Ölkə içi

Naxçıvana ucuz qiymətə uçmaq mümkün olacaq

Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması məqsədəuyğundur.

Jamaz.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Eyni zamanda, əlavə olaraq yalnız hava yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərin geri qayıdarkən həmin Ticarət Mərkəzindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) mal alıb gətirə bilmələri üçün hədlərin və şərtlərin müəyyən edilməsi təklif olunur. Ticarət Mərkəzinin yaradılması Bakıdan və Azərbaycanın digər bölgələrindən insanların alış-veriş üçün Naxçıvan Muxtar Respublikasına hava yolu ilə səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaq. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmalarının təşkil edilməsi də ticarət məqsədilə Naxçıvan Muxtar Respublikasına gələnlərin sayının artmasına əhəmiyyətli dəstək verəcək.

Zəngəzur dəhlizi açıldıqdan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi ilə Naxçıvan Muxtar Respublikasının əhalisi arasında qarşılıqlı ticarət və səfərlər üçün imkanlar yaranacaq, güzəştlərin quru yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən edilən səfərlərə tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq.

Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, yerli istehsalın maya dəyərinin azalmasına və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, habelə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə işgüzar əlaqələrinin güclənməsinə kömək edəcək.

Ticarət qovşağının olması həm də Naxçıvan Muxtar Respublikasında törəmə sahələrin (kafe və restoran, əyləncə mərkəzləri, otellər) yaranmasına və inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button