Ölkə içi

“Q.İbadoğlu özünü ADR Hərəkatının sahibi kimi aparmağa başladı, mən bu idarəetməni qəbul edə bilməzdim”

Azərbaycan Demokratik Rifah Partiyası sədrinin sabiq müavini Səxavət Əlisoyun Qaynarinfo-ya müsahibəsi
 
– Bir müddət öncə ADR-dən istefanız qalmaqala səbəb oldu. Amma sakit də gedə bilərdiniz. Səsli-küylü getməyinizin əsas səbəbləri nə idi? 
– Bu məsələyə tam aydınlıq gətirmək üçün 8 il əvvələ qayıtmalıyıq. Bütün detallara varmayacam, əsas olanların üstündə dayanacağam. Qubad İbadoğlu ilə heç bir şəxsi ədavətim yoxdur, aramızda mübahisə belə olmayıb. 2014-cü ildə Müsavatın qurultayında başqanlığa namizəd idim. Qurultayda Arif Hacılının siyasi xəttini qəbul etmədiyimdən namizədliyimi geri götürüb, Qubad İbadoğlunu dəstəklədiyimi bəyan etdim. Qurultaydan bir müddət sonra professor Adil Qeybulla ilə bir mərkəz yaratdığımızı mətbuatda açıqladıq. Bu ərəfədə rəhmətlik Vurğun Əyyub, Qubad İbadoğlu və Müsavat Partiyasının keçmiş MNTK sədri İbrahim İbrahimli ilə görşürdük. Söhbətlərin birində təklif olundu ki, birləşib yeni bir siyasi qurum yaradaq. Bununla bağlı adı sadalananlarla çoxsaylı görüşlərimiz-müzakirələrimiz oldu. Sonda razılaşdıq ki, mərkəz yox, radikalizm və populizmdən uzaq konstruktiv müxalif qurum yaradılsın. Vurğun Əyyub, İbrahim İbrahimli və Adil Qeybulla Qubad İbadoğlunun təzə yaranacaq quruma sədrliyini təklif etdilər. Arqumentləri də bu idi ki, Qubad bəy gəncdir, xarici ölkədə ali məktəbdə dərs deyir, gənclərlə yaşlı nəsil arasında körpü rolu oynaya bilər, maddi durumu yaranacaq qurumu idarə etmək üçün yetərlidır və s. Çoxluqla razılaşmaq məcburiyyətində qaldım.
Təşkilatlanma dövründə, ilk qurultaya qədər ayrı-ayrı rayonlarda görüşlərimiz oldu, konstruktiv dəyirmi masalar təşkil olundu. ADR Hərəkat kimi elan olunduqdan az sonar İH-də təklif etdim ki, Hərəkat kimi fəaliyyət səmərə vermir, partiyaya çevrilmək lazımdır. Təklif qəbul olunmadı. İddia edirdilər ki, ADR də AXC kimi kütləvi hərəkata çevriləcək. Müavinlidkən istefa verdim və Qubad bəy xahiş etdi ki, istefamı mediada açıqlamayım. Özü açıqlayana qədər mən bu barədə danışmadım. Məclis üzvlüyündən imtina etdim və dedim ki, İH üzvü olmaq yetər, Məclisə gənclər seçilsin. Azərbaycan İctimai Səhiyyəsində İslahatlar Paketi hazırlayıb sosial şəbəkədə və qəzetlərdə müzakirəyə çıxardım… Vurğun bəy dünyasını dəyişdikdən sonra siyasi xəttdən kənara çıxıldığını gördüm. İH-nin yığıncaqlarında və Məclisdə dəfələrlə çıxış edib partiyanın konstruktiv xəttdən uzaqlaşdığını, sədrin vəd etdiyinin ziddinə olaraq, Bakıya dönməyəcəyini ifadə etdim, “Skayp” və “Votsap” vasitəsi ilə hərəkatı idarəetmənin effektsiz olduğunu vurğuladım. Verilən heç bir təklifin qəbul olunmadığını gördükdən sonra və eyni zamanda Qubad İbadoğlunun radikal paylaşımlara start verdiyini zərərli hesab etdiyim üçün bir müddət İH toplantılarına qatılmadım. Qubad İbadoğlu özünü artıq ADR Hərəkatının sahibi kimi aparmağa başladı və təbii ki, mən bu idarəetmə sistemini qəbul edə bilməzdim.
