Ölkə içi

Polad Aslanov cəzaçəkmə müəssisəsində aclıq elan edib

1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan xeberman.com saytının təsisçisi və redaktoru Polad Aslanov iyulun 12-də ona qarşı təzyiqə etiraz əlaməti olaraq aclıq elan edib. Bu barədə Turan-a onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, “cəzaçəkmə müəssisəsinin administrasiyası digər məbuslarda onun əleyhinə fikir yaradır”.

“Pandemiya ilə əlaqədar məhbusların yaxınları ilə görüşləri qadağan edilib. Amma rüşvət verənlərə uzunmüddətli və qısamüddətli görüş icazəsi verirlər. Pulu olmayanlar buna etiraz edir. Məhbuslardan biri buna görə aclıq elan edib. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi hesab edir ki, onları Polad öyrədir və ona məhbusu aclığı dayandırmağa razılaşdırması üçün təzyiq göstərirdilər. Son nəticədə bu məhbusu ondan pul tələb edilmədiyi, nəzarətçi ilə mübahisəyə görə cəzalandırıldığı haqqında ərizə yazmağa məcbur ediblər”, deyə Gülmira Aslanova bildirib.

Artıq bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində guya nasoslar xarab olduğuna görə suyu kəsiblər, deyə o, sözünə davam edib. Məhbuslara isə deyirlər ki, su Polad ucbatından kəsilib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Aslanovun aclıq etdiyi, ona təzyiq göstərildiyi və məhbuslardan pul tələb edildiyi haqqında məlumat həqiqətə uyğun deyil.

“Polad Aslanova qarşı heç bir təzyiq yoxdur. Digər məhbuslardan olduğu kimi, ondan da daxili intizam qaydalarına riayət etməsi tələb olunur”, deyə idarənin nümayəndəsi bildirib.

Polad Aslanov fevralda, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ədalətsiz qərarından verdiyi şikayəti təmin etmədiyi zaman da aclıq elan etmişdi.

Xatırladaq ki, Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüquq-mühafizə orqanlarında korrupsiya haqqında materiallar dərc etdiyinə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button