Ölkə içi

Oğlu: “Saleh Rüstəmli aclığının 10-cu günündə sudan da imtina edəcəyini deyir”

Keçmiş icra başçısı məhkəmə qərarına etiraz edir
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmlinin dörd gündür aclıq aksiyası keçirdiyi bildirilir.
O, üç il yarım öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımında ittiham edilərək həbs olunub.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Saleh Rüstəmli heç bir cinayət törətmədiyi halda həbsdə saxlanmasına, sifarişli məhkəmə qərarıyla bacı-qardaşının əmlaklarının, o cümlədən yarım əsrə yaxın yaşı olan ata evinin müsadirə olunmasına etiraz olaraq aclıq edir.
Sabiq icra başçısı aclığa başlayandan sonra saxlandığı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Noyabrın 8-də vəkili Bəhruz Bayramov Müalicə Müəssisəsində Saleh Rüstəmli ilə görüşüb.
Vəkil bildirib ki, görüş zamanı hüquqlarını müdafiə etdiyi şəxsdən aclığı dayandırmasını dəfələrlə xahiş edib, lakin onu fikrindən daşındıra bilməyib.
Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov da atasının aclığı davam etdirməkdə israrlı olduğunu bildirib: “Aclığı qətiyyən dayandırmayacağını, qərarında israrlı olduğunu deyib. 10 gün sonra sudan da imtina edəcəyini bildirib. Deyib ki, hər iki halda, azad ediləcək: ya ölü, ya diri…”
Oğlunun sözlərinə görə, Saleh Rüstəmli aclığın nəticə verməyəcəyi barədə ona deyilənlərə belə cavab verib: “Lap yaxşı, qoy insanlar görsün ki, heç nəyin xeyri yoxdur, hətta insanların bu ölkədə aclıq edib ölməyi də bir şeyə təsir etmir…”
Saleh Rüstəmlinin aclıq etməsi barədə deyilənlərə Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button