Ölkə içi

İtkin leytenantdan 90 gündür xəbər yoxdur

90 gündən çoxdur ki, Füzuli döyüşlərinin iştirakçısı leytenant Əli Yusifovdan xəbər yoxdur. Bu barədə məlumatı “Toplum TV”-yə hərbçinin atası Suləddin Yusifov verib.
O deyir ki, oğlu Beyləqanda leytenant kimi xidmət göstərirmiş. Sentyabrın 27-dən müharibədə iştirak edib. Axırıncı dəfə oğlu ilə oktyabrın 3-də danışıblar, ondan sonra əlaqələri kəsilib: “Oktyabrın 3-ü nişanlısına zəng edib danışıb. O gündən bu günə bir xəbər ala bilməmişik. Gah dedilər əsirdir, gah dedilər yaralıdır. Hərədən bir söz eşitdik. Rəsmi olmayan, onun bunun ağzından”. 
Suləddin Yusifovun sözlərinə görə, hərbi hissə komandiri oğlunu sonuncu dəfə döyüş zamanı görüb: “Komandirin dediyinə görə, oğlumu axırıncı dəfə döyüş vaxtı yaralı əsgərin yarasını sarıyanda görüblər, daha sonra ora qayıdanda nə yaralı əsgəri, nə də mənim oğlumu tapıblar. Yox olublar onda? Əsir düşüblər də, bundan artıq nə olar bilər ki? Yerdə yox, göydə yox, Füzuli bizdə, Qubadlı bizdə, hər yer bizdə. Yox olubsa deməli əsir düşüb”.
Ata Əli Yusifov barəsində Qırmızı Xaç Komitəsinə müraciət etdiyini, ancaq indiyədək heç bir məlumat almadığını bildirir.
Şərur rayonunda yaşayan S.Yusifov həmçinin ordunun Naxçıvan korpusuna və Müdafiə Nazirliyinə müraciət edib: “Oktyabrın 15-də Naxçıvan korpusundan mənə dedilər ki, sizin uşaqdan məlumat almışıq, sağdır. Ondan sonra bir dəfə də getdim, dedilər ki, sağdır. Üçüncü dəfə gedəndə dedilər, məlumat yoxdur, biz də gözləyirik. 
Bakıya, Müdafiə Nazirliyinə müraciət etdim. Ordan da mənə dedilər ki, sizin uşaqdan oktyabrın 29-na qədər məlumat almışıq. Tərbiyəvi işlər üzrə komandir müavini deyir, oktyabrın 3-dən Əlidən xəbər yoxdur. Müdafiə Nazirliyi isə deyir ki, oktyabrın 29-na qədər uşaqdan məlumat almışıq. Adam çaş-baş qalır. Biri 3-ü deyir, biri 29-u. Kimə inanasan?” 
Ata Naxçıvanda və Füzulidə DNT testi verib. “Çox şükür ki, indiyə qədər pis xəbər almamışıq. Füzulidə dedilər ki, pis xəbər olmasa, sizə zəng gəlməyəcək”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumatı şərh etmir.
“Zəhmət olmasa, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar üzrə dövlət komissiyasına müraciət edin. Bu işlərlə komissiya məşğul olur” – MN rəsmisi belə deyir.
Komissiyanın əməkdaşı isə “Toplum TV”-nin sualına belə cavab verir: “Mənim mətbuat nümayəndəsinə məlumat vemək səlahiyyətim yoxdur. Zəhmət olmasa, itkin düşmüş şəxsin ailə üzvlərindən biri zəng etsin, məlumat verək”.
S.Yusifov Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədova da müraciət edib. Onun sözlərinə görə, E.Səmədov oğlunun adının itkinlər siyahısında olduğunu və yaxın günlərdə onunla bağlı məlumat verəcəklərini bildirib.
Əli Yusifovun taleyi haqqında “Toplum TV”-nin sualını Eldar Səmədov da şərh etmir və sualları qurumun elektron ünvanına göndərməyi və ya 8161 qaynar xəttinə zəng vurmağımızı istəyir. Qaynar xəttə əlaqə saxladıqda bunları eşidirik: “Hörmətli abunəçi, yığdığınız nömrə mövcud deyil”.
“Toplum TV”-nin elektron poçta göndərdiyi müraciət də cavabsız qalıb.
Suləddin Yusifov isə inanır ki, oğlu salamatdır və ölkə prezidenti onu əsirlikdən qurtaracaq: “Yuxumda görmüşəm, əsirəm, məni qurtarın deyirdi. Mən inanıram ki, cənab prezidentin özünün də məlumatı var bu işdən və leytenantı orda qoymaz”.
 
Şəhla Kərimli

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button