Qubad İbadoğlu
Hərəkatın partiyaya çevrilmə qurultayı ərəfəsində səhhətimlə bağlı bir müddət sosial şəbəkələrdən uzaq oldum və nə Qubad İbadoğlu, nə də İH-dən bir nəfər zəng edib qurultay keçiriləcəyi barədə məlumat belə vermədi. Qurultaydan bir gün sonra dostum zəng edib toplantının keçirildiyini və mənim İH-ində olmamağımın səbəbini soruşdu. Bu barədə mətbuata açıqlama vermədim. İdarə Heyətinin bəzi üzvləri ilə söhbət etdim. Aydın oldu ki, söhbət etdiyim İH üzvləri mövqe bildirməkdə zorlanırlar. Düşündüm ki, Qubad bəy özü əlaqə saxlayıb duruma aydınlıq gətirər. Bu da olmadı. Və mən istefa etmək barədə qərar verdim.
Elə buradaca hər kəsi vicdanı ilə baş-başa buraxaraq, aşağıdakı suala cavab istəyirəm: 2014-də Müsavatın qurultayında mənim, 2021-ci il ADR qurultayında Qubad İbadoğlunun hərəkətinin adı nədir? Mənim İH üzvləri olan eks müsavatçılar Adil Qeybullaya, Ellada Məmmədliyə, Arifə Hüseynliyə və Əlövsət Talışxanlıya bir neçə sualım var – sizlərdən kimsə 2014-də mənim və 2021-də Qubadın hərəkətinə qiymət vermək iqtidarındadır? Qubad bəy Londonda yaşayır, sizinlə “Votsap” vasitəsi ilə əlaqə saxlayır, qurum onlayn idarə olunur, o həm partiya sədri, həm Ali Məclis sədridir, Birinci müavin vəzifəsi də ləğv olunub. Bu tip idarərtmə sizin üçün məqbuldur? Adam siyasi supermendir? Belə bir idarəetmə sistemi Azərbaycanda daha hansı partiyada mövcuddur? Bu tip idarəetmə demokratiya ilə nə qədər uzlaşır? Tam əminliklə deyirəm ki, nə Qubad İbadoğlu, nə də adlarını çəkdiyim İH üzvləri bu suallara cavab verməyəcək. Səbəbləri mənə bəllidir. Vaxt gələcək açıqlayacam.
Aramızdakı məsələ şəxsi xarakter daşısaydı, səssiz-küysüz həll edərdik. Fəqət bu bir ictimai məsələdir. Cəmiyyətin bundan məlumatı olmalı idi. Kimin haqlı-haqsız olduğunu isə zamanın öhdəsinə buraxıram.
Qubad İbadoğlu 30 ilə yaxındır iqtisadi-statistika araşdırmaları ilə məşğuldur. O, peşəkar və məhsuldar QHT rəhbəri, uşaqlarına yaxşı gün ağlayan ailə başçısıdır. Bəlkə də dostlarının sevimlisidir. Amma Qubad İbadoğlu lider deyil və ola da bilməz. Lider üçün vaib olan nəsnələr onda yoxdur. O şüurlu həyatında yalnız iqtisadi statistika rəqəmləri araşdırıb, siyasət onluq deyil. Onu siyasətə rəhmətlik Vurğun Əyyub, Adil Qeybulla və İbrahim İbrahimli gətirdi. ADR-də mövcud idarəetmə sistemində olmaq bir rəzalətdir. Həkim Rüfət Əliyev İH üzvülüyündən 3 ay əvvəl niyə istefa etdi? Cəsarətləri varsa, bunu açıqlasınlar. Qubad İbadoğlunun özünü “xilaskar”, “dünya şöhrətli alim” kimi qələmə verməsi sadəlövhlərin və gerizəkalıların ağlına hesablanmış sadəcə, bir nağıldır. Vəssalam! Bu, mənim fikrimdir.
– 44 günlük savaşdan sonra ölkədə yeni reallıq yaranıb. Prezident İlham Əliyev Qarabağı qaytaran dövlət başçısı kimi xarakterizə edilir. Müxalifət onun qarşısına hansı arqumentlərlə çıxa bilər? 
