Ölkə içi

Partiyalarla bağlı problemlər texniki xarakterlidir – Şura üzvləri iradlara cavab verir

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilməyə davam edir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib.

Ədliyyə Nazirliyindən bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Lakin Ədliyyə Nazirliyi tərəfindən irad göstərilən məsələlər siyasi partiyaların narazılığına səbəb olub. Bir sıra partiya rəsmiləri Nazirliyin siyahıları yoxlama prosesini tənqid edib.

Modern.az məsələ ilə bağlı Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlərinin fikirlərini öyrənib.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov Modern.az-a bildirib ki, siyasi partiyalar iradları ilə bağlı İctimai Şuraya hər hansı müraciət etməyib:

“Siyasi partiyalardan Ədliyyə Nazirliyi yanında İctimai Şuraya müraciət olunarsa, Ədliyyə Nazirliyinin müvafiq Baş İdarəsi ilə məsələləri müzakirə edib, araşdırmağa hazırıq. Məsələ orasındadır ki, partiyalara Ədliyyə Nazirliyi tərəfindən imtina gəlməyib. Nazirlik sadəcə olaraq siyasi partiyalara sənədlərə düzəliş etmək üçün vaxt verib. Bu vaxt ərzində üzvlərlə bağlı məlumatlarda yol verilən səhvlər aradan qaldırılmalıdır. Ədliyyə Nazirliyinin məlumat bazası var. Bəzən görünür ki, üzv orada vəfat edən şəxsdir. Bəzən şəxsin adı, soyadı doğru olduğu halda ata adı düzgün göstərilmir. Bu kimi texniki səhvlər var. Mən ümid edirəm ki, müəyyən düzəlişlər edilib, tələblərə əməl edildikdən sonra həmin siyasi partiyaların əhəmiyyətli hissəsi qeydiyyatdan keçəcək”.

S.Məmmədov vurğulayıb ki, üzvlərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün ən optimal yol telefon əlaqəsidir:

“Siyasi partiya üzvü olmaq seçkilər zamanı namizəd irəli sürmək üçün verilən imzadan bir qədər fərqlidir. Bu birdəfəlikdir. İmza atmaq ya bir şəxsin prezidentliyə, ya da deputatlığa namizəd olmasına razılıqdır. Burada isə söhbət siyasi partiya üzvü olmaqdan gedir. Burada daimilik var. Ona görə də, onun haqqında məlumat almaq qanunvericilikdə nəzərdə tutulub. İndi 30-40 partiya var. Ədliyyə Nazirliyinin də bu işə baxan bir neçə üzvü var da. Bunlar qapı-qapı gəzib, üzvləri yoxlamaq iqtidarında deyillər. Yeganə yoxlama vasitəsi telefondur. Bəli, bəzən olur ki, insan üzvlüklə bağlı imza atıb, ancaq bununla bağlı valideyninə, yaxud valideyn övladına məlumat verməyib. Telefon zəngi edildikdə ya valideyn, ya da övlad bu barədə məlumatlı olmadığını bildirir. Ədliyyə Nazirliyinin başqa üsulla bunu dəqiqləşdirmək yolu yoxdur. Ümid edirəm ki, bu məsələ texniki baxımdan səhv kimi götürülə bilər. Qeyd edilən nüanslara düzəliş edildikdən sonra məsələ həll olunacaq”.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın digər üzvü Əliməmməd Nuriyev isə söyləyib ki, Nazirliyin siyasi partiyaları yoxlamaq hüququ var:

“Siyasi partiyalar haqqında yeni qanunvericiliyə görə, siyasi partiya üzvlərini yoxlamaq Ədliyyə Nazirliyinin hüququdur. Onlar proqram təminatı da hazırlayıblar. Bu prosesi daha sürətlə aparsınlar. Bir partiya üzvü digər bir patiyanın üzvü ola bilməz. Onlar identifikasiya olunurlar. Bu zaman müəyyən nöqsanlar, uyğunsuzluqlar aşkar olunub. Bəzi partiya üzvlərinin başqa partiyada adının olması, bəzilərinin isə məlumatlarında natamamlıq üzə çıxdı. Bu zaman 30 gün vaxt verilir ki, bu nöqsanlar aradan qaldırılsın. İnanıram ki, siyasi partiyalar təqdim edilən bu nöqsanları aradan qaldıracaqlar”.

