmaq kimi plan-proqrama malik olan İranla sərhəd olan rayonlarımızın iqtisadi cəhətdən inkişafı, müasir aqrar proqramların işə salınması, bölgənin kənd təsərrüfatı potensialını açacaq daha yenilikçi, məhsuldar sistemini qurmaqda ləngiməməliyik. Ümumiyyətlə, sərhədlərimizin möhkəmləndirilməsi, türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həmin sərhədboyu ərazilərdə mütəmadi birgə hərbi təlimlərin keçirilməsi, dövlətlər arasındakı birliyin siyasi-iqtisadi, mədəni, humanitar planda da özünü göstərməsini İran isteblişmenti varlığı üçün gerçək bir təhlükə sayır. Bu bir tarixi-siyasi faktdır ki, İranda 40 miliyona yaxın insan “Mən türkəm” hayqırır, Azərbaycan və Türkiyə bayraqlarını hər fürsətdə başları üzərində əsdirirlər. Təbii olaraq da, İranın fars-molla rejimi bundan təşviş keçirir. Hesab edir ki, Türkiyə və Azərbaycanın bölgədə həyatın bütün zəruri sahələrində ciddi inkişafa nail olması, güclənməsi İran vətəndaşı olan Azərbaycan türklərinin milli özünüdərki və müstəqillik uğrunda mübarizəsi üçün əlavə ilham mənbəyinə çevrilər. Ruhlanan xalqlar sonda İrandakı teokratik rejimin sonunu gətirə bilər ki, son vaxtlar İranda baş verən hadisələr bunu bir daha ortaya qoydu. Özünü İslam dövləti hesab edən, müsəlman çoxluğa malik həm Azərbycana, həm də Türkiyəyə dost olmayan münasibət sərgiləyən İranı bu iki türk dövlətinin güclənməsi, bütün istiqamətlərdə birgə addımlaması, ən mühümü, bölgədə əsas söz sahibinə çevrilməsi rahatsız edir.

– Ötən il Füzuli aeroportu açılan ərəfədə İran Azərbaycanla sərhədə hərbi texnika yığdı. Bu gün isə Zəngilan hava limanının açılışı ərəfəsidir. Füzuli aeroportunun açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Zəngilan hava limanının açılışında da onun iştirakı gözlənilir. Azərbaycanın öz ərazisində həyata keçirdiyi layihələr İranın əleyhinə olmasa da, rəsmi Tehranın qıcıq olması açıq şəkildə özünü göstərir. Sizcə, İranın məhz aeroport açılışları ərəfəsində Azərbaycanla sərhədə hərbi texnika yığmasını bir mesaj və ya təhdid kimi qəbul etmək olarmı?

– Zəngilan hava limanı Füzuli hava limamından sonra İranla sərhədyanı zonada açılan ikinci böyük nəqliyyat-kommunikasiya infrastrukturudur. Hava limanı nə deməkdir? Bunun əhəmiyyəti, sadəcə, sərnişin daşımaları üçün yeni xidmət növünün yaradılması ilə məhdudlaşa bilməz. Müasir nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması bölgəyə yeni investisiyaların gəlməsini təşviq edən əsas amildir. Çünki qlobal miqyasda fəaliyyət göstərən investisiya mərkəzləri yatırım edəcəkləri bölgələrdə magistral yolların, dəmir yollarının, eyni zamanda daha sürətli daşımalara imkan verən hava-nəqliyyatı insfrastrukturunun olub-olmamasına diqqət edərlər. Limanların işləməsi, uçuşların başlaması o deməkdir ki, müharibə artıq başa çatıb, təhlükə sovuşub, bölgədə yenidənqurma və bərpa işlərinə start verilib, maraqlı olan dairələr buyurub yatırımlarını edə bilər. Mesaj budur. Bu mənada istər Füzulidə olan, istər açılışı olacaq Zəngilan hava limanının əhəmiyyəti çox böyükdür. Başqa tərəfdən, hava limanı ölkənin poçt, rabitə-əlaqələndirmə kimi strateji hədəflərini də yerinə yetirən vasitələrdən biridir. Turizmin bölgəyə ayaq açması üçün hava limanları iş adamlarına əlavə bir stimul yaradır. Bunlardan da vacibi limanların həm də hərbi əhəmiyyətidir. Hər nə qədər də bölgəyə davamlı sabitliyin, təhlükəsizliyin, sülhün gələcəyini arzulasaq da, hər bir dövlət regional və qlobal miqyasda baş verəcək geosiyasi kataklizmlərə hazır olmalıdır. Hərbi-hava qüvvələrimizin, xüsusilə PUA-ların daha rahat və çevik idarə olunması baxımından mürəkkəb coğrafi şəraitə malik ərazilərimizdə, xüsusilə Zəngilan və Laçında hava limanı infrastrukturunun mövcudluğu vacib amil idi. Zəngilandakı isə, ötən il Füzulidə açılan hava limanı ilə birlikdə İranla sərhədyanı bölgədə açılan sayca ikinci hava limanıdır. Yəni strateji hədəf və vasitənin ikisini İranla sərhəddə açırıq və hər ikisinin açılışına da qardaş ölkənin Prezidenti Rəcəp Tayyib Ərdoğan gəlir. Bu, son dərəcə mühüm bir əlamətdir. Dosta güvən, düşmənə gözdağıdır! Türkiyə Prezidentinin gəlişi, heç şübhəsiz, həm də bir siyasi mesajdır. Bu mesajdan hər ölkəyə bir pay var. Ərdoğanın Qarabağa hər gəlişində İranın sərhəddəki hərbi təlimləri isə, Türk Birliyinə təhdiddir.