– Zəfər prezident İlham Əliyevin reytinqini artıq əlçatmaz edib. Bu gün Mərkəzi Seçki Komissiyası tam olaraq müxalifət nümayəndələrindən təşkil olunsa belə, İlham Əliyev böyük fərqlə rəqiblərinə qalib gələcək. Az da olsa siyasətdən xəbəri olanlar bu fikirlə razılaşar. Uzun illər müxalif siyasətçilər və yazarlar (mən də daxil) prezident İlham Əliyevin bir qarış torpağı belə işğaldan azad etmədiyini dedik, yazdıq. 44 günlük savaşdan sonra işğaldakı torpaqların böyük bir qismi düşməndən geri alındı. O savaşda vuruşan, vətən üçün şəhid olan Azərbaycan əsgərinin Ali Baş Komandanı İlham Əliyev idi. Bunu kim və hansı məntiqlə inkar edə bilər? Prezidentin xarici siyasətində xırda detallara varmasaq, ciddi bir yanlışlıq görünmür. Hesab edirəm ki, gələcəkdə İlham Əliyevin yerinə kim keçsə, belə xarici siyasət kursunda önəmli dəyişikliklərə getməz. 10 milyonluq Azərbaycanın Kreml və Qərbə yönəlik siyasətinə, Qoşulmama Hərəkatındakı roluna, Türkdilli dövlətlər birliyində sərgilənən mövqeyə və xüsusən son zamanlar İranla bağlı gedişlərə obyektiv olan kəs kölgə salamaq fikrinə düşməz. Problem daxili siyasətdə, kadr siyasətində, korrupsiya və rüşvətdədir. Müxalifətin əlindəki “silah” yalnız bu. Dərd orasındadır ki, bu “silahdan” müxalifətin istifadə etməsi ciddi bir problemdir. Pərakəndə və zəif müxalifətin hakimiyyətə təsir gücü çox zəifdi. Hakimiyyətdən nə Qərbdə, nə də müsəlman coğrafiyasında kimsə xoşluqla əl çəkmək istəməz. Harada güclü müxalifət varsa, orada demokratik dəyərlərin bərqərar olması sayəsində qanunlar başda olur. Müxalifət zəif olanda, avtomatik olaraq qanunlar ayaq altında tapdalanır.
Biz bütün məsələlərdə iqtidarı suçlayırıq, ancaq öz zəifliyimizin nədənini müzakirə etməyi belə özümüzə rəva bilmirik. Bu günün reallığıdır, müxalifət barədə tənqidi fikir bildirmək bəlli bir kəsim tərəfində nizə ilə qarşılanır. Hər hansı bir qurumda tənqid mövcud deyilssə, “demokratiya uğurunda mübarizə aparıram” iddiası gülüncdür. Anlamaq lazımdır ki, cəmiyyətin tanıdığı 5 siyasi partiyanın 30 ildir bir araya gələ bilməməsinin səbəbini iqtidarda axtarmaq yanlışdır, kökündən yanlışdır.
– Müxalifətin birləşə bilməməsinin səbəbləri nədir?
– Mövcud müxalifətin birləşmə ehtimalı sıfıra bərabərdir. Hərdən dostlara deyirəm ki, Afrikada mozambiklinin dərisinin müəyyən mutagen proseslərdən sonra dəyişəcəyinə inanıram, amma bizim müxalifətin birləşəciyinə inanmıram. Nə üçün? Öncə siyasi partiyaların yaranma necəliyinə diqqət yetirin. Azərbaycanda siyasi partiyalar necə təşəkkül tapır? İdeoloji zərurətdən meydana çıxır? Əlbəttə, xeyr! Bizdə partiyalar xarizmaya görə yaranır, başqa sözlə liderlik iddiasına düşən şəxs partiya qurur və belə partiyaqurmada məqsəd yalnız siyasi mübarizədən ibarət olmur, şəxsi mənafe siyasi mübarizənin hər zaman önündə dayanır. Elə bu səbəbdəndir ki, Azərbaycanda müxalifəti politoloji təsnifata uyğun sıralamaq belə zor bir işdir. Kimin sağda, kimin solda, kimin də mərkəzdə, yaxud mərkəz-sağda dayandığını müəyyən etmək belə çətindir. Əvəzində hansı siyasi partiyanın kimə çalışdığını, patronun kim olduğunu asanlıqla aşkar etmək olur. Bu durumda kiçik, 5-10 nəfərdən ibarət olan partiyaların ən geniş strukturlara malik AXCP ətrafında birləşməsi mümkündürmü? Qeydiyyatdan keçmiş, yaxud keçməmiş hansı siyasi partiya sədri şəxsi mənafeyini arxa plana qoyub AXCP-yə birləşər? O sədrin boğazına qurğuşunu belə əridib töksələr, birləşməyə imza atmaz.