Ə.Nuriyev qeyd edir ki, nöqsanlar texniki məsələlərlə bağlıdır, çatışmazlıqlar anlaşılmazlıqların nəticəsində olub.

“Bəzi partiyalar qeyd edirlər ki, telefonla bağlı məsələ müəyyənləşdirilmiş siyahıda yoxdur. Onlar bunu bilməyiblər. O məsələlərə dəqiqlik gətiriləcək. Mənə elə gəlir ki, burada heç bir problem olmayacaq. 30 gün ərzində yenidən qeydiyyatdan keçmək üçün müraciət edən siyasi partiyalar tezliklə qeydə alınacaq. Proqramla bağlı isə heç bir irad yoxdur. Proqram Azərbaycan qanunlarına uyğundur.

Bəzi siyasi partiyaların açıqlamasına baxsaq, görərik ki, onlar oxşarlıq olduğu halda ehtiyyatda olan siyahıları təqdim edəcəklərini deyirlər.  Siyasi partiyaların  böyük əksəriyyətinin təqdim etdiyi siyahıda  tələb olunan üzv sayı 4500-dən çoxdur. Eyni zamanda ehtiyyat siyahıları vardır. Biz tezliklə siyasi partiyaların yenidən qeydiyyatının şahidi olacağıq”.

O qeyd edib ki, siyasi partiyalar qeydiyyat məsələləri ilə bağlı İctimai Şuraya müraciət etməyiblər:

“Azərbaycanda əlbəttə ki, siyasi plüralizm çox vacibdir. Siyasi partiyalar haqqında yeni qanun da bu məsələləri tənzimləyir. İctimai Şuraya məsələ ilə bağlı müraciət olunmayıb. Müraciətlər iki qayda da olur. Birinici onlar bu iradları və rəylərdə göstərilən nöqsanları aradan qaldırmaqla bağlı fəaliyyəti həyata keçirirlər. Bundan sonra mövcud iradları təqdim edirlər. Eyni zamanda hesab etsələr ki, bu iradlar birbaşa prosesi ləngidir, onlar məhkəməyə də müraciət edə bilərlər. Siyasi partiyalardan hər hansı formada Ədliyyə Nazirliyi yanında İctimai Şuraya müraciət daxil olmayıb. Müraciət daxil olarsa, müvafiq strukturlara müraciət edə bilərdik. Ancaq yenə deyirəm ki, iradların böyük hissəsi texniki xarakterlidir. Texniki xarakterli iradlar da elə böyük əhəmiyyət daşımır. Onu aradan qaldırmaq mümkündür. Siyasi partiyaların buna həm gücü, həm də şəraiti var. Əlbəttə, hər hansı partiyanın yetərli qədər üzvü yoxdursa, həmin siyasi partiya mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərə bilməyəcək. Siyasi partiyalar artıq bütün gücləri ilə səfərbər olublar. Onlar tezliklə iradları aradan qaldırıb özlərinin yeni siyahılarını təqdim edəcəklər. Azərbaycan dövlətinin də marağı ondadır ki, ölkədə və cəmiyyətdə siyasi plüralizm olsun. Siyasi plüralizmin olması Azərbaycan konstitusiyasının müddəasından irəli gələn məsələdir. Bizim cəmiyyətimiz prülaristik və demokratik cəmiyyətdir. Ona görə də çoxsaylı siyasi partiyaların olması, bütövlükdə dövlətimizin, eləcə də insan hüquq və azadlıqlarının əsas məqsədlərindən biridir. Çünk siyasi partiyalarda birləşmək azadlığın əsas mühüm şətlərindən biridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button