İran sərhədə qoşun yığmaqla bölgədə baş verən hadisələrdən kənarda qalmaq istəmədiyini nümayiş etdirir, bir növ, öz payını müəyyənləşdirmək üçün güc faktoruna üstünlük verir. Bununla da Azərbycana hədə-qorxu gəlmək istəyir, onu öz milli və strateji hədəflərindən çəkindirməyə çalışır. Fəqət İran bir həqiqəti unudur ki, Azərbaycan bu davada tək deyil və daha güclü, daha təsiredici silaha malikdir: Türk milli kimliyinə!  Bu gün dünyanın bütün beyin mərkəzlərinin də bildiyi və nəzərə aldığı bir fakt da odur ki, regionun əhalicə ən böyük etnik tərkibi türklərdir. Rusiyanı da, İranı da ən çox narahat edən budur. Hər iki ölkədə türk milli kimliyi əhəmiyyətli miqyasa malikdir və bunu gözardı etmək ağılsızlıq olardı. Azərbaycan cəmiyyəti, eləcə də Türk Dövlətləri Təşkilatında birləşən digər qardaş ölkələrin cəmiyyətləri bu həqiqətin gündəmdən çıxmaması üçün, bütün həlledici məsələlərdə əməkdaşlığın dərinləşdirilməsilə bağlı fəaliyyəti gücləndirməlidir.

– Əgər İranın məqsədi Azərbaycanı qorxutmaq cəhdidirsə, bu aspektdə Azərbaycan necə davranmalıdır? İran sərhəddə apardığı təlimlərlə bağlı rəsmi bəyanat verərək, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verdiyini açıqlayıb. Əgər İran həqiqətən ölkəmizə dostluq münasibəti göstərirsə, nəyə görə məhz Azərbaycan üçün əlamətdar sayılacaq günlərdə hərbi təlimlərə başlayır? İran Azərbaycanla münasibətində nə dərəcədə səmimidir?

– İranın Azərbaycana tək səmimi yanaşması var, o da qeyri-səmimiliyidir, reallıqları qəbul etməməsidir. Üzdə bir siyasət aparıb, pərdə arxasında düşmənçilik etmək mehriban qonşuluq prinsiplərinə ziddir. Bir yandan da, belə bir siyasi avantüranın bəzən aşkara çıxması, bizcə, daha çox işimizə yarıyır o mənada ki, düşmənlə üz-üzə olmaq arxadan alacağımız zərbələrdən daha yaxşıdır. Tehran da, Moskva da, elə Qərb paytaxtları da artıq bölgədəki Türk dövlətləri faktorunu hər mənada nəzərə almağı öyrənməlidirlər. Bu gün TDT timsalında öz qütbüzü yaradırıq və bundan müxtəlif güc mərkəzlərinin narahatlığı bizim həyati əhəmiyyətli hədəflərimizdən geri çəkilmək üçün əsas ola bilməz. Turan dünən xəyal idisə, bu gün ən ciddi perspektivdir! Biz hərbi-siyasi müttəfiqlərimizlə bölgədə baş verən hadisələri daim birlikdə təhlil edib, koordinasiya edib vahid mövqedən çıxış edərək münasibət sərgiləməliyik. Qardaş Türkiyə ilə imzaladığımız, Azərbaycanın təhlükəsizliyinə zəmanət verən Şuşa Bəyannaməsi bu planda bizə unikal imkanlar açır. Belə bir təcrübə digər türk dövlətləri arasındakı münasibətlər üçün də örnək ola bilər. Qara Dəniz hövzəsinə, Cənubi Qafqaza, Xəzər Dənizi hövzəsinə, eləcə də Mərkəzi Asiyaya davamlı sabitlik, təhlükəsizlik, iqtisadi tərəqqi yalnız bu bölgələrdə yerləşən dövlətlərlə hesablaşmaqla mümkün olacaqdır. ABŞ, Çin, Rusiya kimi qüdrətli dövlətlərin qlobal miqyasda qarşıdurmasında məhv olmayaq deyə, İran kimi insan hüquq və azadlıqlarına tüpürən, saxtakar və terrorizmi, narko-qaçaqmalçılığı, qanunsuz silah ticarətini dəstəkləyən ölkənin zaman-zaman təhdidləri ilə üz-üzə qalmayaq deyə, türk dövlətlərinin birliyi, sahib olduqları coğrafiyada hakim olmaları, Qızıl Alma hədəfi, Böyük Turanın yaranması xalqlarımızın sifarişi və çağın tələbidir. Bu tələbi gerçəkləşdirmək isə, bu gün bizim üzərimizə düşən ən başlıca vəzifədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button