Azərbaycanda müxalifətin birliyinə mane olan yalnız və yalnız partiya sədrləri və onların ətrafındakılar. Kim düşünürsə ki, müxalif birliyi iqtidar dağıdır, səhv edir. Birliyə mane olan partiya sədrinin yekəxanalığı, təkəbbürü, nəfsinə yenik düşməsi və psixoloji problemləridir. Partiya sədrlərinin əksəriyyəti ilə münasibətim var, çörək kəsdiklərim var. Aralırında bilirsinizmi nə qədər “patoloji mənə” sahib olanı, fırıldaqçısı, qarınotaranı var? Kamera qarşısında mələk kimi görünmələri tanıyanlar üçün çox gülüncdür. Daxilən çox kasad olanların cəmiyyəti idarəetmək xülyasında olması gerçək bir mental anormallıqdı. Psevdopatriotizm, qeyri-səmimilik, tərifə aludəçilik, yalan üstünə yalan “istehsalı” bir çox partiya sədrinin həyat tərzidir. Mövcud partiya sədrlərinin əksəriyyəti rəhbəri olduğu partiyada tənqidi yaxına belə buraxmır. Bir partiya yetkilisi, ya sıradan bir üzv sədr barədə tənqidi fikir söyləsə, həngamə qopar. 25-30 ildir siyasi proqnozlar verən, fəqət bir proqnozu belə düz çıxmayan sədrlər var, ona çəkil postundan desən, səninlə düşmən olar. Artıq Azərbaycanda partiya sədri dövlət vəzifəlisi kimi görünür. Pis yaşamırlar. Hətta icra başçıları kimi yaşayanları da var. İqtidarın yenilənməsini istəyən müxalifətin özü öncə yenilənməlidir. İqtidarın demokratikləşməsini istəyən müxalifətin özü öncə demokratikləşməlidir. İqtidardan şəffaflıq tələb edən müxalifət öncə özündə şəffaflığı bərqərar etməlidi. Bir partiya sədrinin nümunə olaraq mal varlığını mətbuatda bəyan etdiyinin şahidi oldunuzmu? Nə qədər ki, bunlar baş vermir heç bir birləşmə də baş verməyəcək. Uduzan isə yalnız cəmiyyət olacaq.
İsa Qəmbər
– Bir müddət əvvəl mətbuatda belə məlumatlar yayıldı ki, Müsavatın sabiq başqanı İsa Qəmbər yenidən partiya sədrliyinə qayıdır. Bu məlumatlar haradan qaynaqlanır və İsa Qəmbərin başqanlığa qayıdışı perspektivini necə dəyərləndirisiniz?  
– İsa Qəmbərin başqanlığa qayıtması söhbəti Müsavat Partiyasının bu gün düçar olduğu acınacaqlı vəziyyətdən qaynaqlanır. Ömrünün bəlli bir kəsimini, sağlamlığını, işini bu partiyanın yolunda fəda etmiş çox sayda müsavatçı var ki, onlar təşkilatın bu qədər zəif duruma düşməsini qəbul edə bilmirlər. Bu insanlar partiyanın yenidən siyasi səhnədə aparıcı mövqe tutması üçün müzakirələr aparır və çıxış yolunu İsa Qəmbərin yenidən partiyanın başına keçməsində görür. İsa Qəmbər az-çox tanıyan birisi olaraq düşünürəm ki, o, özü belə indiki durumda ağır yükün altına girməz. Bir vaxtlar Müsavat digər siyasi partiyalardan reytinqinə görə çox-çox üstün idi. Bu üstünlük təkcə İsa Qəmbərin sayəsində deyildi. Yüzlərlə deyil, minlərlə fədakar partiya üzvü Müsavatın zirvədə qalması üçün böyük zəhmət çəkdi. Təəssüf ki, bir vaxtlar mənim də inandığım, lider hesab etdiyim İsa Qəmbər daxildəki çəkişmələrə rəğmən, partiyanın ciddi dağıntıya məruz qalacağını tam olaraq hesablaya bilmədi.
