Ölkə içi

Qubad İbadoğlu: “Hakimiyyətdəki rus agentlər təmizlənməsələr, onlar əksini edəcəklər”

Tanınmış iqtisadçı, Azərbaycan Demokratik Rifah Hərəkatının lideri Qubad İbadoğlu Ermənistanın ölkəmizə atdığı “İsgəndər-M” raketləri və rəsmi Bakının Rusiyadan bununla bağlı izahat istəməsi məsələsinə maraqlı münasibət bildirib. JAMAZ.İNFO xəbər verir ki, ADRH-nin rəhbəri, həm də bundan sonra Bakının hansı addımlar ata biləcəyi ilə bağlı təkliflər verib.

O deyib ki, prezident İlham Əliyevin Rusiya Müdafiə Nazirliyinin “İsgəndər-M” raketi ilə bağlı məktubuna münasibətini dinləyib. “Rusiyanın bizi sayıb, sorğumuza cavab verəcəyinə inanmaq sadəlövlük olardı. Vaxtında Azərbaycan hakimiyyəti xalqı sayıb, onun sorğularına cavab versəydi, indi Rusiyadan boş yox, dolu məktub alardıq. Əslində Rusiya bizim sorğumuza cavab verməyib, onların cavabını yarımçıq deyil, boş adlandırmaq lazımdır”.

İbadoğlu bildirir ki, Rusiya həyasızcasına faktı inkar edir. “Görəsən, vaxtı ilə rus bayraqları ilə yürüş təşkil edənlər, bizlərin postlarına Rusiyanın xeyrinə  mövqe qoymağı təşkil edənlər və onun iştirakçıları baş verənlərdən utandılarmı? Onlarda utanan sifət yoxdur, yəqin hələ də Kremldən növbəti təlimatları gösləyirlər. Belə olan halda, nədən hakimiyyətin yüksək eşolonunda kök salmış müxtəlif çinli rus agentlərinə fəaliyyət imkanı verilməlidir? İlham Əliyev onları təmizləməsə, onlar əksini edəcəklər”.

Hərəkat lideri hesab edir ki, hazırda Putin Rusiyası hərtərəfdən təzyiq altındadır. “Qərbə gücü çatmayan, əksinə yığdığı kapitalına görə ordan asılı olan ruslar güclərini bizimkilərə göstərirlər. Miqrantları geri göndərəcəyini elan edib, Rusiyada yaşayan azərbaycanlılara təzyiqlərə başlayıblar. Bu təzyiqlər hərtərəfli qaydada və artan xətlə davam edəcək”.

Qubad İbadoğlu bütün bunlarla bağlı təkliflərini də açıqlayıb. O hesab edir ki, ilk olaraq yaxın günlərdə Azərbaycan və Türkiyə prezidentləri arasında, ya Ankarada, ya da Bakıda görüş təşkil olunmalıdır. “İkincisi, İlham Əliyev xalqa  Şuşaya “İsgəndər-M” raketi necə və nə vaxt, hardan atılmasına dair, eləcə də Xırdalana düşən raket barədə əlavə və tam  məlumat verməsi lazımdır”.

Onun bir başqa təklifi də odur ki, hakimiyyətin bütün eşalononlarında kök salmış rus agentləri qısa müddətdən səlahiyyətlərindən məhrum edilməlidir. “Onların həm mülki, həm də hərbidə idarəetmə qərarlarına təsirləri neytrallaşdırılmalıdır”.

Qubad İbadoğlu qeyd edir ki, bundan başqa, Qarabağda rus “sülhməramlı”larının planlaşdırdıqları hərbi tədbirlərə vaxtında və rəsmi etiraz bəyanatı verilməlidir. “Və hakimiyyət milli birlik və həmrəylik naminə davamlı və ardıcıl addımlar atmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button