Ölkə içi

Ramin Hacılının anasından I vitse-prezidentə ürəkağrıdan müraciət

Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri Ramin Hacılının anası Hürü Hacıyeva I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
JAMAZ.info xəbər verir ki, eyni məzmunlu müraciət Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə də göndərilib.
Hürü Hacıyevanın müraciətini təqdim edirik:
“Çox Mehriban xanım!
Mən Ramin Hacılının anasıyam. Oğlum hazırda həbsdədir. Onu nəyin üstündə həbs ediblər, bilmirəm. Ancaq onu bilirəm ki, Ramin heç vaxt dövlətinə, insanlara və vətəninə zərər verəcək iş tutmaz. Buna adım kimi əminəm.
Ramin uşaq olanda biz Füzuli rayonundan qaçqın düşdük. Həmin əzablı illərdə mən və atası ağır xəstəlik keçirdik. Mən asma xəstəsi, atası xərçəng oldu. Həmin vaxt 11 yaşı olan Ramin biz və özündən 2 yaş balaca qardaşına baxmaq üçün işləməyə başladı. Eyni vaxtda dərslərini də yaxşı oxuyurdu. Oğlum vaqonda böyüyüb, doyunca uşaqlıq yaşamayıb. Bu azmış kimi 10 ildən çox yataq xəstəsi olan atası dünyasını dəyişəndə Ramin çox böyük sarsıntı keçirdi. Həmin vaxt əmisini, 9 yaşlı bibisi oğlunu, nənəsini itirən övladlarım nə acılar yaşadı, bunu sözlə ifadə etmək imkansızdır. Həyatı həmişə əzablar içində olan övladımın nə evi, nə maşını, nə mülkü var. 2014-cü ildə ailə həyatı qursa da, hələ də kirayələrdə yaşayır.
Ramin ailəsinə baxmaq üçün bütün günü işləyirdi. 2018-ci ildə işləri birdən pisləşdi və həbs olundu. 2017-ci ildə verilmiş məhkəmə cəzası və təzyiqlər nəticəsində onun çoxlu borcu yaranmışdı. Cənab Prezidentimizin göstərişi ilə 2019-cu  ildə azadlığa çıxdı. Qardaşının, dostlarının, qohumlarının, yaxşı insanların sayəsində borcunun bir hissəsini qaytardı. Bütün günü işləyirdi. Arada yazığım gəldiyindən “bir az dincəl” deyirdim. Həmişə cavab verirdi ki, “ana dövlət mənə şans verib, özümü doğrultmalıyam”. Beləcə borclarını tam ödəyib qurtarmaq üzrə idi ki, onu yenə köhnə işə görə və müxtəlif bəhanələrlə həbs etdilər. İşi ilə tanış olan vəkilinin sözlərinə əsaslanaraq “müxtəlif bəhanələr” deyirəm. Ancaq 5-6 il əvvəlki işə görə Raminin yenidən, üçüncü dəfə istintaqa cəlb edilməsinə heç bir ad verə bilmirəm.
Əziz Mehriban xanım!
Raminin çox yaxşı tanıdığıma görə əminliklə deyirəm ki, Ramin heç vaxt dövlətinə və insanlara məqsədli şəkildə ziyan vurmaz, onu çox yaxşı tanıyıram. Bəlkə 10 dəfə o kimisə evə gətirib ki, “ana bu uşaq evsizdir, kirayə tapana qədər səninlə qalsın”. Onun dostları, tanışları mənə Raminin etdiyi o qədər yaxşılığı danışıblar, danışırlar ki, elə bilirəm, oğlum vəfat edib. Bir ana kimi məni başa düşəcəyinizə əmin olduğum üçün sizə bu müraciəti edirəm. Siz də anasınız, övladlarınız da xeyirxahdır, özünüz də. Ramin tutulan gün bizə xəbər göndərmişdi ki, “pişikləri həyətə buraxmışam, onları evə salın, yaxşı da baxın”. O balaca pişiklərin anasını maşın vurmuşdu, Ramin də balalarını gətirib evdə saxlayırdı. Necə ki, Sizin də övladlarınız humanist və xeyirxahdır, buna görə də onlarla fəxr edirsiniz, istərdim Raminlə də fəxr edəsiniz. Axı analar bütün balalarına qarşı rəhmli olur, onları qorumağa çalışır. Siz qazilərimizlə görüşdə doluxsunmuşdunuz. Şəhid ailələrinə, köməyə ehtiyacı olanlara necə qayğı göstərdiyinizi hər kəs bilir. Bunu bildiyim üçün sizdən xahiş edirəm, mənə kömək edin. Raminin gözləri çox zəifdir. Həkimi axırıncı dəfə demişdi ki, göz kanalları tutulur, dərman da yazmışdı. İndi dörd divar arasında gözləri çox zəifləyəcək deyə çox narahatam. Sizdən xahiş edirəm, mənim həbsxana yollarında qalmağıma, Raminin məhv olmasına imkan verməyin. Bir ana kimi mənə köməklik edəcəyinizə əminəm”.
Dərin hörmətlə 
Hacıyeva Hürü Yavər qızı
Ünvan: Bakı şəh. Nizami rayonu E.Süleymanov 139 (Vaqon-ev)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button