– Əgər İsa Qəmbər Müsavat Partiyasına yenidən sədr gələrsə, o zaman partiyaya qayıdarsınız? 
– İsa Qəmbərin yenidən qayıtmasına inamım azdır. Ancaq bura Azərbaycandır, hər şey ola bilər. Bu suala İsa bəyin qərarından sonra cavab vermək daha məntiqli olardı.
– Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra onun adı ətrafında ajiotaj yaradıldı və az qala Əli İnsanovu müxalifətin yeni lideri və prezidentliyə vahid namizəd kimi dəyərləndirdilər. Lakin son günlər İnsanov mövqeyini tam dəyişdi və iqtidarı tam dəstəklədiyini bəyan etdi. Fikrinizcə, bu nə ilə bağlı idi?
– Əli İnsanov məni vəzifədən siyasi mənsubiyyətimə görə azad edib. Onun barəsində həbsxanada olduğu zaman tək bir köşə yazdım, səhv etmirəmsə, “Azadlıq” qəzetində. Başlıq belə idi “Danış, Əli müəllim, danış”. Əli müəllim, məhkəmədə, həbsdən çıxandan sonra danışdı, amma danışmalı olduğunun cüzi bir hissəsini danışdı. O ağıllı, ciddi və praqmatik adamdır. Ancaq müxalifətə özünü lider qəbul kimi etdirə bilmədi. Əli İnsanov tam etirafla cəmiyyətin qarşısına çıxmalıydı, amma çıxmadı. İkincisi, Əli İnsanovun görüşdüyü müxalifət liderləri 30 illik mübarizə dostlarına güzəşt etmədiyi halda, ona necə güzəştə gedə bilərdi? O ağıllı adam olduğu üçün siyasi manevrlərindən sonra “əl yeri” də saxladı. Müxalifəti gördü, tanıdı və anladı ki, bura onluq deyil. Eyni zamanda, cəmiyyətin nəbzini də həkim olaraq düzgün tuta bildi. Bildi ki, “güvəndiyi” elektorat onun tərəfini tutmayacaq. Odur ki, “öz yuvasına” döndü. Ən azı ömrün qışını rahat yaşamaq üçün bu addım atılmalı idi və o, bunu etdi.
Əli İnsanov 
– Son zamanlar Naxçıvanın muxtariyyətinin ləğvi məsələsi aktiv müzakirə edilir. Bu barədə sizin fikirləriniz maraqlı olardı…
– Bu çox həssas bir məsələdir. Təəssüf ki, anti-Naxçıvan mövqedə olan bir kəsim çox da dərin düşünə bilmədiyi üçün radikal tədbirlərdən danışır, statusun ləğvini istəyir və s. Təbii ki, dövlət gərəkən nədirsə, onu da edəcək və əminəm ki, atılacaq addımlardan Naxçıvan camaatı qazanacaq. Naxçvanda idarəetmə sistemi mütləq dəyişilməlidir. O idarəetmə sistemi vətəndaş üçün deyil, rəiyyət üçündür. O sistem qorxu, vahimə yaradıb və bu mütləq aradan qalxmalıdır. Naxçıvan əhalisini polis cəngindən xilas etmək lazımdır. Orada öncə polis təpədən-dırnağa yenilənməli, polisin agentura şəbəkəsinin əməllərindən əhalinin canını xilas etmək lazımdır. O sistem təkcə sıravi insanlarda deyil, ziyalılarda belə mütilik yaradıb. Adamlar sadəcə, qorxurlar. Naxçıvanda adamların psixoloji durumu, onların hansı basqılar altında yaşadıqları inanıram ki, oradakı islahatlardan sonra Azərbaycan cəmiyyətinə bəlli olacaq. Və o zaman burada o bölgəni həzm etməyənlər naxçıvanlıların nə qədər miskin bir durumda yaşadıqlarına təəssüf edəcəklər. Bir az gözləmək lazımdır. Çox şeylər açılacaq, çox maskalar yırtılacaq hələ.
– YAP-ın tədbirinə müxalifətin qatılmasını bəziləri qıcıqla qarşıladı. Necə düşünürsünüz bu, normal protokol qaydası deyildimi? 
– Siyasətlə məşğul olandan vətəndaş həmrəyliyinin vacibliyini vurğulamışam. Dəfələrlə mətbuatda həmrəyliyin önəmi ilə bağlı yazılarım gedib. Müxalifət də cəmiyyətin bir hissəsidir. Vətəndaş həmrəyliyi bu gün də, sabah da, gələcəkdə də Azərbaycan üçün prioritet olacaq. Nə qədər ki, İran var, Ermənistan var, Rusiya var, biz bir olmaq məcburiyyətindəyik. Həmrəylik naminə edilən nə varsa, pozitivdir. Müxalifətin dövlət tədbirlərinə dəvət olması zəruridir. Sabah dövlət əhəmiyyətli tədbirlərə, bayram ziyafətlərinə müxalifət dəvət olunacaqsa, mən bunu alqışlayacağam. Nə dövlət müxalifətlə düşmən kimi rəftar etməli, nə də müxalifət dövlətələ düşmənçilik etməlidir. Dünyanın heç bir ölkəsində müxalifət dövlətlə zor müstəvisində danışmır və danışa da bilməz. Eyni xamanda sivil dövlətlərin heç birində müxalifətə yuxarıdan aşağı baxmırlar. Bu məsələdə qardaş Türkiyədən nümunə götürmək lazımdır.
– Niyə ölkədə yeni və fərqli siyasi təşkilatlar yaranmır? 
– Yeni və fərqli siyasi təşkilatı pulu olanlar yarada bilər. Yaxud zənginlərin dəstəyi ilə ağıllı adamlar yeni təşkilat qura bilər. Cibində siçan oynayanın qurduğu siyasi partiya deyil, özfəaliyyət dərnəyidir ki, bundan da artıq xalq bezib. Digər tərəfdən yanaşsaq, başqa bir mənzərə görəcəyik. Bayrağımızın rənglərini düşünün. Bu rənglər həm də o deməkdir ki, yeni qurulacaq hər hansı bir qurum dinlə, millətlə və çağdaşlıqla ilgili olacaq. Dövlət və millət olaraq inkişafımızın bu mərhələsində yeni bir qurum yaratmaq çətin məsələdir. Hələ ki, hakim ideologiya müsavatçılıqdır. Yeni yaradılan partiyalar var, amma bu partiyaların təşəkkül perspektivi çox azdır. Məsələn, REAL yarandı və o partiyanı yaradanların intellektual potensialının yüksək olmasına kimsənin şübhəsi yox idi. Ancaq 10-20, yaxud 100-200, lap belə 1000 tərəfdar partiya demək deyil axı. Türkiyənin siyasi partiyalarına nəzər yetirin. Nə qədər siyasi partiya olsa belə, səhnədə dinçilər, cumhuriyyətçilər və millətçilərdir. Orada da müəyyən zaman kəsimində partiyaların potensial səsi artıb-azalır. Lakin fərqli bir partiya gözə dəymir. Yeni qurulanlar ya böyük partiyalarla birləşir, ya da tədricən tarixin arxivinə atılır.
– Bilirik ki, siz həm də həkimsiniz. Azərbaycan səhiyyə sistemi həkimin gözündə necə xarakterizə edilir?
– Azərbaycanda səhiyyə sistemi barədə danışmaq qədər ağır bir şey yoxdur həkim üçün. Bu bir xəstə sistemdir və xəstə sistem cəmiyyətin sağlamlığını qorumaq iqtidarında ola bilməz. Təhsil, polis, vergi, gömrük sistemlərində vəziyyət necədirsə, səhiyyədə də elədir. Dövləti insan orqanizmi ilə müqayisə edin. Əgər qan-damar sistemi xəstədirsə, bu o demək ki, tənəffüs sistemi də normal işləmir. Başqa sözlə, dövlətin ayrıca götürülmüş bir sistemini sağlam vəziyyətdə tutmaq mümkün deyil. Azərbaycanda səhiyyənin iki başı var. Yəni Səhiyyə Nazirliyi var, üstəgəl İcbari Tibbi Sığorta – İTS sistemi yaradılıb. Müalicə-profilaktik müəssisələrinin bir qismi Səhiyyə Nazirliyində, bir qismi isə İTS-in nəzdində yaradılmış TƏBİB tabeçiliyindədir. İdarəetmədə qarma-qarışışq bir durum var. Nədən yaradıldığını normal dildə izah edən yoxdur.
– Türkiyə, Rusiyada qəpik quruşa olan dərmanlar niyə Azərbaycanda niyə bahadır? Dərman zavodu açmaq çətindir, tək ölkə bazarı kifayət etmir, amma problem də dərinləşir. Yod və s. ən adi dərmanlar belə apteklərdə tapılmır. Bir həkim kimi çıxış yolunu nədə görürüsünüz?
– Əhalinin dərman preparatları ilə təmin olunması tam olaraq dövlət nəzarətində olmalıdır. Sivil dövlətlər ərzaq təhlükəsizliyi ilə yanaşı dərman təhlükəsizliyinə də ciddi önəm verir. Azərbaycana dərman preparatlarının müxtəlif özəl şirkətlər vasitəsi ilə gətirilməsi həm qiymətlərin bahalılığı ilə nəticələnir, həm də sağlamlıq üçün təhlükəlidir. Yüksək inkişaf etmiş dövlətlər belə öz əhalisini 100 faiz dərmanla təmin edə bilmir. Lakin o ölkələr kənardan aldığı dərmanı xüsusi laborotoriyada tam ekspertizadan keçirdikdən sonra dövriyyəyə buraxır. Azərbaycanda digər sahələrdə olduğu kimi dərman ticarətində də monopoliya mövcuddur. Kifayət qədər saxta və keyfiyyətsiz dərmanlar satılır apteklərdə. Qəribə odur ki, bu monopolistlərin kim olduğunu parlament də tanıyır, hökumət də.
– Azərbaycanda nazirdən tutmuş fəhləyə qədər hamı müalicəyə xaricə gedir. Səhiyyəmizdə ən bahalı tibbi avadanlıqlar var. Amma Azərbaycan səhiyyəsinə insanlar etibar etmir. Səbəbləri nədir?
– Azərbaycan vətəndaşlarının başına tibb işçilərinin gətirdiklərini düşünəndə vicdanı olan həkim xəcalət çəkir. Həkim humanizmi, Hippokrat andı və s. populist deyimləri boş verin, bizdə xəstəyə əksər tibb işçiləri müştəri kimi baxır. İstər dövlət, istərsə də özəl xəstəxanalarda vəziyyət eynidir. Bəzi məşhur xəstəxanalarda isə (o xəstəxanaların kimlərin olduğu hamıya bəllidir) sadəcə, xəstələrin “dərisini soyurlar” və bundan hər kəsin xəbəri olsa da, əsla qarşısı alınmır. Bu anormallığın təzahüründə çox faktor rol oynayır, onlardan biri də həkimlərin aldığı cüzi maaşdır. Az maaş alan, aldığı maaş mədəsinin probleminə zorla çatan həkimdən humanistlik gözləmək absurd bir şeydir. Ən acınacaqlısı odur ki, bütün dövlət tibb müəssisələrinin qapısında “tibbi xidmət pulsuzdur” lövhəsi asılıb. Bu vətəndaşı tam olaraq ələ salmaqdır. Tibbi sığortası olanlardan əməliyyat üçün əlavə pul alınması da yalnız Azərbaycanda baş verir. Səhiyyə sistemində olan eybəcərliklərin mində birini dedim. Görünən odur ki, hələ uzun illər bu vəziyyət davam edəcək. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları kütləvi şəkildə İran, Rusiya, Türkiyə, Gürcüstan və nə vaxtsa, mümkün ki, hətta Ermənistan  klinikalarına axın edəcək. Sosial siyasətdə yazılmamış bir prinsip var: “Varlı kasıb üçün, sağlam xəstə üçün, gənclər qocalar üçün”. Azərbaycanda bu kardinal prinsip tərsinədir. Varlı kasıbı, cavan qocanı, sağlam xəstəni istismar edir. Səhiyyə sistemində aparılan islahatlar yetərli sayıla bilməz. İcbari Tibbi Sığorta sistemində çox ciddi problemlər mövcuddur. Xəstəxanaların oliqarx məmurların və zəngin adamların nəzarətinə keçməsi yolverilməzdir. Qonşu Gürcüstan səhiyyədə islahatlara gedərkən bu faktora ciddi önəm verdi. Bizdə isə, təəssüflər ki, hansı xəstəxananın qapısını açırsan oradan bir vəzifə sahibi çıxır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button